Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:58

«Ermənistan hökuməti korrupsiya ilə mübarizə aparmır»


«Mübarizə yalnız xırda rüşvətxorluqla gedir»
«Mübarizə yalnız xırda rüşvətxorluqla gedir»
«Ermənistan hökuməti korrupsiya ilə mübarizə aparmır, bu ölkədə mübarizənin imitasiyası var».

«Transparency International - Ermənistan» təşkilatının direktoru Amaliya Kostanyan bu fikirdədir.

«KORRUPSİYA MÜXTƏLİF SAHƏLƏRDƏ ÜZƏ ÇIXIR»

Amaliya Kostanyan: «Korrupsiya müxtəlif sahələrdə üzə çıxır, amma müəllimlər və polis işçiləri pislənir. Statistika var və bununla mübahisə etmək olmaz. Biz hamımız anlayırıq ki, tək onlar günahkar deyillər, sadəcə, onlar vətəndaşlarla ünsiyyətdədirlər. Yenə də imitasiyadır, bizi inandırmağa çalışırlar ki, ölkədə korrupsiya ilə mübarizə aparılır, ancaq mübarizə yalnız xırda rüşvətxorluqla gedir. Əlbəttə, kiçik rüşvətxorluqla mübarizə də vacibdir, ancaq bu, böyük korrupsiya problemini həll etmir. Məsələn, biznesin və hökumətin bölüşdürülməsi məsələsi həll olunmayınca, mübarizə əhəmiyyətsizdir».

A.Kostanyan deyir ki, biznesin və siyasətin bölüşdürülməsi həll olunmasa, korrupsiya əleyhinə islahatları ciddi hesab etmir:

«Hansı bölgüdən söhbət gedir? Əgər hökumət nümayəndələrinin çoxsaylı biznesi varsa və siyasi hakimiyyəti olmayan biznesmenləri öz rəqibi hesab edirsə, onda hansı azad bazar münasibətlərindən danışmaq olar».

Bir neçə gün əvvəl «Transparency International» təşkilatı «Özəl sektorda korrupsiya - 2009» adlı beynəlxalq hesabatını açıqlayıb. Hesabatın Ermənistanla bağlı hissəsinin müəllifi təşkilatın Yerevandakı icraçı direktoru Varujan Xoptanyandır. Xoptanyan biznes və siyasətin bölüşdürülməsi problemindən danışır, bildirir ki, sahibkarlar hökumətə öz müxalif baxışları ilə narahatlıq yaratmadıqca, ona xidmət etdikcə, sahibkara xüsusi şərait yaradılır:

PETROSYANIN ÇIXIŞINA GÖRƏ 78 MİN DOLLAR MƏBLƏĞİNDƏ CƏRİMƏ

«Əks təqdirdə dözülməz şəraitlə qarşılaşırlar. Məsələn, «Royal Ermənistan» şirkətinin rəhbərliyi kimi. Bu şirkətin rəhbəri gömrükdə korrupsiya olduğunu qabartdığı üçün hazırda həbsdə yatır».

2 il əvvəl regional televiziya kanalı «Qala» Ermənistanın birinci prezidenti, indi isə müxalifət koalisiyasının lideri Levon Ter-Petrosyanın çıxışını tam şəkildə nümayiş etdirdiyinə görə çoxsaylı yoxlamaların ardınca 78 min dollar məbləğində cərimələnib. Varujan Xoptanyan:

- Bizdə siyasət və biznes ayrılmadığından, hökumətə qarşı çıxmayan şirkətlərə məhdudiyyətsiz iş şəraiti yaradılır. Əgər sahibkar fərqli münasibət göstərirsə, hərtərəfli təzyiqlərə məruz qalır. Biz bunu hesabatda qeyd etməyə çalışmışıq.

«Transparency International»ın hesabatında 2006-2007-ci illərdə baş verən hadisələr təsvir olunub. Mümkün olsaydı yəqin ki, ötən il baş verən hadisələr də öz əksinin tapardı. Söhbət sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki deputatdan gedir. Sahibkarlar müxalifətə maliyyə ayırmağa cürət edib. Amaliya Kostanyan danışır ki, nəticədə onlara qarşı cinayət işi açılıb və iflasa uğrayıblar.

«İNSANLAR HÖKUMƏTƏ QARŞI ÇIXMAQDAN ÇƏKİNİRLƏR»

Kostanyan əmindir ki, biznes sahəsində korrupsiya ancaq hökumət nümayəndələri sahibkarlıq fəaliyyətindən imtina edərsə və korrupsiya ilə real mübarizə aparmağa başlayarsa həll oluna bilər:

- Bu, hökumət tərəfdən fədakarlıq olardı, hazırda bunu görmürəm. Bu, onlara sadəcə sərf etmir. Onlara imitasiya etmək və kiçik vəzifəli şəxsləri ya da müəllimləri qurban vermək sərf edir. Bununla da cəmiyyətə, beynəlxalq donorlara göstərirlər ki, ölkədə korrupsiya ilə mübarizə gedir. Ola bilsin nələrsə baş verir, ancaq hansısa yüksək vəzifəli məmurun həbs edildiyini eşidibsinizmi? Yox.

Amaliya Kostanyan deyir ki, bu halda sıravi vətəndaşlar praktiki olaraq gücsüzdürlər:

- Mübarizə aparmaq olar, ancaq insanların nə imkanı, nə də lazımi biliyi yoxdur. Ən əsası isə hökumətə qarşı çıxmaqdan çəkinirlər. Bu, kiçik korrupsiyaya aiddir, əgər söhbət böyük siyasi korrupsiyadan gedirsə və yüksək səviyyəli şəxslər ya da sponsorlar bu məsələyə cəlb olunubsa, mübarizə aparmaq çox çətindir. Çünki məhkəmədən tutmuş bütün sahələrə qədər hökumətin nəzarəti altındadır.

AzadlıqRadiosunun erməni xidməti reportaj hazırlanarkən hökumətin məsələyə münasibətini öyrənmək istəsə də, onlara bir neçə gündən sonra zəng etmələri tövsiyə olunub.
XS
SM
MD
LG