Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:26

Ata Əliyevin verdiyi ad oğul Əliyev dövründə alınır


Qarabağda Azərbaycan artilleriyası, 1992-ci il
Qarabağda Azərbaycan artilleriyası, 1992-ci il
Qarabağ döyüşlərində iştirak edən bir qrup döyüşçünün veteranlığı ləğv edilib. Goranboy rayonundan AzadlıqRadiosu-na müraciət edənlərdən Arif Bayramov deyir ki, döyüşdə əlinə silah almayanlar veterandır, amma müharibədə əlil olub qayıdanların veteranlıq statusu əllərindən alınıb:

«Şaumyana bayraq taxdığım vaxt dəqiqliyilə yadımdadır. Meşələrin içində yatmaqla bütün xəstəliyin hamısını orda tapdım. Gecələr ağrıdan yata da bilmirəm».

Vaqif Nuriyev də döyüşdə sağlamlığını itirib. İtkisinə 14 il daşıdığı veteran adı da qatılıb:

«Hərbi komissarlıqdan çağırdılar ki, veteran vəsiqənizi gətirin təhvil verin. Bizə deyirlər ki, siz veteran deyilsiniz. Yaxşı, bu torpaqları kim azad edib? Bircə bu maraqlandırır məni, ayrı şey yox».

Goranboy rayonunda könüllülərdən ibarət dəstədə döyüşən 57 yaşlı Zaur Qarayev də ikinci qrup əlildir:

«Mən könüllü canımı qoymuşam. Həmin könüllü qoyduğum canımın bəlasını çəkirəm. İkinci qrup əliləm, ağır əməliyyat olunmuşam. O yolda, o soyuqlarda qalmağımın nəticəsində düz bağırsaq xərçənginə tutulmuşam. Bu adı mənə ulu öndər verib o vaxt ki, sən veteransan. Özünün sağlığına qədər də biz o pulu aldıq».

BƏS NƏ OLDU?

2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə «Veteranlar haqqında» qanuna dəyişiklik edildi. Dəyişikliklərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər cinayətlərə görə məhkum edilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adının verilməməyi göstərilib. Veteranlıq statuslarının ləğv olunmasına da bundan sonra başlanılıb:

«Bir il, il yarım olar, mənə gəlib dedilər ki, vəsiqəni təhvil ver, sənin girişlərin var, çıxışın yoxdur. Arxiv sənədlərində girişim var, çıxış yoxdur. Ona görə də dayandırıblar».

«Bunlar deyir ki, Respublika Hərbi Komissarlığında heç bir kağızımız yoxdur döyüşməyiniz haqqında. Niyə yoxdur, hara itib, mən bilmirəm. İcra hakimiyyətindən nümayəndəmiz var, təsdiq edir. Döyüş yoldaşlarımız təsdiq edir. Bu, sübut deyil?»

Goranboy Hərbi Komissarlığından Mahir Nəcəfov deyir ki, prezidentin 2006-cı ildəki fərmanına əsasən mövcud veteran vəsiqələri arxiv arayışları ilə yoxlanılıb. Tərxis olunma ilə bağlı sənəd arxivdə tapılmadığı üçün əksəriyyətin veteran adı dayandırılıb:

«Onların döyüşdə iştirak etməyini heç kəs inkar etmir. Biz arxivə yazırıq, arxiv yazır ki filankəs filan vaxt filan vəzifəyə təyin olunub. Amma onun çıxışını (tərxis olunmağını) göstərmirlər. Qanuni əsaslarla tərxis olunma olmalıdır. Hazırda hərbi biletlərlə Müdafiə Nazirliyinin üzləşdirilməsində həmin hərbi biletlər düz gəlmir».

BUNUN GÜNAHI KİMDƏDİR?

Mahir Nəcəfov hesab edir ki, bu, veteranların günahı deyil:

«99 faiz o vaxtkı başsızlığın günahlarıdır. Ştab rəhbərlərinin günahlarıdır. Əsgərin nə günahı ola bilərdi».

Qarabağ Qaziləri İctimai Birliyindən Rey Kərimoğlu isə deyir ki, 90-cı illərdə Azərbaycan ordusu yeni təşkil olunduğu üçün sənədləşmələrlə bağlı problemlərdən əziyyət çəkənlər çoxdur:

«O vaxt xeyli çatışmazlıqlar vardı. Ona görə də indi bu tipli xeyli problemlər ortaya çıxıb. Müəyyən sənədləşmələr, araşdırmalar vaxtında düzgün aparılmayıb».

Hərbi ekspert Üzeyir Cəfərov da deyir ki, arxivdə hansısa sənəd yoxdursa, bunun məsuliyyəti döyüşçünün üstünə düşmür:

«Əslinə qalsa, burda o döyüşçülərin heç bir günahı yoxdur. Yəni həmin döyüşçülər özləri özlərinə müvafiq qeydlər aparmamalıdırlar. Apara bilməzlər də. Çünki həmin sənədlər bilavasitə müvafiq qurumların səlahiyyətindədir. İnsanları hərbi hissəyə qəbul edib onların əməyindən istifadə edən şəxslər bu məsələləri həll etməliydilər».

MƏSƏLƏNİN HƏLLİ


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teymur Abdullayev deyir ki, nazirliyin arxivindən heç bir sənəd itə bilməz:

«Kim döyüşübsə, ona veteran statusu verilib. Əgər ortaya başqa faktlar çıxıbsa, qanuna müvafiq halda öz həllini tapacaq. Birincisi, arxivdən heç bir sənəd itə bilməz. Bunu birmənalı şəkildə deyirəm. Əgər bununla bağlı hər hansı problem ortaya çıxıbsa, həmin şəxslər Müdafiə Nazirliyinə müraciət edə bilərlər. Baxılandan sonra məsələ öz həllini tapa bilər».

Rey Kərimoğlu isə hesab edir ki, məsələnin həlli o qədər də çətin deyil:

«Veteranlıq haqqında» qanunda göstərilir ki, bir neçə nəfər, yerli icra orqanları təsdiq etməlidir ki, həqiqətən də filankəs hərbi hissənin tərkibində filan vaxtdan filan vaxta qədər döyüşüb. Bir neçə veteran statusu olan əsgər yoldaşları da bunu təsdiq edirlər notarial qaydada. O vaxt elə olub ki, batalyonda bir adamın çıxışı vurulmayıb. O demək deyil ki, o, veteran deyil».

AZƏRBAYCAN VETERANININ QİYMƏTİ – 25 MANAT


Söhbətləşdiyimiz vətəndaşlar deyirlər ki, veteran vəsiqələrinin yararlı olduğu müddətdə 15 manat müavinət alıblar. Sonradan bu məbləğ artıb 25 manat olub. Veteran adından məhrum Vaqif NuriyevArif Bayramov indi veteran vəsiqəsinin verdiyi imtiyazları da istəmirlər:

«Mən istəmirəm 25 manatı. Təki canım sağ olsun. Ancaq övladlarım gələcəkdə başını aşağı salmasın ki, mənim atam vuruşmayıb».

«Mən öz xalqımı, öz dövlətimi qorumağa getmişəm. Heç istəmirəm də o veteranlığı. Mənə bir şey təsir edir ki, bizim rayondan kənara çıxmayan oğlanlar bir məclisdə, bir yerdə vəsiqəni çıxardıb adamın gözünə soxurlar ki, veteranıq biz!».
XS
SM
MD
LG