Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

«Hökumətin din azadlığına münasibəti pisləşib»


Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır
Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır
Hökumətin din azadlığına münasibəti pisləşib. Din azadlığının məhdudlaşması mülkiyyət mübahisələrində, saqqal və baş örtüyünə, bəzi yerlərdə azan səsinə qoyulan qadağada özünü göstərməkdədir.

ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda açıqladığı illik hesabatın Azərbaycanla bağlı hissəsində belə deyilir. Qeyd olunur ki, dini icmaların qeydiyyatı 2 mərhələdən ibarətdir. Birinci mərhələ lazımi sənədlərin toplanması, ikinci mərhələ isə - sənədlərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsidir. Bir çoxları bu prosesin yorucu, səmərəsiz və bürokratik olduğunu deyib.

Hesabatda bildirilir ki, bir sıra xristian icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən narazılıq edir, qeydiyyat prosesinin bəzi hallarda mümkünsüz olduğunu deyirlər. Bu icmalar iddia edirlər ki, yerli məhkəmələr mübahisəli hallar yarananda kilsələrin qeydiyyatına ədalətli yanaşmırlar.

Martın 18-də keçirilən referendumdan sonra isə ölkə Konstitusiyasına bir sıra dəyişikliklər edilib ki, onların ikisi dinin təbliğini məhdudlaşdırır. Milli Məclis də mayın 8-də «Din azadlığı haqqında» qanuna dəyişiklik edib, bu da dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər.

Rəbiyyət Aslanova
Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.

«EKSPERT DEYƏSƏN, ÇOX KÖHNƏ STEREOTİPLƏRLƏ ÇALIŞIR»

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə hesabatda deyilənlərlə razılaşmır. Ölkə qanunlarına edilən dəyişikliklərin mütərəqqi olduğunu və Azərbaycanın dini tolerantlıq baxımından Amerikaya nümunə ola biləcəyini deyir:

- Alternativ hesabatlar lazımdır ortaya qoyulsun. Bəlkə də digər ölkələrin cəsarət etməyərək alternativ hesabatı qoymaması, digər qurumların bu məsələdən uzaqlaşması, Dövlət Departamentinə haqq verir ki, özünü çox böyük ekspert kimi qiymətləndirsin. Ekspert deyəsən, çox köhnə stereotiplərlə çalışır.

«VƏZİYYƏT ON DƏFƏLƏRLƏ, YÜZ DƏFƏLƏRLƏ PİSLƏŞİB»

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu isə hesabatın mənəvi təsirini itirdiyini deyir. Ancaq digər tərəfdən Azərbaycanda dini vəziyyətin xeyli pisləşdiyini bildirir:

İlqar İbrahimoğlu
- Əvvəlki illərlə müqayisədə vəziyyət on dəfələrlə, yüz dəfələrlə pisləşib. Bu, özünü məscidlərin sökülməsində, bağlanmasında göstərib. Bu il 2 məscid sökülüb, bir neçə məscidin sökülməsi söhbəti var, qanunda dəhşətli irtica mahiyyətli dəyişikliklər edilib. Bu gün müsəlman çoxluğun hüquqları daha çox pozulur.

Hesabatın Azərbaycana aid hissəsində o da deyilir ki, Bakıda kilsələrə getməklə bağlı problem olmasa da, regionlarda xristian icmalarının çətinlikləri var. Məsələn, Neftçalada və Zaqatalanın Əliabad kəndində baptist kilsələri qeydiyyata düşə bilmirlər.

DİNİ MATERİALLARIN İDXALINA VƏ YAYIMINA QADAĞA QOYULUR

Digər tərəfdən, hesabat dövründə 3 məscidin bağlandığı, Yevangelist protestant dini qruplarına qarşı reydlər keçirildiyi deyilir. Sələfi və qeyri-ənənəvi xristian dini icmalarının üzvlərinin məmurlar tərəfindən təqib edilməsi, həbs edilməsi haqda məlumatlar var

Dövlət Departamenti deyir ki, dini televiziya yaratmağa, metroda dini ədəbiyyatın satılmasına məhdudiyyətlər davam edir. Məsələn, qanunvericiliklə dini ədəbiyyatın nəşri və yayımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə mümkündür. Ancaq dini materialların idxalına və yayımına qadağa qoyulur. Dini ədəbiyyatın gətirilməsinə icazə almaq prosesi çətindir.

ABŞ-ın dini vəziyyətlə bağlı hesabatı 200-ə yaxın ölkəni əhatə edir.
XS
SM
MD
LG