Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:17

Nazirlər bahalı maşınları neçəyə alırlar?


«Nazir-oliqarxların elə bahalı maşın parkı var ki, heç xidməti maşınına minmir də»
«Nazir-oliqarxların elə bahalı maşın parkı var ki, heç xidməti maşınına minmir də»

.

Bu, mövzu müxbirlərimiz tərəfindən 2009-cu ilin dekabrında hazırlanıb.

Yüksək vəzifəli məmurları xidməti avtomobillə hökumət təmin edir. Ancaq hansı nazirin neçə minlik maşına minməsini əsaslandıran bir normativ yoxdur. Əgər baş prokuror Zakir Qaralov qiyməti 120 min dollardan başlayan «Mercedes» minirsə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov təxminən 80 min dollarlıq «BMW-730»a minir. Elə suallarımızı da daha tez və dolğun cavablandıran Bağırovun rəhbərlik etdiyi nazirlik oldu, hətta onlar nazir müavinlərinin də, gələn qonağı da daşıyan maşınların qiymətini, markasını mediadan gizlətmədilər.

Həmçinin oxu:

Hüseynqulu Bağırovun müavinlərini gəzdirən Nissan «Maxima»Lar təxminən 40 min dollara alınıb.

OLİQARXLARIN BAHALI AVTOMOBİL PARKI

Millət vəkili Pənah Hüseynə görə, büdcədən nəqliyyat vasitələrinin alınmasına ayrılan vəsaitin xərclənmə şəffaflığını müzakirə etməyə vaxt itirməyə dəyməz:

«Milyardlarla yeyinti olan yerdə adama deyərlər ki, işi-gücü yoxdur, qəpik-quruş davası döyür. Onsuz da Azərbaycanda tender formal xarakter daşıyır. Özü də nazir-oliqarxların elə bahalı maşın parkı var ki, heç xidməti maşınına minmir də».

Bəs Pənah Hüseynin «yeyilən» milyardların qabağında qəpik-quruş» saydığı bu pul necə xərclənib, ictimaiyyətin bundan xəbəri olubmu?

Pənah Hüseyn

Söhbət tenderlərdən gedir.

«SORĞUNUZU QOVLUĞA TİKMİŞİK»

Tender açıqlamalarını əksər dövlət qurumlarında xoşlamırlar. Ona görə də bəziləri suallarımızı cavabsız buraxdı, bir neçəsi də «gözləyin, bir ay ərzində cavab verəcəyik» söylədi. Hətta Milli Məclisdən bir xanım dedi ki, bəs müdir məktubumuzu ona verib və tapşırıb ki, qovluğa tikək. Sən demə, biz bu sorğunu onlara ona görə göndərmişik ki, qovluğa tiksinlər. Estoniyanın Ədliyyə Nazirliyinə isə emaillə göndərdiyimiz suallara iki-üç gün ərzində cavab aldıq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də sualımıza cavab verdi, amma cavabından yalnız onu bildik ki, qurumda 4 xidməti avtomobil var, üçü də nazirliyin strukturuna aid olan Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin balansındadır. Bu maşınlar nazir və müavinlərini, aparat rəhbərini, o cümlədən mərkəzin direktoru və müavinini gəzdirir, biri isə xidməti işləri yerinə yetirmək üçün ayrılıb. Bir də onu bildirib ki, avtomobillərin alınması dövlət satınalınmasıyla bağlı qanunvericiliyə uyğun keçirilib. Lap yaxşı. Bəs tender nə vaxt keçirilib? Hansı firmalar iştirak edib? Hansı qiymətlər təklif olunub? Nəhayət, maşınlar neçəyə alınıb, hansı markadır? İki dəfə rəsmi müraciət etsək də, bu sualların cavabını ala bilmədik.

İqtisadçı Azər Mehtiyev deyir ki, nazirlik bu sualları cavablandırmamaqla tenderlərin şəffaflıq prinsipini pozub:

«Əslində tenderlərin nəticələri rəsmi mətbuatda dərc olunmalıdır. Qalib firmanın adı göstərilməlidir. Biz də bu cür sorğularla bağlı müraciət edirik, susurlar. Çünki bilirlər ki, qanunu pozduqları üçün kimsə onları cəzalandırmayacaq».

TÜRKİYƏ DEPUTATLARI DAHA ŞANSLIDIR

Azər Mehtiyev onu da deyir ki, hökumət büdcəni tərtib edəndə nəqliyyat vasitələri üçün ayırdığı vəsaiti əsaslandıran sənədi parlament müzakirəsinə vermir.

