Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:14

Azərbaycan 2009-cu ildə beynəlxalq hesabatlarda


2009-cu ildə Azərbaycan beynəlxalq reytinqlərdə hansı yerlərdə olub?

Azərbaycan «azad olmayan» ölkə kimi 193 ölkə arasında 154-cü yeri tutub.

«Freedom House» beynəlxalq hüquq-müdafiə təşkilatının 2009-cu il iyulun 18-də açıqladığı «Dünyada azadlıq» adlı illik hesabatında belə qeyd olunur.

2009-cu ildə korrupsiya ilə mübarizdə Azərbaycan Zimbabve, Yəmən , Qazaxıstan və Bəhreynlə eyni cərgədə yer alıb. Belə bir reytinqi də «Freedom House» təşkilatı açıqlayıb. Təşkilatın 2009-cu ilin avqustunda açıqladığı illik hesabatında Azərbaycan korrupsiyayla ən zəif mübarizə aparan ölkə kimi göstərilir.

Hesabat 2004-cü ilin noyabrından 2005-ci ilin noyabrına qədər olan dövrü əhatə edir. Otuz ölkəni əhatə edən bu hesabatda idarəetmənin əsas komponentləri, qanunun aliliyi, vətəndaş azadlığı, antikorrupsiya və şəffaflıq ön plana çəkilib. Keçmiş sovet ölkələri sırasında Ukrayna və Gürcüstan kimi ölkələr islahatların keçirilməsi baxımından alqışlansa da, Azərbaycanla Qazaxıstan korrupsiya ilə ən zəif mübarizə aparan ölkələr kimi xarakterizə edilib.

Korrupsiyanın səviyyəsilə bağlı bu və indiyə qədərki hesabatlara münasibət bildirən iqtisad elmləri doktoru Zahid Məmmədova görə, nə qədər ki, vətəndaşların əksəriyyəti öz problemlərini şəxsi tanışlıq və rüşvət verməklə həll etməyə çalışacaq, Azərbaycan gələcəkdəki hesabatlarda da indikindən yaxşı yerdə olmayacaq.

Təşkilatın hesabatında Azərbaycan «azad olmayan» ölkə kimi 193 ölkə arasında 154-cü yeri tutub
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, görülən işlərdən asılı olmayaraq «Freedom House» təşkilatı bütün hesabatlarında Azərbaycana qarşı qərəzli münasibət bəsləyir:

«Həmin təşkilat Azərbaycandakı inkişafı heç vaxt görmək istəmir».

Dünya Bankının həmin ərəfədə açıqladığı hesabatında da keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğu göstərilsə də, bu ümumi meylin əksinə olaraq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda korrupsiyanın bir az da artdığı deyilirdi.

KORRUPSİYANIN SƏVİYYƏSİNƏ GÖRƏ 143-CÜ

Beynəlxalq Şəffaflıq Təşkilatının 2009-cu il noyabrın 17-də açıqladığı «Korrupsiyanı Qavrama İndeksi» hesabatında Azərbaycan 180 ölkə arasında 143-cü olub. Təşkilat hesab edir ki, 2008-ci illə müqayisədə Azərbaycanda vəziyyət cüzi də olsa yaxşılaşıb.

Azərbaycanın ötən ilki 1.9 ballıq yerdən 2.3 bala yüksəlib. Beynəlxalq Şəffaflıq Təşkilatı ehtimal edir ki, bu, hökumətin biznes mühitini yaxşılaşdırmaq və korrupsiyaya qarşı mübarizə sahəsində qəbul elədiyi qərarlarla bağlı ola bilər.

Amma yaxşılaşmaya baxmayaraq, Azərbaycan korrupsiya sahəsindəki vəziyyətə görə Qafqazdakı bütün qonşularından geridədir.

Ermənistan keçən illə müqayisədə bir qədər geriləsə də, yenə də Azərbaycandan yuxarıda -siyahının 120-ci pilləsində qərar tutub.

RƏQABƏTDƏ 51-Cİ


Rəqabətlilik indeksi üzrə isə Azərbaycan 2008-ci ilə baxanda 2009-cu ildə 18 pillə irəliləyib və nəticədə 133 ölkə arasında 51-ci sırada qərarlaşıb. Dünya İqtisadi Forumunun 2009-cu il sentyabrın 8-də açıqladığı Qlobal Rəqabətlilik Hesabatında belə deyilir.

Dünya İqtisadi Forumu xüsusilə Azərbaycanda makroiqtisadi sabitliyin irəliləyərək 27-ci sıraya yüksəldiyini qeyd edir.

Təşkilat Azərbaycanı milli ehtiyatları və büdcəsi artan, dövlət borcları az olan bir dövlət kimi xarakterizə edir. Amma qeyd edir ki, inflyasiyanın artması narahatlıqlar yaradır. İş bazarında vəziyyət isə 34-cü yerdən 13-cü yerə qalxıb.

Hesabata görə, Azərbaycanda bir iş qurmaq üçün keçilməsi mütləq olan prosedurların sayı 13-dən 6-ya, bunun üçün lazım olan vaxt isə, 30 gündən 16 günə endirilib.

Amma Dünya İqtisadi Forumun hesabatında biznesin qarşısında duran problemlərin də az olmadığı qeyd olunur. Ən böyük problemin isə korrupsiya olduğu göstərilir.

