Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:38

«Rusiya aktiv görünsə də, münaqişənin tezliklə həllində maraqlı deyil»


Prezidentlər Soçidə, 25 yanvar 2010
Prezidentlər Soçidə, 25 yanvar 2010
Azərbaycan və Ermənistan prezidentləri yeniləşmiş Madrid prinsipləri ilə bağlı özlərinin konkret təkliflərini yazıb verməlidirlər.

Bunu Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. İndi Azərbaycanda bu açıqlamalar ətrafında ən müxtəlif təxminlər eşidilməkdədir.

Politoloq Rasim Musabəyov bu məsələlər ətrafında əsasən iki variant haqqında düşünür. Birinci varianta görə Rusiya tərəflərə ATƏT-in Minsk qrupunda hələ müzakirələrə çıxarılmamış təkliflər verib.

RUSİYANIN TƏKLİFLƏRİ VAR?


Rasim Musabəyov ehtimal edir ki, indi tərəflərə bu təkliflər ətrafında düşünmək üçün vaxt verilib:

«Görünür bu təkliflərə hə-yox deyilməyib və Rusiyada bu təklifləri ört-basdır etmək üçün hansısa preambuladan, hansısa düzəlişlərin yazılı sürətdə təqdim edilməsindən danışır. Ancaq söhbət konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin müzakirəsinə çıxarılmamış təkliflərlə bağlı tərəflərə iki həftə vaxt verilməsindən gedir».

Rasim Musabəyov
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov da tərəflərin iki həftə ərzində öz təkliflərini təqdim edəcəyinə ümidvar olduğunu və bundan sonra həmsədrlərin yenidən regiona səfər edəcəyini bildirmişdi.

ERMƏNİSTAN APRELƏ QƏDƏR MANEVR İMKANLARI QAZANIR?

Rasim Musabəyovun fikrincə ikinci variant isə ondan ibarətdir ki, Ermənistan güzəştə getməyərək aprel ayına qədər məsələləri uzatmaq istəyirlər:

«İstəyirlər ki, ya aprel ayına qədər ABŞ təzyiqlər edib Türkiyəni protokolları imzalatmağa məcbur etsin və nəticədə Azərbaycanın mövqeyi zəifləsin. Ya da Türkiyə protokolları imzalamasa qondarma soyqırım iddialarını konqresdə keçirməyə nail olub öz mövqelərini gücləndirsin».

Rasim Musabəyov düşünür ki, əks halda tərəflərin yeniləşmiş Madrid prinsipləri ilə bağlı öz təkliflərini yazılı şəkildə bildirməsinin heç bir əhəmiyyəti qalmayacaq. Çünki tərəflərin yazılı təklifləri yenə bir-birindən 180 dərəcə fərqlənəcək.

YAZILI TƏKLİFLƏR TƏRƏFLƏRİN TƏBLİĞAT İMKANLARINI MƏHDUDLAŞDIRIR?


Ancaq Azərbaycanda belə fikirlər də var ki, əgər tərəflər öz təkliflərini konkret olaraq yazılı şəkildə bildirsələr, bu onların təbliğat imkanlarını azaldar. Nəticədə onlar danışıqlarda bir şeydən danışıb, ölkə ictimaiyyətlərinə fərqli şey söyləyə bilməzlər.

Arif Yunus
Əslində bu görüş ərəfəsində Azərbaycanda bəzi dairələrdə belə bir gözlənti var idi ki, Rusiya Ermənistana təzyiqlər edəcək. Bu da Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidlər yaradırdı.

Politoloq Arif Yunus isə düşünür ki, Soçi danışıqları Azərbaycandakı həmin gözləntiləri puç edib. Onun fikrincə Rusiya indi aktiv görünsə də, heç də bu münaqişənin tezliklə həllində maraqlı deyil:

«2008-ci il avqust müharibəsindən sonra Rusiyanın nüfuzuna böyük zərbə dəyib. İndi o göstərmək istəyir ki, Gürcüstanla münasibətləri gərgin olsa da əslində regionda sülh tərəfdarıdır».

DAĞLIQ QARABAĞIN ERMƏNİ İCMASI DANIŞIQLARA QATILIRMI?

Ermənistanda bəzi KİV-lərin iddiasına görə Soçi görüşündə Dağlıq Qarabağın erməni icmasının danışıqlarına ayrıca tərəf kimi qatılması ilə bağlı razılıq əldə edilib. Hərçənd Ermənistanda bəzi mənbələr də bunu hökumətin təbliğat məqsədi ilə ortalığa atdığını düşünürlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elxan Poluxov isə deyir ki, onlar belə iddiaları şərh etmək fikrindən uzaqdırlar. Çünki bu iddialar hökumət rəsmilərinə yox, bəzi KİV orqanlarına mənsubdur.

Yerli politoloqlar isə düşünürlər ki, nə qədər ki, status məsələsinin həlli real müstəviyə keçməyib Azərbaycan tərəfi çətin ki, buna razılaşsın.
XS
SM
MD
LG