Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:52

Jurnalistlərin həbsini belə izah edir...


Araz Əzimov
Araz Əzimov
«İyul ayından bu yana ABŞ Azərbaycana hələ də öz səfirini təyin etməyib».

Bunu noyabrın 5-də Nyu-Yorkda Kolumbiya Universitetində keçirilən konfransda xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

ABŞ-IN REGİONA SİYASƏTİNİN «QEYRİ-MÜNTƏZƏMLİYİ»

O bildirib ki, ölkələrarası münasibətdə balans olmalıdır, Azərbaycanla Amerika arasındakı strateji müttəfiqlik qarşılıqlı münasibət tələb edir. Lakin Azərbaycan bu münasibəti Amerikadan görmür. Azərbaycanın ortaya qoyduğu səylər Amerikanın göstərdiyi səylərdən qat-qat yüksəkdir. Azərbaycan bunu ABŞ-ın regiona yönəltdiyi siyasətinin qeyri-müntəzəmliyi olaraq qəbul edir.

Cənab Əzimov ona ünvanlanan suallara cavab verərkən əvvəlki səfirin vaxtından açıq qalan məsələlərə də toxunub:

«Mən jurnalistləri daha korrekt olmağa çağırıram. Nə BBC, nə də başqa radioları Azərbaycanda heç kim bağlamayıb. Onlar işləyirlər. Söhbət tezliklərdən və onlar üzərindən aparılan yayımdan gedir».

Araz Əzimov jurnalistdən soruşur ki, niyə «Əl Cəzirə» teleşirkətinə verilişləri lap ingiliscə olsa belə, ABŞ-da milli tezliklərdə yer vermir? Yəni, xarici radiolardan FM-in alınması texniki məsələdir. Hər kəs özünün milli efir məkanını qorumalıdır.

Xatırladaq ki, Birləşmiş Ştatlar Azərbaycan hökumətinə Az.TV-nin ABŞ-da yayılması təklifi ilə müraciət edib. Amma Azərbaycan hökuməti bu təklifə müsbət cavab verməyib. Amerikanın bəzi ştatlarında «Əl Cəzirə» kanalı yayımlanmır. Lakin başqa beynəlxalq yayımçılar, o cümlədən BBC və «Doyçe Velle»nin yayımları ictimai kanallarda səslənir.

Diplomat ABŞ-ın Qarabağ münaqişəsində passiv mövqe tutduğunu da bildirir və bunu pisləyir. Çıxışı zamanı o, Rusiya və Fransa rəsmilərinin Qarabağ münaqişəsinin həllindəki iştiraklarını nümunə gətirərək hesab edib ki,
İlqar Məmmədov
ABŞ-ın göstərdiyi səylər bərabər və daha müvafiq olmalıdır.

«ABŞ-LA AZƏRBAYCAN ARASINDA ƏN YAXŞI TƏRƏFDAŞLIQ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏDİR»

Politoloq İlqar Məmmədov deyir ki, 2007-ci ildə Dövlət Departamentinin hesabatında Qarabağa dair bir qeydə görə Araz Əzimov Birləşmiş Ştatlara təhlükəsizlik məsləhətləşmələrinə getməkdən imtina etmişdi. Sonradan Dövlət Departamenti həmin sənədə Azərbaycanı qane edən düzəliş etdi və bu məsləhətləşmələr baş tutdu. Əslində bu, Azərbaycanın Birləşmiş Ştatlar üçün əhəmiyyətli tərəfdaş olduğunun göstəricisi idi. Onun fikrincə, ABŞ-la Azərbaycan arasında ən yaxşı tərəfdaşlıq məhz təhlükəsizlik sahəsindədir. Çünki Azərbaycan hərbi qüvvələri əvvəl Kosovada, sonra İraqda, hazırda isə Əfqanıstanda ABŞ-la birlikdədir.

Ancaq Araz Əzimovun bu məsələ ilə bağlı da ABŞ-a iradları var. Cənab Əzimov ABŞ-ın bu məsələdə xarici siyasətini qınayaraq bildirir ki, Əfqanıstana əlavə 44 min əsgərin göndərilməsi yeni strategiya yox, sadəcə köhnə strategiyanın davamıdır: «Əgər ABŞ yeni strategiya tətbiq etmək istəyirsə, bu strategiya Əfqanıstanda tətbiq olunacaq yeni ideologiyalar üzərində qurulmalıdır». Diplomat Azərbaycan tərəfinin bu mövzuda tövsiyələrini ABŞ-dan olan həmkarlara təqdim edildiyini bildirir.

ÖHDƏLİKLƏR YERİNDƏDİ…

Amerika mətbuatı isə həm Buş, həm Obama administrasiyasına irad tuturdu ki, onlar təhlükəsizlik və enerji maraqlarından çıxış edərək demokratiya sarıdan zəif olan, beynəlxalq öhdəliklərini yerinə yetirməyən ölkələrlə əməkdaşlıq edirlər. Məmmədyarovun ABŞ-a səfəri zamanı dövlət katibi Hillari Klinton bir sıra məsələlərə o cümlədən də bloqçuların həbsinə toxunmuşdu.

Araz Əzimov isə deyir ki, beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklər yerindədi, elə Azərbaycan özü də bu öhdəliklərə əməl edir:

Elxan Şahinoğlu
«Öhdəliklərdən qaçmırıq. Onlar öz yerindədir və yoxa da çıxmayıblar. Biz bu öhdəlikləri götürmüşük və yerinə də yetiririk». Araz Əzimov tənqidçi jurnalistlərin həbsini onların məsuliyyət hissi, təhsil səviyyəsi ilə bağlayır.

Politoloq İlqar Məmmədov isə deyir ki, Azərbaycan toplum şəklində ABŞ-ın mövqeyinin Güney Qafqazda möhkəmlənməsinə çalışdığı halda öz probleminin həllində qarşı tərəfin arzulanan addımlar görmədi. Bunun bir səbəbi Amerikada digər səbəbi isə Azərbaycandadır. Amerikadakı səbəb orada erməni lobbisinin çox güclü olmasıdır. Azərbaycanda isə rəhbərlik ölkənin sivil, demokratik bir cəmiyyətə çevrilməsi üçün üzərində olan öhdəliklərə əməl etmir:

«Ona görə Araz Əzimovun ABŞ-a qarşı iradlarının səbəbi bir tərəfdən başa düşülsə də, digər tərəfdən onlar qəbuledilməzdir. Çünki Azərbaycan rəhbərliyi əgər ABŞ-ın həqiqi tərəfdaşı olmaq istəyirsə, demokratiya, insan hüquqları mövzusunu unutmamalıdır. ABŞ öz tarixi boyu sübut edib ki, o diktatura olan rejimlərlə əməkdaşlıq edir, amma heç vaxt onları özünə doğma bilmir».

İlqar Məmmədov əlavə edir ki, belə rejimlər elə ilk fürsətdəcə həmin Birləşmiş Ştatların fəal iştirakı və dəstəyi ilə yox olurlar.

«Atlas» Araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycandakı ABŞ-a aid institutların fəaliyyətini dayandırması, xarici radiolara olan basqılar və sair iki dövlət arasında münasibətlərə də təsir göstərəcək. Bu isə əvvəlki strateji tərəfdaşlığa da mənfi təsir edəcək. Hər halda bölgədə ciddi proseslər baş verdiyi bir vaxtda ABŞ-ın 6 aydır Azərbaycana səfir təyin etməməsi sıradan bir hadisə deyil.
XS
SM
MD
LG