Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:45

Vəfa Quluzadə: «Türkiyə müstəqil dövlət deyil»


Türkiyə-Ermənistan sərhədi, 15 aprel 2009
Türkiyə-Ermənistan sərhədi, 15 aprel 2009
Türkiyə ilə Ermənistan İsveçrənin vasitəçiliyi ilə «Diplomatik münasibətlərin qurulması», eləcə də «İkitərəfli əlaqələrin inkişafı»na dair protokollar ətrafında məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatmalıdır. Sonra məsələ tərəflərin parlamentlərində müzakirəyə çıxarılacaq və ikitərəfli münasibətləri qaydaya salmaq üçün əsas yaradan iki protokol imzalanacaq.

«Panarmenian.net» saytının Ermənistan Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumatda isə deyilir ki, razılaşmada həmçinin nəzərdə tutulur ki, iki dövlətin Xarici İşlər nazirlikləri səviyyəsində mütəmadi siyasi məsləhətləşmələr keçirilsin, «ikitərəfli əlaqələrin inkişafina dair protokol»un reallaşdırılması üçün hökumətlərarası komissiya yaradılsın.

Artıq Azərbaycanın siyasi dairələrində Ankara ilə Yerevanın bu anlaşmasının hara qədər inkişaf edə biləcəyi məsələsi müzakirə obyektinə çevrilib.

«SƏRHƏDLƏRİN AÇILMASI MİLLİ MARAQLARIMIZA ZİDD MƏSƏLƏDİR»

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, onlar bu məsələdə Türkiyə rəsmilərinin bəyanatlarına əsaslanırlar. O xatırladır ki, bu ilin may ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən demişdi ki, ölkəsi Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Və Azərbaycanın razılığı olmadan Türkiyə öz mövqeyindən çəkilməyəcək:

«Biz hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməyin prinsip etibarı ilə onun suveren hüququ olduğunu tanıyırıq. Lakin bu məsələ bizim milli maraqlarımıza aid olduğuna görə mövqe ondan ibarətdir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nizamlanmayana kimi Türkiyə-Ermənistan sərhədlərinin açılması bizim milli maraqlarımıza zidd olan bir məsələdir».

Elxan Poluxova görə, hələlik masa üzərində son sənəd olmadığı üçün bu anlaşmanın nə ilə nəticələnə biləcəyindən danışmaq tezdir.

Vəfa Quluzadə
Artıq ABŞ və Fransa Türkiyə-Ermənistan razılaşmasını alqışladıqlarını bildiriblər.

«BU ADDIM MƏNƏ MOLOTOV-RİBBENTROP ANLAŞMASINI XATIRLADIR»

Politoloq Vəfa Quluzadə isə deyir ki, hər halda Türkiyə özü bilir ki, niyə bu addımı atır. Ancaq əgər rəsmi Ankara hesab edirsə ki, Ermənistanla münasibətləri normallaşdırsa, buna görə Amerika Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini daha möhkəm dəstəkləyəcək, yanılır. Çünki Birləşmiş Ştatların belə bir imkanı yoxdur. Bu, Rusiyadan asılı olan məsələdir.

Politoloq hesab edir ki, bütün hallarda bu razılaşma Azərbaycanın maraqlarına ziddir. Onun sözlərinə görə, əgər Türkiyə bu addımı Qərbin təzyiqi ilə atırsa, onda Ankara ilə Yerevanın münasibətləri hara qədər lazımdır inkişaf edə bilər:

«Bu addım mənə Molotov-Ribbentrop anlaşmasını xatırladır. Türkiyə işğalçı dövlətlə müqavilə imzalayır. Bu, ağlasığmazdır. Nə səbəbə görə Türkiyə kimi məğrur bir dövlət dizi üstə qoyulur? Görəsən, bunu necə ediblər? Açığı, mən bunu başa düşə bilmirəm. Əgər Türkiyə özbaşına deyilsə, onun başından tutub hara qədər aparsalar, ora qədər də bu münasibətlər inkişaf edəcək. Bu o deməkdir ki, Türkiyə öz müstəqilliyindən də imtina edir. Türkiyə müstəqil dövlət deyil. Amerika Türkiyəni hara aparsa, ora gedəcək».

V.Quluzadə onu da əlavə edir ki, bu razılaşma müəyyən bir müddət səs-küyə səbəb ola, müxtəlif addımlar atıla bilər, amma ciddi nəticələrə gətirib çıxarmaz.
Rasim Musabəyov
Ancaq indidən diplomatik əlaqələr barədə sənəd imzalanırsa, hesab etmək olar ki, Türkiyə artıq Ermənistanla sərhədləri açıb.

«SƏRHƏDLƏR NECƏ AÇILIRSA, ELƏ DƏ BAĞLANA BİLƏR»

Politoloq Rasim Musabəyov isə məsələni başqa cür şərh edir. O deyir ki, Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurması heç də o demək deyil ki, Ankara Yerevanı özünə yaxın tutaraq Bakıdan uzaqlaşacaq. Onun sözlərinə görə, sərhədlər necə açılırsa, elə də bağlana bilər. Diplomatik əlaqələr qurulduğu kimi onlara yenidən baxıla bilər:

«Hətta diplomatik əlaqələrin mövcudluğu da Ermənistan özünü yaxşı aparmadığı halda – yəni Azərbaycan torpaqlarını tərk etmək istəməsə, Türkiyəyə BMT-nin Təhlükəsizlik Şurasında ona qarşı sanksiyaların tətbiq olunması məsələsini qaldırmağa mane ola bilməz».

R.Musabəyov düşünür ki, ancaq buna qədər sözügedən protokollar parlamentlərdə ratifikasiyadan keçməlidir:

«Düzdür, həm Türkiyənin, həm də Ermənistanın parlamentində hakim partiya çoxluq təşkil edir. Ancaq nəzərə almaq lazımdır ki, hər iki ölkədə qarşılıqlı münasibətlərə hakimiyyətdaxili yanaşma da birmənalı deyil. Ona görə də hələ bu prosesi gözləmək vacibdir. Digər tərəfdən o protokollar hətta ratifikasiya olunandan sonra, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılması 2 ay sonraya nəzərdə tutulur. Yəni söhbət hələ 3 aylıq müddətdən gedir. Həmin dövrdə isə Dağlıq Qarabağa dair danışıqlarda da müəyyən irəliləyiş ehtimal oluna bilər».

Rasim Musabəyov istisna etmir ki, Azərbaycan rəhbərliyi də bütün bunları nəzərə alıb məsələyə kifayət qədər soyuqqanlı reaksiya verə bilər.
XS
SM
MD
LG