Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:20

İlqar Rəsul "Antarktida" HEKAYƏ


Mən istəyirdim ki, müharibə olmasın.

Amma oldu. Sonra mən istədim ki, ərim məni və uşağımızı götürüb müharibə olmayan başqa bir ölkəyə aparsın.

Sabah orada da müharibə başlansa, yerimizi yenə də dəyişməyə hazır olardım.

İşdi, əgər birdən dünyanın hər yerində müharibə olsa, ailəmlə birlikdə hətta Antarktidaya da getməyə razı olardım.

Körpəmin və ərimin soyuqdan tələf olmamaları üçün bir neçə isti paltar kifayət edərdi mənə.

Başqa heç nə götürməzdim.

Hər gün buzlaqların arasından, qarın içindən onlar üçün yeməyə nəsə bir şey tapardım.

Şaxta əlimi-ayağımı dondursa belə…

Müharibə qurtarana qədər hər ikisini gizlədərdim orada.

Təki üçümüz də sağ qalaq. Təki üçümüz də bir yerdə olaydıq. Təki ərim müharibəyə getməyəydi.
Amma o getdi. Getdi və öldü. Sonra müharibə dayandı. Sakitlik oldu…

…Əgər dava yenidən başlasaydı belə daha qorxmazdım.

Çünki artıq itirəsi heç nəyim qalmayıb. Eşitdiyimə görə uşağımı körpələr evinə veriblər.

Amma onun da başqa uşaqlar kimi öz valideyinləri ilə birgə gözəl həyat yaşaması üçün hər cür haqqı vardı.

Təəssüf ki, müharibə belə haqları tanımayan çağırılmamış qonaqdır. İstədiyi vaxt gəlir və…

Hər halda ümid edirəm ki, balamın yeri Antarktidadan yaxşıdır.

Mən biçarə isə yenə də Antarktidaya getməkdən imtina eləməzdim.

Orada olmasam də əminəm ki, Antarktida mənim indi qaldığım yerdən çox yaxşıdır.

Nə yazıqlar ki, həkimlər əllərimi bağlayıb məni evdən çıxaranda hara getmək istədiyimi soruşmadılar…
XS
SM
MD
LG