Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:58

«Baş verənlərin arxasında prezident dayanır»


E. Fətullayevi 8.5 il müddətinə azadlıqdan məhrum ediblər
E. Fətullayevi 8.5 il müddətinə azadlıqdan məhrum ediblər
Söz Azadlığını Müdafiə Komitəsi həbsdəki jurnalist Eynulla Fətullayevin üzərində narkotik tapılmasını jurnalistə qarşı növbəti təxribat kimi qiymətləndirir.

Komitə ictimai fəallarla birgə bəyanat yayıb. Komitənin sədri Arzu Abdulla bildirib ki, dekabrın 31-də yenidən fövqəladə toplantı keçirəcəklər və növbəti bəyanat hazırlayacaqlar:

«Eynulla Fətullayevin üzərindən narkotik tapılması çox primitiv bir ssenaridir. Ölkədə baş verənlərlə bağlı prezidentə çoxsaylı müraciətlər göndərilib. Bu müraciətlərin heç birinə reaksiya verilmirsə, belə çıxır ki, bütün baş verənlərin başında ölkə prezidenti dayanır».

Dekabrın 29-da həbsdəki jurnalist Eynulla Fətullayevin ayaqqabısından və paltarının astarından 0.2 qram geroin tapılıb.

Fətullayevi terrorizmə çağırış, vergidən yayınma ittihamları ilə 8.5 il müddətinə azadlıqdan məhrum ediblər. O, Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib. Yaxın həftələrdə iş üzrə dinləmələrin keçirilməsi gözlənilirdi. AİHM Fətullayevin şikayətini təmin edəcəyi halda o, azadlığa buraxılmalı idi.

Emin Fətullayev
Eynulla Fətullayevin atası Emin Fətullayev də narkotik işinin oğlunun azadlığa buraxılmaması üçün ortaya çıxdığını deyib:

«Koloniyanın rəisi həbsxanada olmadığı bir vaxtda Baş İdarədən gəlib axtarış aparıblar. Mən rəisin özü ilə də danışdım. O, mənə bildirdi ki, bura narkotik maddənin daxil olması mümkün deyil. Azərbaycan Rusiya modelini tətbiq edir. Necə ki, Xodorkovski barəsində iki aydan bir yeni iş açırlar ki, Avropa Məhkəməsinin qərarı tətbiq olunmasın. Eynullanın başına da eyni iş gətiriblər».

«EYNULLA SINMAYIB»


Politoloq Zərdüşt Əlizadə deyir ki, Eynulla Fətullayevin hədəf alınmasının bir səbəbi də onun həbsxanada sınmamasıdır.

«Məncə hökumət özünə qoruma instinktini itirib. Kimsə ölkədə terror üçün zəmin yaradılmasında maraqlıdır. Ona görə də bu cür addımlarla gərginliyi artırırlar».

Bunu Zərdüşt Əlizadə AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib.

Politoloq Rasim Musabəyov da söz azadlığına qarşı yönəlmiş addımların sabitlik üçün təhlükəli olduğu fikri ilə razılaşır. «İşdən sonra» proqramında məsələni şərh edən politoloq Eynulla Fətullayevə qarşı yönəlmiş ittihamların böyük şübhə doğurduğunu deyir:

Zərdüşt Əlizadə
«Eynulla Fətullayevə dərs demişəm. O, nəinki narkotik, hətta içkiyə belə yaxın duran adam deyil. Tələbə ikən hətta namaz da qılırdı. Bu cür ittihamlar ədliyyə sistemini gözdən salır».

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Şahvələd Çobanoğlu da hesab edir ki, bu hadisə jurnalisti həbsdə saxlamaq üçün qurulmuş əməliyyatdır:

«Bu, birinci əməliyyat deyil. Hələ Eynulla həbsdə olarkən onu terrora çağırış maddəsi ilə təqsirləndirdilər və cəzasını artırdılar. Bu addımla Eynullanın timsalında Azərbaycan mətbuatına, öz fikrini azad ifadə etmək istəyən cəmiyyətə meydan oxuyurlar».

«QARABAĞ MÜNAQİŞƏSİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK»

Hüquq müdafiəçisi Leyla Yunus bildirir ki, bu hadisə Qarabağ münaqişəsinin həllinə də çox pis təsir göstərəcək:

«Bildiriləcək ki, Azərbaycanda demokratiya yoxdur, söz azadlığı pozulur, bu ölkədə yaşamaq mümkün deyil. Biz xarici ölkələrin təcrübəsindən yararlanaraq bu rejimlə dinc mübarizə aparmalıyıq».

Mehman Əliyev
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, bu xəbər onun üçün gözlənilməz olmayıb:

«Təəssüflər olsun ki, Avropa strukturları, beynəlxalq təşkilatlar boş-boş bəyanatlardan başqa heç bir ciddi iş görməyib. Verilən bəyanatlar heç nəyə təsir göstərmir, əksinə, ölkədə getdikcə media sahəsində vəziyyət daha da pisləşir».

Parlamentin İnsan Haqları komissiyasının sədri Rəbiyyət Aslanova isə Eynulla Fətullayevə qarşı ittihamlara həsr olunmuş «İşdən sonra» proqramında iştirakdan imtina edib:

«Mən bu adam haqqında danışmaq istəmirəm».
XS
SM
MD
LG