Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:20

TÜRKÜN «QARDAŞ PAYI», MƏMMƏDYAROVUN «YERLİBAZLIĞI»


«Media forum» saytının əməkdaşı oktyabrın 22-də Şəhidlər Xiyabanında Azərbaycan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarovla Əhməd Davudoğlunun kameralara, diktofonlara düşməyən söhbətinə şahid olub. Həmin anda nazirlər türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edirmişlər.

Məmmədyarovun gülü qurtarıb. Davudoğlu əlindəki iki güldən birini ona uzadır: «Bu da qardaş payı». Məmmədyarov mənalı-mənalı gülümsəyir: «Hə... qardaş payı».

Yardımçıları Məmmədyarova əlavə gül verəndə o, konyalı şəhidin adı üzərinə iki gül qoyur: «Bu sənin yerlindir, iki gül qoyaq, bir qədər yerlibazlıq edək».

«BEYNƏLXALQ HÜQUQU BİABIR ETMİSİNİZ»

Milli Məclisin 20 oktyabr iclasında sədrin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk qrupunun həmsədrlərini «yaş yuyub, quru sərib»:

«Mən onlara sual verirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir dəfə bir araya gəlmisiniz? Bir dəfə Bakıya, Moskvaya, İrəvana yığışmısız? Bir dəfə də bunu etməmisiz. Amma Sürixdə protokol imzalananda hələ bir deyirsiniz ki, «idi, podpişi». Əşi, sən bu «idi, podpişi»ni Qarabağ münaqişəsinin həllində et, Ermənistana de ki, qoşunlarını Azərbaycan ərazisindən çək. Bu ikili, üçlü, dördlü standartları elə edin ki, heç olmasa, hiss olunmasın. Belə açıb qoymusuz çölə, beynəlxalq hüququ biabır etmisiniz».

BİZİMKİLƏRİN BRİFİNQ KEÇİRMƏYƏ VAXTI YOXDUR, BUNLARSA...

Türkiyənin dövlət başçısı Abdullah Gül və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Çankaya köşkündəki tədbirləri serial səhnəsi olub. Qazaxıstan Mədəniyyət Nazirliyinin «TRT» ilə birgə çəkdiyi «Benim aşkım Astana» adlı serialda çəkilən aktrisa Bahar Axça Gül ilə Nazarbayevin Çankaya köşkündə təşkil etdikləri mətbuat konfransında rol üçün dövlət başçılarına sual verib. Məlumatı Türkiyə mediasına istinadən «Lent.az» yayıb.

İLİN KƏŞFİ

Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, akademik Nizami Süleymanov «Lent.az»a təzə kəşfindən danışıb:

«Biz insanın gözü və fotosu arasında energetik əlaqə olduğunu dəqiqləşdirmişik. İnsan sağdırsa, onun gözü dalğa enerjisinin ötürücüsü olaraq mənbə rolunda çıxış edir. Foto isə qəbuledici rolundadır. Bu, insan sağ olduğu müddətdə davam edir. İnsan dünyasını dəyişdikdə, gözündən fotoya gedən dalğa əlaqəsi kəsilir. Beləliklə də, ixtira etdiyimiz üsuldan istifadə edərək insanın fotosunu tədqiq etməklə onun həyatda olub-olmadığını müəyyənləşdirə bilirik. Bu, fiziki-kimyəvi ekspertiza üsuludur».

???

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədovun «Yeni Azərbaycan» qəzetinə müsahibəsindən:

«Azərbaycan o ölkələrin sırasına aid edilməlidir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi sual doğurmur».

Sonuncu abzasa başlıq tapa bilmədim. Təklifiniz var?
XS
SM
MD
LG