Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:41

Ad çıxarmış çeçenin «adsız» məzarı


Ramzan Molayev
Ramzan Molayev
Rusiyanın Çeçenistanı işğal etməsinə dünyanın diqqətini cəlb etmək üçün 1996-cı ildə Türkiyənin Trabzon limanından «Avrasiya» bərəsini qaçıranlardan biri Visxan Abdurrahmanov Bakıda öldürülüb. Bir neçə gün öncə onun cəsədi Mərdəkan qəsəbəsində gözətçilik etdiyi bağ evində tapılıb. 1996-cı ildə adı bütün dünya qəzetlərinin başlıqlarını bəzəyən adamı kimsəsizlər qəbiristanlığında adsız qəbirdə dəfn ediblər. Amma indi Visxan Abdurrahmanov yenə dünya mediasının diqqətindədir.

QƏTLİN ARXASINDA «KİM», YOXSA «NƏ» DAYANIR?

Türkiyə qaynaqları yazır ki, bu ölkədə yaşayan çeçenlər Abdurrahmanovun ölüm sifarişinin Çeçenistanın indiki dövlət başçısı, Rusiyapərəst mövqeyilə tanınan Ramzan Kadırovdan gəldiyini iddia edirlər. Türkiyədə məskunlaşan çeçenlər son bir neçə ayda İstanbulda iki səhra komandirinin öldürülməsində də Rusiya kəşfiyyatını suçlayırlar.

Rusiya mətbuatı isə yazır ki, qətllər çeçenlər arasındakı daxili çəkişmələrin nəticəsidir. Səbəblər sırasında çeçen diasporu içərisində əldə olan vəsaitin bölüşdürülməsi üçün nüfuz davaları da göstərilir.

Azərbaycandakı çeçen icmasının başçısı Ramzan Molayev isə Rusiya mediasının iddialarını rədd edir:

VİSXAN ONLARIN ƏN KASIBI İDİ

- Azərbaycanda bir zamanlar 12 min çeçen vardı. İndi isə cəmi 1200 nəfər qalıb. Visxan onların ən kasıbı idi. Axı hansı böyük pullara nəzarətdən söhbət gedə bilər ki, bu insan bir Azərbaycan ailəsinin bağ evində gözətçilik edirdi. Diaspor üzvləri ona yemək toplayırdı.

Azərbaycandakı çeçenlərin lideri bildirir ki, Visxan Abdurrahmanovun ölümü ətrafında xeyli müəmma qalmaqdadır:

Azərbaycandakı çeçenlər ən kasıb çeçenlərdir
- Bir ay öncə Azərbaycan hökuməti ona ölkədə müvəqqəti yaşamaq üçün sənəd vermişdi. Anlaşılmır ki, onu hansı səbəbdən kimsəsizlər qəbiristanlığında adsız qəbirdə dəfn ediblər. Onun nəşini öncə Sabunçu rayon meyitxanasına gətiriblər. Cinayət işi açılandan sonra bir neçə dəfə meyit üzərində ekspertiza keçirilib. Ancaq niyə bizə xəbər verməyiblər onu anlaya bilmirik.

HEYDƏR ƏLİYEVƏ PƏNAH GƏTİRƏNLƏRİN SONU

Ramzan Molayev deyir ki, indi 350 min çeçen Çeçenistandan kənarda ən ağır şərtlər altında yaşayır. Son illər onların durumu bir qədər də çətinləşib:

- Azərbaycandakı çeçenlər ən kasıb çeçenlərdir. Onlar ailələrinin minimum ehtiyaclarını belə ödəyə bilmirlər. Mən Rusiya mediasının diasporun pulları ilə bağlı iddialarını sadəcə anlaya bilmirəm. Bura MTN-in nəzarətindən kənar 1 qəpik belə keçirilə bilməz. Bizə yardım edən sponsorlar 4 il öncə Azərbaycandan deportasiya edildi. Ondan sonra çeçenlər sözün əsl mənasında dilənçi günündə yaşayır. 2 otaqlı mənzillərdə 4-5 çeçen ailəsi yığılıb. Bu haqda dövlət başçısı başda olmaqla bütün dövlət qurumlarının xəbəri var. Anlayırıq, Azərbaycanın Rusiya ilə anlaşması var - buradakı çeçenlər Rusiya tərəfə təhvil verilməlidir. Biz sizə mane olmaq istəmirik. Yaxın zamanlarda da hamımız burdan çıxıb gedəcəyik. Siz xoşbəxt yaşamaqda davam edin. Biz Heydər Əliyevə pənah gətirmişdik. İndi o yoxdur. Demək, çeçenləri Rusiyaya təslim etmək, onları öldürmək, itirmək olar. Əgər Azərbaycan tərəf getməyimizə şərait yaratsa, gələn ilin iyununa qədər hamımız Azərbaycandan getməyi düşünürük. Biz oturub gözləyən deyilik ki, bizi bir-bir öldürüb axırımıza çıxsınlar.

Ramzan Molayev deyir ki, hər bir çeçen öz torpağına Rusiyanın əsiri kimi deyil, o torpağın sahibi kimi dönmək arzusundadır. Onun sözlərinə görə, bunun üçün həyatın istənilən sərt üzünü görməyə hazırdırlar.
XS
SM
MD
LG