Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:40

Qızıl üstündə yaşayan gədəbəylilər…


Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton da mis ehtiyatı var
Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton da mis ehtiyatı var

UZAQ AFRİKA, YAXIN GƏDƏBƏY

Uzaq Afrikanın zəngin qızıl, almaz yataqlarının üstündə yaşayan insanların yoxsul həyat tərzi haqqında çox eşitmişdim. Ancaq Bakının cəmi 470 kilometrliyində yerləşən Gədəbəy rayonuna gələnə qədər belə insanlarla heç vaxt görüşməmişdim. Bir qədər səbr edin, onlarla qiyabi də olsa sizi də tanış edəcəm. Ancaq əvvəlcə dünya bazarına «Ayrım» brendi adı altında çıxarılan Gədəbəy qızılı haqqında bəzi bilgiləri çatdırmaq istəyirəm.

«AYRIM» BRENDİ ADI ALTINDA GƏDƏBƏY QIZILI…

- Artıq Gədəbəy yataqlarından qızıl dünya bazarlarına çıxarılır. Özü də çıxarılan qızıl «Ayrım» brendi adı altında gedir. 2 min unsiya çıxıb, bu ayın sonuna qədər də istehsalın 6 min unsiyaya çatacağı gözlənilir.

Bu məlumatları bizimlə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə bölüşür. Bir unsiya qızıl 31 qramdır. Gədəbəy Qızıl-Mis Emalı Zavodunun açılışı bu il, prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Layihəyə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti (ABMƏŞ) rəhbərlik edir. Qızıl-mis layihəsindən gələn gəlirin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə bu şirkətə çatmalıdır.

Gədəbəy şəhəri

Hələ iki ilə əvvəl «Azərqızıl» Dövlət Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının «R.V.Investment Group Services LLC» şirkəti arasında bağlanan müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinə 6 sahə verilib. Bunların biri Gədəbəydə, biri Ordubadda, biri Tovuzda, üçü isə işğal altında olan ərazilərdədir. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı şirkətin onlar üçün gördüyü işlərdən razılıq edir:

- Bu şirkət Gədəbəydə sosial obyektlərin təmirində də yaxından iştirak edir. Məktəbləri, xəstəxanaları təmir edib. İmkansız ailələrə yardımlar edib.

GƏDƏBƏY DAĞLARINDA 22 TON QIZIL, 192 TON DA GÜMÜŞ VAR

Zavodun açılışında prezident İlham Əliyevə məlumat verilib ki, Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton da mis ehtiyatı var. Bu yataqda əməliyyat məsrəflərinin 88 milyon, əsaslı məsrəflərin isə təqribən 33 milyon dollar olacağı gözlənilir. Bu da istehsal olunacaq qızılın bir qramının təqribən 9 dollara, bir ton filizin isə 12 dollara başa gələcəyi deməkdir. Əgər gümüş və misi nəzərə almasaq Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1100 dollaradır. Başqa sözlə, qızılın bir qıramı təqribən 35-36 dollara düşür. Bir unsiya gümüş 17, bir ton mis isə 6 min 880 dollardır. Gümüş və misi də nəzərə alanda, bu yataqdan əlavə olaraq 360 milyon dollar gəlirin əldə ediləcəyi proqnozlaşdırılır. Həmin yatağın yaxınlığında yerləşən Arıxdam kəndinin sakinlərinin isə bütün bu milyonlar heç yuxularına da girmir:

QIZIL ÜSTÜNDƏ YAŞAYAN ARIXDAMLILAR…

- Oğul, atamın goru haqqı çox adam barmağını sorur. Mən pensiya alıram, dolanıram. Çoxu onun-bunun qapısında işləməklə balalarını saxlayır…

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin Gədəbəy şöbəsi

Arıxdam kəndində təqribən 600-dən çox təsərrüfat var. Kənd sakinlərinin deməsinə görə, ötən il don vurduğundan bu il çoxları heç kartof da əkməyib. Mal-qaranın otlaq sahəsinin çox hissəsi isə qızıl-mis emalı zavodunun ərazisinə verilib:

- Camaatın malının-qoynunun yolunu kəsiblər. Çoxu malın-qoyunun satası oldu. Heç camaata kompensasiya da verilmədi.

Zəngin qızıl, almaz yataqlarının, onların üstündə yaşayan insanlara dərd-bəla gətirmələri haqqında çox eşitmişdim. Ancaq Gədəbəy rayonunun Arıxdam kəndi ilə tanış olana qədər bu barədə heç vaxt dərindən düşünməmişdim. Söz yox, sarı qızılın xeyrini görənlər həmişə olub, indi də var. Ancaq Arıxdam kəndində zavodda işləyən bəzi azsaylı insanları çıxmaqla, çoxu ayaqları altından çıxarılan qızılın onlara xoşbəxtlik gətirmədiyini düşünür:

- Neftin xeyrini görmədiyimiz kimi, bu qızılın da xeyrini görmürük. Bizə ancaq ziyanı var.

SARIYOL ÇAYINDA ZƏHƏRLƏNMƏLƏR…

Qızıl-mis emalı zavodunun yaxınlığından Sarıyol çayı axır. Arıxdam kəndinin camaatı indi bu çaydan qorxmağa başlayıb. Bir neçə gün əvvəl bu çaydan su içən kəndin qoyun sürüsündə kütləvi zəhərlənmə baş verib. 30-a yaxın qoyunu zəhərlənən Arıxdam kəndinin sakini Bakir Abbasov düşünür ki, həmin çaya mədən suları qarışıb:

Ərazidəki çaylardan biri

- 30-a yaxın qoyun idi, onlardan ikisi öldü. Qoyunların ağzından ağ köpük axırdı. Leşə yaxınlaşanda, kislata iyi verirdi. Qalanların iynə-dərmanla sağaltdıq. İkisi hələ də xəstədir, damda yatır. Ya ölələr, ya qalalar…

Bakir Abbasov deyir ki, qoyunlarının zəhərlənməsi ilə bağlı şirkətə də məlumat veriblər. Şirkətdən gəlib ölmüş qoyunların şəkillərini çəkib, cəsədlərindən də nümunələr götürüblər.

Bakir Abbasovun sözlərinə görə, şirkət əməkdaşları bildiriblər ki, əgər zəhərlənmə mədən sularından baş versə, onlara dəymiş ziyanı ödəyəcəklər. Ancaq bununla belə, onlar özləri də ehtiyatı əldən verməyiblər:

- Uşaqlar ölən qoyunların ciyərindən, ödündən, başqa yerlərindən nümunələr götürüb bankada saxlayırlar. Əgər başqa şey desələr biz özümüz də onları yoxlamaya aparacağıq.

Bu kənddə qoyunları zəhərlənib ölən tək Bakir Abbasov deyil. Ancaq xoşbəxtlikdən Arıxdamda zəhərlənmədən insan ölümü qeydə alınmayıb. Hərçənd kənddə danışırlar ki, bir müddət əvvəl qadınlardan biri də həmin çayda yun yuduqdan sonra zəhərlənib.

Sadəcə, vaxtında həkimə çatdırdıqlarından onu həyata qaytarmaq mümkün olub…

Ardı var.

XS
SM
MD
LG