«Halbuki, Türkiyə Böyük Millət Məclisinin üzvləri dəqiq bilirlər ki, hökumətin nə qədər maşına ehtiyacı var, hansı qiymətdə və markada avtomobil alınması nəzərdə tutulub. Yəni hökumət bu faktları əks etdirən sənədi büdcə layihəsinə əlavə edir. Azərbaycanda isə yüksək vəzifəlilərin xidməti avtomobilinin markasını, qiymətini tənzimləyən ümumi qayda, limit yoxdur. Kim neçə manatlıq istəyir, onu da alır».

TƏZƏ NAZİRƏ TƏZƏ MAŞIN

Uzun müddət Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinə rəhbərlik edən Oqtay Haqverdiyev isə deyir ki, nazirlər üçün alınan avtomobillərlə bağlı tender keçirilmir:

«Onların maşını yuxarıların göstərişiylə təzələnir. Hətta nazir dəyişəndə də göstəriş verilir ki, ona yeni maşın verilsin. İşlədiyim dövrdə xatırlamıram ki, hansısa nazirə maşın alınması üçün tender keçirilsin.

«TENDER»I UDAN FİRMA LƏĞV OLUNUB

Amma bəzən tender keçirilir. Daha doğrusu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2006-cı ildən bəri bircə maşın alıb. Nazirlikdən deyirlər ki, onların müsabiqəsində üç şirkət iştirak edib: «PM», «Alsu» və «Alba» Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC). Sifarişi «PM» alıb.

Biz sorğuda iştirak edən şirkətləri axtardıq. Vergilər Nazirliyindən bildirdilər ki, 2003-cü ildə qeydiyyatdan keçən «PM» MMC-nin 2007-ci ildə qeydiyyatı ləğv olunub, «Alba» adında isə ümumiyyətlə MMC qeydə alınmayıb.

Azər Mehtiyev

Bəzi iqtisadçılar hesab eləyirlər ki, adətən tenderlər vaxtı maraqlı şəxslər MMC təsis edib alqı-satqını həyata keçirirlər və sonra da onu ləğv edirlər. Ekspert Natiq Cəfərli deyir, ola bilsin, bu şirkət başqa dövlət qurumlarının alqı-satqısında da iştirak eləyib və sonra da «yoxa çıxıb»:

«Tenderlərin və dövlət satın almalarının qeyri-şəffaf keçirilməsi, qanunlara riayət olunmaması, bu sahədə korrupsiya hallarına yol açır. Elə buna görə də, belə «bir günlük» firma və təşkilatların olması heç də təəccüblü deyil. Öz işlərini gördükdən sonra bu tipli firmaların qeyb olması izlərin itirilməsi anlamına gəlir».

TENDERDƏ SAXTA RƏQABƏT

İqtisadçı Azər Mehtiyev isə deyir ki, ölkədə həm kortirovka sorğuları, həm də tenderlər formal xarakter daşıyır. Xüsusilə bu sahə ictimaiyyətin diqqətindən kənar qaldığı üçün kim necə istəyir, elə də bu vəsaitlə davranır.

«Bir çox hallarda say artırmaq üçün müxtəlif firmaların iştirakı təmin edilir, amma bu firmalar da əksər vaxt formal yaradılan qurumlar olur. Yəni guya tenderdə rəqabət var. Bəzən də qalib şirkət sifarişi yerinə yetirəndən sonra ləğv olunur».

«TENDERDƏN XƏBƏRİMİZ OLMUR»

Azərbaycanda avtomobil satışıyla məşğul olan şirkətlərdən birinin əməkdaşı Telman Əliyev deyir ki, uzun illərdi avtomobil satışıyla məşğul olsalar da, heç bir dövlət qurumunun tenderində iştirak etməyiblər:

«Çünki məlumatımız olmayıb. Nə mənim, nə də digər həmkarlarımın. Bir çox hallarda dövlət qurumları maşın alanda özləri firma yaradırlar. Bu boyda pul niyə hansısa sahibkara getsin ki? Ya da hökumətə yaxınlığıyla seçilən iri şirkətlərə sifariş verirlər. Bu zaman da bizim satdığımız eyni avtomobillə bu iri şirkətlərdə satılan maşınların qiyməti arasında xeyli fərq olur. Dövlət qurumları bazarda daha ucuz olan maşını iki-üç dəfə artıq qiymətə alırlar».

