Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

«Birdəfəlik desinlər ki, Azərbaycanda təhsil pulludur»


Etibar Əliyev
Etibar Əliyev
- Oğlum 420 balla Bakı Dövlət Universitetinə qəbul olub. Mənə bildirirlər ki, təhsil haqqını avqustun 17-nə qədər gətirməsəm, oğlumun nəticələri ləğv olunacaq. Mən 800 manatı düzəldə bilmirəm. Ümumiyyətlə, dövlətin təhsil müəssisələrində ödənişli təhsil nə deməkdir, mən bunu anlamıram.

Bu sözləri Bakı sakini Elçin Abdullayev deyir. Elçinin sözlərinə görə, media orqanlarından birində çalışır və çox aşağı əməkhaqqı alır. Ona görə də tələb olunan zamanda təhsil haqqını verməyə çətinlik çəkir:

- Problem ondadır ki, Azərbaycan məktəbləri normal təhsil vermir. Biz məcburuq ki, yuxarı siniflərdə uşaqlarımıza repititor tutaq. Bütün qazancımız repetitorların haqını ödəməyə gedir. Belə olmasaydı, bəlkə də təhsil haqqı üçün pul yığmaq mümkün olardı. Bahalı repititorlar isə varlı insanların uşaqlarına dərs dediklərindən nəticədə ödənişsiz yerləri də məhz onlar tutur.

«BU, NECƏ OLUR?»

Fərid Kərimov isə məcburi köçkün olduğu halda Bakı Biznes-Kooperasiya Kollecinə qəbul olan qızı üçün təhsil haqqı ödəməyə məcbur olduğunu deyir:

- Məcburi köçkünlər ali və orta ixtisas məktəblərində təhsil haqqından azaddır. Ancaq bu gün övladım üçün tələbə bileti almaq istəyəndə mənə dedilər ki, mütləq təhsil haqqını köçürməyim haqda qəbz verməliyəm. Özü də təhsil haqqını 800 manata çatdırıblar. Bu, necə olur - dövlət universitetinin yüksək ixtisaslarında da kollecdə də eyni məbləğdə təhsil haqqı təyin olunur?

Bakı Biznes və Kooperasiya Kollecindən «Azadlıq» radiosuna bildiriblər ki, artıq 2 ildir məcburi köçkünlər üçün güzəştlər götürülüb:

- Bura təsərrüfat hesablı müəssisədir. Kollec «Azərittifaq»ın balansındadır. Artıq 2 ildir ki, işğal olunan torpaqlardan qaçqın və məcburi köçkün düşən vətəndaşlar üçün bütün güzəştlər ləğv olunub.
Təhsil Nazirliyi
Fakultələrin əyani şöbələrində təhsil haqqı 800-900 manat arasındadır. İstisnasız olaraq ödənişli fakultələrə qəbul olan hər kəs təhsil haqqını ödəməlidir.

«BİRDƏFƏLİK DESİNLƏR Kİ, AZƏRBAYCANDA TƏHSİL PULLUDUR»

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, özəl ali məktəblər bir neçə ildir məcburi köçkünləri təhsil haqqından azad etmir. Baxmayaraq ki, onların belə bir imkanı var:

- Qanunla onlar ödənişli ixtisaslara qəbul olunanların 10 faizini təhsil haqqı verməkdən azad edə bilərlər. Ancaq bunu etmirlər. Bu il BDU-nun hüquq fakultəsinə ödənişsiz 60, ödənişli 140 yer var. Tibb Universitetinin müalicə profilaktika fakultəsinə 100 ödənişsiz, 380 ödənişli yer var. Birdəfəlik bildirsinlər ki, Azərbaycanda təhsil pulludur. Belə çıxır ki, 600 bal toplayıb təhsil haqqı ödəyə bilməyən tələbənin yerini 380 bal yığıb təhsil haqqını ödəyən tələbə tutacaq. Bu qədər savadsız kadr nəyə gərəkdir?

Etibar Əliyevin fikrincə, bütün hallarda ali məktəblər yüksək nəticə göstərən tələbələrə təhsil haqqını ödəmək üçün vaxt verməlidir. Ən doğrusu isə bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi dövlətin təhsil üçün kreditlər ayırmasıdır.

TƏHSİL NAZİRLİYİ SUSUR


Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə və Ali məktəblərlə iş şöbəsinin müdiri İlham Pirməmmədov telefon zənglərimizə cavab vermədi. Qəbul mövsümünün qaynar çağı olmasına baxmayaraq, Təhsil Nazirliyinin Ümumi şöbəsindən bildirirlər ki, məsələ ilə birbaşa məşğul olan şəxslər məzuniyyətdədirlər.

Azərbaycan bankları isə artıq təhsil krediti üzrə layihələrə başlayıb. Banklardan birində menecer olaraq çalışan Fərid Kərimli deyir ki, ötən ildən başlayaraq tələbələrə təhsil krediti verilir. Kredit almaq üçün tələbənin yaxın qohumları dövlət müəssisəsində işləmələri və əmək haqları ilə bağlı arayışı banka təqdim etməlidir. Kredit 34 faizlə 18 ay müddətinə verilir. Məbləğ birbaşa ali məktəbin hesabına köçürülür.
XS
SM
MD
LG