Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

Polislər və seyidlər seçki kampaniyasında


Emil Məmmədov
Emil Məmmədov
Salyan rayonunda bələdiyyəyə namizədlərə təzyiqlərin yeni formaları üzə çıxıb. Rəsmi qurumlar öz namizədləri naminə rayondakı seyidlərin nüfuzundan və polislərin təzyiqindən yararlanmağa başlayıblar.

KƏND SEYİDLƏRİNİN XAHİŞLƏRİNDƏN SONRA NAMİZƏDLİYİNİ GERİ GÖTÜRMƏYƏ MƏCBUR OLUB

Salyandakı Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasından namizədliyi qeydə alınan Noxudlu kənd sakini, ADP üzvü Məhərrəm Xudiyev kənd seyidlərinin xahişlərindən sonra namizədliyini geri götürməyə məcbur olub.

Məhərrəm Xudiyevin adı seçki siyahısına da salınıbmış, amma uzun müddət imiş ki, kənd icra nümayəndəsi Kamran Səmədov namizədliyini geri götürmək üçün ona təzyiqlər edirmiş. Bu təzyiqlər nəticəsiz qalanda, o, başqa üsullardan istifadə edib:

- Məhərrəm Xudiyevin dediyinə görə, son iki gün ərzində yerli seyidləri onun valideynlərinin yanına göndəriblər və bir xeyli minnətdən sonra onu namizədliyini geri götürməyə razı salıblar. Beləliklə, Məhərrəm Xudiyev ərizəni atasına, atası seyidlərə, seyidlər icra nümayəndəsinə, sonda o da DSK-ya verib.

Emil Məmmədova görə, qanunvericilikdə seçkiyə bu kimi müdaxilələrlə bağlı məsuliyyət nəzərdə tutulsa da, buna məhəl qoyan yoxdur. Hüquq müdafiəçisi deyir ki, bir o qalıb ki, seçkinin nəticələrini seçki keçirilməmiş elan eləsinlər.

«HEÇ BİR SƏBƏB DƏ DEMƏDİ»

60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədri Əbülfət Bədəlov isə deyir ki, ADP üzvü Məhərrəm Xudiyev namizədliyini geri götürməklə bağlı ərizəni özü şəxsən ona təqdim edib, ancaq bunun səbəbləri haqqında bir söz deməyib:

- Yəni, mən həmin adamla şəxsən görüşmüşəm və ərizəni özü gətirib verib. Heç bir səbəb də demədi, bildirdi ki, namizədliyimi geri götürürəm. Mənim səbəb barədə soruşmaq səlahiyyətim də yoxdur. Namizədliyini geri götürürsə, mən də onu qəbul eləməliyəm və bir gün müddətində də onu rəsmiləşdirib Mərkəzi Seçki Komissiyasına göndərməliyəm.

İCRA NÜMAYƏNDƏSİ MƏHƏRRƏM XUDİYEVİ TANIMIR

Bələdiyyə üzvlüyünə namizədə təzyiqlərdə adı hallandırılan Noxudlu kənd icra nümayəndəsi Kamran Səmədov isə deyir ki, namizədə təzyiq bir yana, o, baş verənlərdən xəbərsizdir və Məhərrəm Xudiyevi də tanımır:

- Mənim o adamın namizədliyini verməsi və geri götürməsi barədə məlumatım yoxdur.

Namizədliyini geri götürən Məhərrəm Xudiyevin özünə gəlincə, baş verənlərlə bağlı əvvəlcə bizimlə danışacağına
Salyan ağsaqqalları, 2009
söz versə də, sonradan bundan imtina etdi.

