Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:36

«Ədliyyə Nazirliyi kiminsə əvəzindən sənəd düzəldən deyil ki?»


Mübariz Qurbanlı
«O nizamnamə ilə ki başqa QHT-ləri təsdiq ediblər, bizə çatanda etmədilər. Necə olur ki, Azərbaycanda bir qanun müxtəlif adamlara müxtəlif cür şamil edilir».

SÜNİ ƏNGƏLLƏR YARADILMASI ƏSLİNDƏ YENİ ŞEY DEYİL

Kürdəmir rayon qadın hüquqları müdafiə cəmiyyətindən Lətafət Məlikova bu yaxınlarda AzadlıqRadiosuna zəng edib Ədliyyə Nazirliyinin onların təşkilatını qeydiyyatdan keçirməməsindən gileylənmişdi.

Ümumiyyətlə, Azərbaycanda QHT-lərin qeydiyyata alınmasına süni əngəllər yaradılması barədə deyilənlər əslində yeni bir şey deyil. Ancaq adını və fəaliyyətini rəsmiləşdirmək –yəni sivil ölkələrdəki kimi mövcud olmaq istəyənlərin artıq bu problemə qarşı birləşmə cəhdləri deyəsən yeni bir şeydir.

Adı Ədliyyə Nazirliyinin kitabına düşməyən bəzi QHT-lər bunu qərəzçilik kimi qiymətləndirirlər. Ona görə də narazılar problemlərini çözmək üçün koalisiya yaradırlar. İdeya hələ təzəcə ayaq tutmağa başlasa da, ona can başla qoşulmağa hazır olanlar az deyil.

1 ildən artıqdır Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilməyən və buna görə də məhkəməyə müraciət edən «Regional Əməkdaşlıq və İcmaların İnkişafı Mərkəzi»nin rəhbəri Teyyub Mirqasımov deyir ki, məhkəmələr də eyni qaydada bəhanələr gətirərək onların müraciətinə baxmaq istəmirlər. Ona görə də qeydiyyata alınmayanların birləşməsinə ehtiyac var:

«Qeyri Hökumət Təşkilatları Haqqında qanuna dəyişikliklər edildiyi ərəfədə QHT-lər çox aktiv şəkildə bu prosesə qoşuldular, etiraz elədilər və biz bunun yaxşı nəticəsini gördük. Hesab edirəm ki, o coşqu ilə addımlar atılsa, ola bilsin ki, bu işdə bir dəyişiklik yarandı».

MÜBARİZ QURBANLI HESAB EDİR Kİ, DEYİLƏNLƏR DOĞRU DEYİL

Ədliyyə Nazirliyinin müvafiq şöbəsi və mətbuat xidmətindən məsələyə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsindən deputat Mübariz Qurbanlı isə deyir ki, sənədləri qaydasında olduğu halda kiminsə qeydiyyata alınmamsı mümkün deyil. Ədliyyə Nazirliyinin bu sahədə əngəl yaratmadığına sübut kimi ölkədə qeydiyyatdan keçmiş minlərlə QHT var.

Mübariz Qurbanlı hesab edir ki, kiminsə düşünülmüş şəkildə qeydiyyata alınmaması barədə deyilənlər doğru deyil:

«Əgər kimisə qeydiyyatdan keçirməyiblərsə bununla bağlı qanuni şəkildə tədbirlər görə bilər. Amma koalisiya yaradıb, birləşib nəsə etmək, bundandısa öz sənədlərini qaydasına salmaq lazımdır. Ədliyyə Nazirliyi kiminsə əvəzindən sənədləri düzəldən deyil ki?»

İntiqam Əliyev
Mübariz Qurbanlıya görə, qeydiyyata alınmayan varsa, deməli onların sənədləri qaydasında deyil.

ÜMİD QALIR CƏMİYYƏTİN ÖZ TƏPKİSİNƏ

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyir ki, şəxsən o bir neçə QHT-nin qeydiyyat problemi ilə məşğuldur. Son dövrlər məhkəmələr müxtəlif bəhanələrlə qeydiyyatla bağlı müraciətlərə baxmaqdan imtina edirlər. Ancaq bütün hallarda haqqı pozulan vətəndaşlar məhkəmələrə müraciət etməlidirlər. Çünki hətta məhkəmələr qanunsuz qərar versələr belə, həmin vətəndaşların o işləri Avropa İnsan Hüquqları Məhkəməsində udmaq şansları çox böyükdür.

«Məlumata görə qeydiyyata alınmayan təşkilatlar birləşib koalisiya yaradıblar. Bu ictimai maraqların müdafiəsi baxımından əhəmiyyətlidir. Və mən əminəm ki, həmin təşkilatlar bu istiqamətdə fəaliyyət göstərəcəklər. Çünki Azərbaycanda birləşmək hüququ vəziyyətinin hökumətin dediyi kimi normal olduğu fikrini dağıtmaq lazımdır».

İntiqam Əliyev bildirir ki, 2007-2008-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsi birləşmək hüququnun pozuntusu ilə bağlı Azərbaycan hökumətinin əleyhinə 4 qərar verib. O hesab edir ki, özünə hörmət edən dövlət bu qərarlardan sonra birləşmək hüququ sahəsində uzun illər mövcud olan qüsurlu praktikanı dəyişməli idi. Amma bu baş vermədi. İntiqam Əliyev də deyir ki, ümid qalır cəmiyyətin öz təpkisinə.
XS
SM
MD
LG