Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:19

Dərsə getməyən bir uşaq


Süleyman Kərimov
«Uşaqları intihara sürükləyən kasıbçılıqdır». Bu fikri AzadlıqRadiosunun efirində «İşdən sonra» proqramında Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyib.

«Dərsə getməyən bir uşaq – Uşaqları intihara nə sürükləyir?» mövzuları ətrafında müzakirənin əsas qəhrəmanı bu günlərdə Binəqədi rayonunda intihar etmiş 13 yaşlı Süleyman Kərimov idi. Lent.az portalının müxbiri Ramiz Mikayıloğlu intiharın səbəblərini araşdırarkən maraqlı faktlarla üzləşib.

UŞAQ MƏKTƏBƏ GETMƏK İSTƏYİRMİŞ

«Məlum oldu ki, Süleyman kiçik yaşlarından ailəsini dolandırır. Qonşuları dedi ki, o, topladığı metal qırıntılarını satıb məktəb paltarı və çanta almışdı, özü də məktəbə gedəcəyini səbirsizliklə gözləyirdi. Amma intihar etdiyi gün anası məktəbdə olub, onu məktəbdən çıxarmaq üçün direktora müraciət etmişdi».

Jurnalistin sözlərinə görə, Süleyman Kərimovun intiharının səbəbləri barədə hüquq- mühafizə orqanlarının ehtimalı budur ki, onun psixiki nasazlığı olub. Amma bu fikri qonşular da, məktəbdəki müəllimlər də təkzib ediblər.

Yusif Bəkirov isə deyir ki, indiyə qədərki uşaq intiharlarının da, bu uşağın da intiharının arxasında sosial gərginlik dayanır:

«Görürsünüzmü, uşaq 60 manat pul toplayıb, özünə forma alıb. Axı niyə uşaqlar məktəbə getmək üçün məktəbli forması almaq kimi tələblə üzləşirlər? Niyə onlara əlavə iqtisadi sıxıntı yaşandırılır?»

AXINA QARŞI GEDƏNLƏR

Uşaq hüquqlarının müdafiəçisi deyir ki, valideynlər məhkəmələrə müraciət etmək, məktəblərdə pul tələbləri ilə mübarizə aparmaq əvəzinə uşaqlarını məktəbdən yayındırmağa üstünlük verirlər. Bu da onların sarsıntı keçirməsinə səbəb olur.
O, valideynlərə mübariz olmağı məsləhət görür.

«İşdən sonra» verilişinin digər qonağı Psixoterapevt Samirə Babayeva isə deyir ki, onun praktikasında məktəbdəki mübarizənin nevroza gətirib çıxardığı hallar olub:

«Valideyn uşağın hüquqları uğrunda mübarizə aparmağa başlayanda o direktor, müəllimlər və hətta başqa uşaqların valideynləri ilə meydanda təkbətək qalır. Uşaq bu gərginliyi daim üzərində hiss edir və bu, nevroza gətirib çıxarır».

2008-ci ildə Azərbaycanda 18 yaşına çatmamış 20 uşaq intihar edib.

Söhbətin tam məzmununu audio-qoşmada dinləyin.



Sizcə uşaq intiharlarının əsas səbəbi nədir?
XS
SM
MD
LG