Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

AİDS dostluq yolu ilə keçmir


«Gürcüstan Şərqi Avropa və keçmiş Sovet məkanında yeganə ölkədir ki, yoluxanların hamısının pulsuz müalicəsini təmin edir»
«Gürcüstan Şərqi Avropa və keçmiş Sovet məkanında yeganə ölkədir ki, yoluxanların hamısının pulsuz müalicəsini təmin edir»
Bu virus hava-damcı yolu, ağız suyu, öskürək, asqırıq və öpüşmək yolu ilə keçmir. İnfeksiyalı adamla ünsiyyətdə olmaq da təhlükəli deyil. Virus məişət və sosial əlaqə yolu ilə yoluxmur. İnfeksiyaya yoluxanları salamlamaq, qucaqlamaq, oxşamaq, eyni qabdan, eyni yataqdan, vanna və tualetdən istifadə etmək təhlükəli deyil. HİV infeksiyalı adamlarla eyni təhsil müəssisəsi və ictimai yerdə - kinoteatr, stadion, üzgüçülük hovuzunda olmaq da eyni ilə. Virus həşərat və heyvanlar vasitəsilə də ötürülmür.

«BİZ TƏSADÜF QURBANLARIYIQ»

Amma HİV damğası hələ də qalıb. İnsanlar HİV infeksiyasına ehtiyatla yanaşır. AİDS virusuna yoluxan, şərti adı Nino olan gənc qadın deyir ki, «Biz günahkar deyilik, sadəcə təsadüf qurbanlarıyıq. Qoy bizi rədd etməsinlər, bizə adi insanlar kimi yanaşsınlar. Biz heç nədə günahkar deyilik. Ən böyük arzumdur ki, adamlar məndən üz döndərməsin. Bu xəstəlik dostluq, əllə təmas, öpüş, ünsiyyət yolu ilə keçmir. Bu, mənim ən böyük istəyimdir».

«Son 15 ildə HİV-li adamlara qarşı münasibət müsbət mənada dəyişib, baxmayaraq ki, görüləsi iş çoxdur». Bunu Dünya Səhiyyə Təşkilatında AİDS proqramının koordinatoru Amiran Qamkrelidze deyir. O hesab edir ki, parlamentin 3 həftə əvvəl qəbul etdiyi HİV/AİDS infeksiyası haqqında qanundan sonra vəziyyət yaxşılaşacaq:

«HİV-Ə YOLUXMUŞ İNSANLARA QARŞI MÜNASİBƏT MÜSBƏT MƏNADA DƏYİŞİB»

«Demək olar ki, son 15 ildə HİV-ə yoluxmuş insanlara qarşı münasibət müsbət mənada dəyişib, amma bu sahədə görüləsi çox iş var. Parlament üç həftə əvvəl AİDS-lə bağlı qanun qəbul edib, qanun daha müasir və avropalaşdırılıb, HİV-li insanların hüquqlarını qoruyur».

HİV-ə yoluxanların hüququnu yeni qanunun daha yaxşı müdafiə edəcəyini parlamentin vitse-spikeri Qiqi Çereteli də təsdiqləyir:

«Qanunda ayrı-seçkilik salan ifadə yoxdur. Nə müsbət, nə mənfi. Həm dövlət, həm də HİV infeksiyalılarla bağlı öhdəliklər maksimum bölünüb. Yoluxanların məxfiliyi qorunur».

GÜRCÜSTANDA 2204 İNFEKSİYAYA YOLUXMA HALI QEYDƏ ALINIB

Son məlumatlara görə, Gürcüstanda 2204 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların 1641-i kişi, 563-ü qadındır. İnfeksiyaya yoluxanların 60 faizi narkomanlardır. HİV infeksiyası Gürcüstanda stabil artmaqdadır. Bu mənada vəziyyət təhlükəli deyil – İmmunologiya və AİDS Mərkəzinin direktoru Tenqiz Çerçvadze deyir. O problemi başqa şeydə görür:

«Ən böyük problem yoluxanların sayının artması yox, onun axır mərhələlərdə üzə çıxmasıdır. Dərmanlar var, düzdür, xəstəni müalicə etməsə də, vaxtında istifadə edilməsi uzun müddət normal yaşamağa imkan verir. Yaxşı olardı xəstələr bizə vaxtında müraciət etsinlər. Gürcüstanda bu cür imkanlar var».

GÜRCÜSTAN ŞƏRQİ AVROPA VƏ KEÇMİŞ SOVET MƏKANINDA YEGANƏ ÖLKƏDİR Kİ…


Tenqiz Çerçvadzenin sözlərinə görə, Gürcüstan Şərqi Avropa və keçmiş Sovet məkanında yeganə ölkədir ki, yoluxanların hamısının pulsuz müalicəsini təmin edir. Buna görə də xəstəliyin vaxtında aşkarlanması lazımdır.

Tenqiz Çerçvadze bildirir ki, yüksək riskli insanlarda HİV testi pulsuz aparılır və o dövlət proqramından maliyyələşir. Qalan hallarda testin qiyməti 12 laridir.
AİDS və immunologiya mərkəzindən bildirirlər ki, Gürcüstanda bir sıra QHT və beynəlxalq təşkilatlar AİDS-lə mübarizə və profilaktika məqsədilə fəal proqramlar həyata keçirir. Onlardan biri də World Vision Gürcüstandır. 2003-cü ildən bu qurum AİDS-lə bağlı preventiv proqramlar həyata keçirməyə başlayıb.

Layihənin nümayəndəsi İrina Dzaqnidze izah edir ki, onlar bütün Gürcüstan boyunca işləyir və məqsədləri gənclər, miqrantlar, KİV-nin nümayəndələri və tibb işçilərini maarifləndirməkdir:

«Bir sıra tədbirlər, treninq, görüşlər, KİV-də kampaniyalar keçiririk. Hər il AİDS-lə mübarizə günündə fəal iştirak edirik».

Bütün dünyada AİDS-lə mübarizə günü dekabrın 1-də qeyd olunur. Artıq 16 ildir ki, bu gün Gürcüstanda da keçirilir. Hökumət 20-ci əsrin necə deyərlər, «taunu» ilə mübarizə aparmaq üçün 2010-cu ilin dövlət büdcəsində bu sahəyə daha çox vəsait ayırmağa hazırlaşır. Qlobal fondun maliyyəsi və dövlətin dəstəyi hesabına yaxın gələcəkdə müalicə mərkəzinin tikintisinə də başlanılacaq.

Bir də xatırladım ki, AİDS dostluq yolu ilə keçmir.
XS
SM
MD
LG