Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

ABŞ-da hər oxuyandan «Saakaşvili» olmaz


Təhsil Nazirliyinin saytındakı tələbələr bölümündə bir neçə nəfərin ABŞ-da bakalavr təhsili aldığını müəyyənləşdirdik
Təhsil Nazirliyinin saytındakı tələbələr bölümündə bir neçə nəfərin ABŞ-da bakalavr təhsili aldığını müəyyənləşdirdik
«ABŞ-da bir universitetə qəbul olunmuşdum, ikinci magistraturaya, elə bilirdim ki, dövlət proqramı çərçivəsində gedib oxuya biləcəm, amma belə olmadı».

Adının çəkilməsini istəməyən müsahibimiz bakalavr və magistratura təhsilini də xarici ölkələrdə dövlət hesabına alıb. İxtisasca iqtisadçı olan bu şəxs deyir ki, Təhsil Nazirliyində ona ABŞ universitetlərinə ərizə qəbulunun dayandırıldığını deyiblər.

«Adnan Hacızadə və Emin Milliylə bağlı qalmaqaldan sonra hökumət ABŞ-a oxumağa tələbə göndərmək istəmir» - deyən müsahibimizin dövlət dəstəyi olmadığından mükəmməl təhsil arzusu yarımçıq qalıb, o, Birləşmiş Ştatlara oxumağa gedə bilməyib.

Bəzi məlumatlara görə isə, yuxarı hakimiyyət dairələrində çoxdan «ABŞ-a göndərilən tələbə Saakaşvili olub qayıdacaq» fikirləri səslənir və indi qeyri-rəsmi şəkildə okeanın o tayına tələbə göndərişi dayandırılıb. Bu məlumatların həqiqət olub-olmadığını öyrənmək üçün Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsiylə əlaqə saxladıq. Hazırda «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı» çərçivəsində ərizə qəbulu aparılır. Ərizələrin qəbulu avqustun 20-də başa çatacaq. Amma bu dəfə bakalavr pilləsi üzrə təklif olunan ölkələr arasında ABŞ yoxdur. Təhsil Nazirliyinin sözügedən şöbəsindən bildirdilər ki, nəinki bu il, heç əvvəllər də bakalavr pilləsi üçün ABŞ seçilməyib.

Amma Təhsil Nazirliyinin «http://xaricdetehsil.edu.gov.az» saytındakı tələbələr bölümündə biz bir neçə nəfərin ABŞ-da bakalavr təhsili aldığını müəyyənləşdirdik. Onlardan 2008-ci ildə Pittsburq Universitetinə daxil olan Vüsal Babaşov təhsilini 2013-cü ildə başa vuracaq.

«KVOTA» BİTİB

Bəs ABŞ ali məktəblərində magistraturaya ərizə vermək olarmı? Təəssüf ki, yox. Çünki «kvota» dolub. Bu haqda Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsindən bildirdilər:

- Kvota dolub. Yer yoxdur.

Söhbət hansı «kvota»dan gedir? Bir halda ki, hələ seçim aparılmayıb, ərizə qəbulu davam edir, müsabiqə necə yekunlaşıb? Təəssüf ki, bu sualların da cavabını ala bilmədik.

ABŞ-dan HƏM DƏ HAKİMİYYƏTPƏRƏST QAYITMAQ OLAR

Qayıdaq «Saakaşvili» məsələsinə. Doğrudanmı, ABŞ-da hər təhsil alan «Saakaşvili» ola bilər? Hüquqşünas Erkin Qədirlinin fikrincə, söhbət təhsil sistemindən gedirsə, Azərbaycan mükəmməl bilik üçün xaricə tələbə göndərməyi nəinki azaltmalı, hətta artırmalıdır. Amma onun fikrincə, yüksək təhsil almaq heç də demokratik təfəkkür sahibi olmaq demək deyil:

- Bilik vacibdir. Amma biliklə azadlıq arasında səbəb-nəticə əlaqəsi yoxdur. Mən o qədər gənc tanıyıram ki, ABŞ-da təhsil alıblar, amma hakimiyyəti dəstəkləyiblər.

Bəs Adnan Hacızadə və ya Emin Millinin yolu ABŞ-a düşməsəydi, onlar yenə də azad, demokratik təfəkkür yiyəsi olardılarmı? Erkin Qədirli:

- Onlar ABŞ-a oxumağa getməmişdən qabaq bu düşüncənin yiyəsiydilər, azadlıqsevər insanıydılar. Azərbaycanda o qədər sovet təhsili almış adamlar var ki, totalitar hakimiyyətlə mübarizə aparırlar.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin rəhbəri Ceyhun Kərəmov isə deyir ki, Birləşmiş Ştatlarda təhsil alan gənclər öz ixtisaslarında peşəkar kimi yetişirlər. Yəni dövlət ya özəl sektorda çalışmalarına baxmayaraq, vəzifələrinə peşəkar yanaşırlar. Amma digər məsələlər isə fərdi xarakter daşıyır.
XS
SM
MD
LG