KÖHNƏDƏN NECƏ «TƏZƏ» DÜZƏLDİLİR

Adının çəkilməsini istəməyən başqa bir şirkətin meneceri isə deyir ki, hökumətlə və ya müvafiq nazirliklə hər hansı əlaqəsi olmayan müəssisələr ucuz və sərfəli maşın təklif edirlər, amma onların xidmətindən yararlanmaq istəyən dövlət qurumu tapılmır:

«Hətta belə bir tendensiya da var ki, 2-3 işlənmiş maşınları xarici ölkələrdən ucuz qiymətə alıb əsaslı təmir elətdirirlər və rəngləyirlər, sonra da yeni maşın adıyla dəyərindən bir neçə qat baha nazirliyə alırlar».

Başqa araşdırmanın mövzusu da, mətbuat dəfələrlə büdcə hesabına alınan bahalı avtomobillərin bir neçə il sonra dəfələrlə ucuz qiymətə satışa çıxarıldığından yazıb. Və həmin maşınlar yenə də köhnə sahiblərinə qismət olur.

HESABLAMA PALATASI HƏR ŞEYİ YOXLAYIR, BUNU YOX

Bəs Hesablama Palatası nəqliyyat vasitələri alınması üçün ayrılan vəsaitin necə xərclənməsini araşdırırmı? Qurumun mətbuat xidmətindən deyirlər ki, onlar büdcənin necə xərcləndiyini yoxlayırlar, amma konkret bunu yox. Dövlət Satınalmaları Agentliyi isə nəqliyyat vasitələrinin alınmasıyla bağlı keçirilən tenderlərlə bağlı sualları onlara yox, aidiyyətli qurumlara göndərməyimizi istəyir.

Nazirlər üçün alınan avtomobillərlə bağlı tender keçirilmir

Agentliyin şöbə müdiri Zahid Vəliyev AzadlıqRadiosuna müsahibəsində tenderlərin qeyri-şəffaf keçirilməsiylə bağlı səslənən iradları qəbul etmir.

PUL AYRILIB, AMMA ELAN YOXDUR

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, 2009-cu il üçün onlar hər hansı dövlət qurumunun nəqliyyat vasitəsi almasıyla bağlı elana rast gəlməyiblər. Halbuki, bu il nəqliyyat vasitələrinin alınmasına 25 milyon manat vəsait ayrılıb. Bu vəsaitin hara, necə xərclənməsi də deyəsən, ayrı bir araşdırma mövzusu olacaq. Hər halda gələn ilin əvvəli bilinəcək ki, bu vəsait xərclənib, yoxsa büdcəyə qaytarılıb.

ƏDLİYYƏ NAZİRİNİ KİRAYƏ MAŞIN GƏZDİRİR

İqtisadçı müsahiblərimiz nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən ayrılan vəsaiti qeyri-effektiv xərc sayırlar. Onlar kirayə maşınların xidmətindən istifadəyə üstünlük verən bir çox Şərqi Avropa ölkələrinin dövlət qurumlarını nümunə göstərirlər. Məsələn, Estoniyanın Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Diana Koomus AzadlıqRadiosuna bildirir ki, onların nazirini kirayə götürülmüş «Audi A6» markalı avtomobil gəzdirir:

«Eyni markadan olan ikinci maşın da kirayədir. Hər iki maşın üçün ayda təxminən 633 avro ödənilir».

Diana Koomus deyir ki, xidməti işlər üçün də maşını olan sürücülərlə müqavilə bağlanır və ona gördüyü işin müqabilində haqq verilir.

- Nəyə görə nazirlik özünə maşın almır?

- Maşınları icarəyə götürmək almaqdan daha sərfəlidir. Xidməti işlər üçün çoxlu məsafə qət edən və buna görə təmir ehtiyacları artan maşınları 5 ildən artıq saxlamaq olmur. Avtomobilləri icarəyə götürməklə biz həm də köhnə maşınları satmaq kimi üzücü prosesdən can qurtarmış oluruq.

SON

Büdcədə «nəqliyyat vasitələri» maddəsiylə yanaşı «digər maşın avadanlığı» maddəsi də var. Bu istiqamətə ayrılan məbləğ isə heç də az deyil. Son altı ildə 400 milyon dollardan çox vəsait də elə «digər maşın avadanlığı» alınması üçün xərclənib. «Digər maşın avadanlığı» deyəndə Maliyyə Nazirliyi nəyi nəzərdə tutur, təəssüf ki, bunun açıqlamasını nazirlik anlatmaq istəmədi.
2010-cu ildə də hər iki maddə üzrə 133 milyon manatın xərclənməsi nəzərdə tutulur...

P.S. Sizcə məmurların bahalı maşınları onların işinə müsbət təsir göstərir? Şərhlərinizi yazın

XS
SM
MD
LG