Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:48

Ermənistanın baş naziri evinin dizaynerinə müavini kreslosu verib


Ermənistanın baş naziri Tiqran Sarkisyan
Ermənistanın baş naziri Tiqran Sarkisyan
«Kraparak» qəzeti:

Ermənistanın baş naziri evinin dizaynerinə nazir müavini kreslosu verib. Bir ay əvvəl hökumətin qərarı ilə Arev Samuelyan Mədəniyyət nazirinin müavini təyin olunub. Bu xanım heç vaxt hökumətdə vəzifə tutmayıb. O, yalnız baş nazir Tiqran Sarkisyanın evinin təmiri zamanı dizayner olub. Maraqlıdır, görəsən, baş nazir evinin təmirinə görə dizaynerə əməkhaqqı ödəyib, yoxsa, əməkhaqqı əvəzinə ona nazir müavini vəzifəsi verilib.

«Aykakan jamanak» qəzeti:

Bizim Qarabağdakı mənbələrimiz deyir ki, Horadiz və Cəbrayıl rayonlarında dövlət səviyyəsində planlaşdırılmış çox fəal aparılan tikinti işlərinə fasilə verilib. Bizim mənbələrin məlumatına görə, sərhəd qoşunlarında əksəriyyəti qarabağlı olan zabitləri dar dairələrdə bu ərazilərin geri qaytarılacağı haqqında danışıblar. Amma onlar deyirlər ki, haranı qaytarası olsaq da buraları tərk edən deyilik. Bizim mənbələrə görə, Qarabağda zabitlərin Ermənistanla münasibətləri gərginləşib. Onlar deyirlər ki, Ermənistan Qarabağı satır.

«İravnuk de fakto» qəzeti:

Bizim məlumatımıza görə, «İnternational Masis Tabak» şirkətinin məhsulları, xüsusilə də «Nemirov» siqareti Rusiya istintaq orqanlarının diqqət mərkəzindədir. (Bu şirkət Qrant Vardanyan ailəsinin şirkətlər qrupuna daxildir.)

Yada salaq ki, hələ 2008-ci ildə Rusiya gömrükçüləri həmin şirkətin istehsalı olan 500 000 qutu «Nemirov» siqaretini müsadirə etmişdi.

Rusiyanın «Nemirov» şirkəti rəsmi şəkildə elan etmişdi ki, Ermənistanın hər hansı şirkəti ilə onun ticarət markasında istifadə olunmasına dair müqavilə və ya razılaşması yoxdur. Ona görə də «İnternational Masis Tabak» şirkətinin onun ticarət nişanı ilə məhsul buraxması qanunsuzdur. Yeri gəlmişkən, Ermənistan bazarında qanunsuz istifadə edilən təkcə bu şirkətin ticarət markası deyil. Bir neçə ay əvvəl iqtisadi forumlardan birində Ukraynanın Ermənistandakı səfiri baş nazir Tiqran Sarkisyana bir neçə şüşə araq göstərmişdi. Bu şüşələrdə Ukrayna arağı adı ilə Ermənistanda istehsal olunan arağı satırdılar. Saxta mal istehsal edənlər Ukrayna şirkətinin adından istifadə edib Ermənistan bazarında ən çox araq satırdılar.

Panorama.am internet qəzeti:

Azərbaycan Yerevanda keçiriləcək cüdo üzrə Avropa Çempionatında iştirak etmək üçün müraciət edib. Bu barədə Ermənistan Cüdo Federasiyasının prezidenti Aleksan Avetisyan bildirib.

Azərbaycan Cüdo Federasiyası Ermənistana gələcək 14 idmançının adı yazılan siyahını da təqdim edib. Onlar bütün 8 çəki dərəcəsi üzrə yarışacaqlar.
Cüdo üzrə Avropa Çempionatı Yerevanda sentyabrın 11-13-də olacaq.

Hert internet qəzeti:

Dağlıq Qarabağın Statistika Agentliyinin direktoru olduğunu deyən Manouş Minasyan bildirir ki, bu ilin yanvar-iyun aylarında 1306 uşaq doğulub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıq uşaq deməkdir. Manouş Minasyan hesab edir ki, dövlətin ailələrə qayğısına görə, indi valideynlər üç və ya daha çox uşağın olmasına üstünlük verirlər. Onun verdiyi məlumata görə, bu ilin ilk altı ayında ölənlərin sayı da 634 nəfər olub. Bu da 2008-ci ildən 11.5% azdır.
XS
SM
MD
LG