33-DƏN 38-Ə

Bu hesabatdan bir gün sonra Dünya Bankının «Doing Business-2010» hesabatında Azərbaycanın 5 pillə gerilədiyi göstərilir. Ötən hesabatda islahatçı ölkələrin siyahısına başçılıq edən Azərbaycan 2009-cu ildə 33-cü pillədən 38-ci pilləyə düşüb.

Gürcüstan siyahıda 11-ci, Ermənistan isə 43-cü yerdə qərarlaşıb. «Doing Business-2010» hesabatı 183 ölkəni əhatə edib.

İNSAN İNKİŞAFINA GÖRƏ 86-CI

Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının insan inkişafı haqda 2009-cu il oktyabrın 5-də açıqladığı hesabatında Azərbaycan 182 ölkə arasında 86-cı olub. Ermənistan 84, Ukrayna 85, İran isə 88-ci yerdə göstərilib. BMT-nin yeni hesabatı 2007-ci ilin göstəricilərinə əsaslanır.
Bu göstəricilər isə adambaşına düşən daxili məhsul, orta ömür, təhsil və tibbin vəziyyəti və s-dir.

MƏTBUAT AZADLIĞINA GÖRƏ 146-CI

«Mətbuat azadlığı indeksi -2009» adlı hesabatda Azərbaycan 175 ölkə arasında 146-cı olub
2009-cu ildə mətbuat azadlığına görə, Azərbaycan 175 ölkə arasında 146-cı olub. «Sərhədsiz Reportyorlar» Təşkilatının oktyabrın 20-də açıqladığı «Mətbuat azadlığı indeksi -2009» adlı hesabatında belə qeyd edilir. Digər Cənubi Qafqaz respublikalarından Ermənistan bu siyahıda 111, Gürcüstan isə 81-ci yerdədir.

«Mətbuat azadlığı indeksinə» görə, birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya və Norveç gəlir.

Mətbuat azadlığına görə ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan və İrandır.

DİN AZADLIĞININ VƏZİYYƏTİ PİSLƏŞİB

İslam Konfransı Təşkilatı 2009-cu ildə Bakını İslam Mədəniyyətinin paytaxtı elan eləsə də, ABŞ Dövlət Departamentinin 2009-cu il oktyabrın 27-də açıqlanan dini azadlıqlar haqda illik hesabatında Azərbaycanda din azadlığı sahəsində vəziyyətin pisləşdiyi qeyd edilir. Hesabatda bildirilir ki, 2009-cu il martın 18-də keçirilən referendumdan sonra ölkə Konstitusiyasına bir sıra dəyişikliklər edilib ki, onun da ikisi dinin təbliğinin məhdudlaşdırılmasıyla bağlıdır.

Hesabatda Milli Məclisin mayın 8-də «Din azadlığı haqqında» qanuna dəyişiklik etməsinin dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola biləcəyindən narahatlıq duyulur.

Sənəddə bildirilir ki, hesabat dövründə «Məscidlər bağlanıb, Yevangelist protestant dini qruplarına qarşı reydlər keçirilib. İslam və qeyri-ənənəvi xristian dini icmalarının federal və yerli məmurlar tərəfindən təqib və həbs edilməsi haqda məlumatlar var».

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə hesabatda Azərbaycanla bağlı deyilənlərlə razılaşmır. Millət vəkili ölkə qanunlarına edilən dəyişikliklərin mütərəqqi olduğunu, Azərbaycanın isə dini tolerantlıq baxımından Amerikaya nümunə ola biləcəyini deyir:

- Alternativ hesabatlar lazımdır ortaya qoyulsun. Bəlkə də digər ölkələrin cəsarət etməyərək alternativ hesabatı ortaya qoymaması, digər qurumların bu məsələdən uzaqlaşması, Dövlət Departamentinə haqq verir ki, özünü çox böyük ekspert kimi qiymətləndirsin. Ekspert deyəsən, çox köhnə stereotiplərlə çalışır.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu isə hesab edir ki, 2009-cu ildə Azərbaycanda dini vəziyyət xeyli pisləşib:
- Əvvəlki illərlə müqayisədə vəziyyət on dəfələrlə, yüz dəfələrlə pisləşib. Bu, özünü məscidlərin sökülməsində, bağlanmasında göstərib. Bu il 2 məscid sökülüb, bir neçə məscidin sökülməsi söhbəti var, qanuna irtica mahiyyətli dəyişikliklər edilib. Bu gün müsəlman çoxluğun hüquqları daha çox pozulur.

İlqar İbrahimoğlu hesab edir ki, 2009-cu ildə Azərbaycanda dini vəziyyət xeyli pisləşib
JURNALİST TUTMAĞA GÖRƏ DÜNYADA 7-Cİ


2009-cu il dekabrın 25-də bir jurnalist əfv olunsa da, bundan 17 gün əvvəl Jurnalistləri Müdafiə Komitəsinin açıqladığı hesabatda həbsdə olan jurnalistlərin sayına görə, Azərbaycan 7-ci yerdə qərarlaşıb.

Jurnalistləri Müdafiə Komitəsinin illik hesabatına görə, son bir ildə dünyada tutulan jurnalistlərin sayı 9 faiz artıb. Hesabata görə, indi dünyada 136 jurnalist həbsdədir.

Hesabatda qeyd olunur ki, son 10 illikdə həbsdə bu qədər jurnalist yalnız 2002-ci ildə olub - 139 nəfər.
XS
SM
MD
LG