YAP-ÇIYA DA TƏZYİQ EDİLİB

Salyan rayonunda təzyiqlərdən gileylənən təkcə müxalifətdən olan namizədlər deyil. Rayonun Arbatan kəndindən olan, namizədliyi 59 saylı Dairə Seçki Komissiyasında qeydə alınan, YAP üzvü Natiq İsayev də ona polis tərəfindən təzyiq edildiyini deyir. Natiq İsayev bildirir ki, ona namizədliyini geri götürməklə bağlı təkliflər tez-tez olurmuş və hər dəfə də məsələni ciddi qəbul etmirmiş. Amma sonuncu dəfə Arbatan kənd sahə müvəkkili Zahid İsmayılov onu kənd icra nümayəndəsi Akif Səfərovun otağına dəvət edərək namizədliyini geri götürməyi tələb edib:

- Ayın 10-da mənə iki dəfə zəng edib, çağırıblar kənd icra nümayəndəsi Akif Səfərovun otağına, deyiblər ki, namizədliyini geri götür. Polis kapitanı dedi ki, sən namizədliyini geri götür, artıq seçiləcək 11 nəfər məlumdur və seçki qutularından onların adı çıxacaq.

Natiq İsayev deyir ki, bu barədə Dairə Seçki Komissiyasına, polisə, rayon prokurorluğuna, MSK və prezidentə müraciət edib:

- Buna baxmayaraq, həmin adamlar haqqında heç bir cəza tədbiri görülmür. Deyirlər nəzərə alınacaq, siz gedin təbliğatınızı aparın, işinizi görün.

Eyni dairədən, eyni kənddən olan bələdiyyəyə daha bir namizəd İlham İsmayılov da ona belə təzyiqlər edildiyini deyir.

«MƏN O VAXT OTAQDA YOX İDİM»


Arbatan kənd icra nümayəndəsi Akif Səfərov sahə müvəkkili ilə bələdiyyə namizədi arasında söhbətin onun iş otağında olduğunu təsdiqləsə də, həmin vaxt işdə olmadığını deyir. Bu səbəbdən də sahə müvəkkili ilə bələdiyyə namizədi Natiq İsayev arasındakı söhbətin nədən getdiyindən xəbərsizdir:

- Mən o vaxt otaqda yox idim və mənim otağımda fəhlə pəncərəyə şüşə salırmış. Həmin adamlar mənim otağıma yığışıblar və bir qədər sonra mənim müavinim onları otaqdan çıxarıb.

59 saylı Salyan Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimov baş verənlərdən xəbərdar olduqlarını və məsələ haqqında tədbir gördüklərini deyir:

- Həmin namizəd YAP üzvüdür, mənə dedi ki, guya Zahid adlı sahə müvəkkili ona təzyiqlər edib. Mən də dərhal Arbatan kənd icra nümayəndəsinə, icra hakimiyyətinə və polisə zəng edib bu barədə şikayət olunduğunu dedim və onunla da bu məsələ bitdi.
Salyan Polis İdarəsi
Üstəlik, onlar məndən sonra MTN-in rayon şöbəsinə, prokurorluğa və digər dairələrə gedib bu barədə məlumat veriblər, indi onlarla heç kimin işi yoxdur. Sonradan məlum oldu ki, sahə müvəkkili həmin namizədlə bu barədə elə-belə öz aralarında söhbət edib. Yəqin sahə müvəkkilinin orda yaxınları var, ona görə deyib.

ƏGƏR DEYİLƏNLƏR DÜZ OLSA…


Amma Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədli baş verənlərdən xəbərsiz olduğunu deyir. Polis rəisi onu da deyir ki, sahə müvəkkili kənar bir rayondandır və elə bu səbəbdən də hər hansı namizədin xeyrinə hansısa addımlar atmasına inanmır. Fuad Məmmədli deyir ki, təzyiqlərlə bağlı iddia səsləndirən şəxs ona müraciət etsin. Əgər deyilənlər düz olsa, sahə müvəkkili haqqında tədbir görməyə hazırdır.

Hüquqşünas Abil Bayramov isə deyir ki, polisin və icra nümayəndəsinin seçkiyə müdaxiləsi və hansısa namizədə təzyiqləri ciddi qanun pozuntusudur.

Hüquqşünasın sözlərinə görə, əgər həmin təzyiqlər vəzifəli şəxslər tərəfindən edilirsə, bu, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.
XS
SM
MD
LG