Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:58

Emin Milli haqda bunları dedilər


Paşa Abdullayev və Natella Abdullayeva
Paşa Abdullayev və Natella Abdullayeva
Evə girən kimi gözüm qonaq otağının qapısında «Mister Bin»in şəklini alır. Natella xanımla danışa-danışa fikirləşirəm ki, yəqin bu şəkli bura Emin qoyub. Uşaqlıqda «Şən və Hazırcavablar Klubu»nda oynamağı xoşlayırmış axı…

- Soruşurdum ki, bəyəm artist olacaqsan? Deyirdi yox. Xoşlayırdı ki, müsahibə götürsün. 90-cı illərdə AzadlıqRadiosu verilişlər verirdi, o da o cür səsini yazırdı, deyirdi ki, mən də veriliş aparıram. Atasından, məndən müsahibə götürürdü. Sən demə, fikri başqaymış. Onun fikri o idi ki, savadlı gənclər çox olsun. Birinci dəfə Eminin təşkilatı İlham Əliyevdən xahiş etmişdi ki, gəncləri xarici ölkəyə təhsil almağa göndərsinlər.

BABA KİMİ MAARİFÇİ NƏVƏ


Natella xanım gəncliyinin gözəl çağlarını barmaqlıq arasında keçirməyə məcbur qalan oğlu Emin Millinin uşaqlığını xatırlayır. Ananın iki qızdan sonra tapdığı oğlu ilə bağlı xatirələri o qədər çoxdur ki, bilmir hansından başlasın:

- Atamın adını qoymuşam. Atam sayılan, köhnə müəllimlərdən olub. O vaxt elmin mərkəzi Tbilisidə təhsil almışdı. Mən də babasının adını verdim ki, Emin də ona oxşasın. Emin də atam kimi maarifçilik yolunu seçdi. Bizə vaxtı olmazdı, özünü həsr eləmişdi xalqa.

İKİ AYRILIĞIN FƏRQİ

Emin Milli Almaniyada da təhsil alıb. 7 aydır həbsdədir. Bu ayrılıqla səfər ayrılığının, bu ayrılıqlara darıxmaqlığın fərqi nədir?

- Fərq böyükdür. Onda telefonla danışırdım tez-tez. Bilirdim, gəzir, dolanır, hara istəyir gedir. Amma indi elə deyil axı. Qazamatın şəraiti nə qədər yaxşı olsa da, adı qazamatdır. Sonra…hamı bilir ki, təqsiri yoxdur. Təqsirsiz ola-ola düşüb həbsxanaya.
Bu da adamı yandırır.

VƏZİFƏ TƏKLİFİNƏ YOX

Qıraqda oturub hərdən bir replika atan Paşa dayı axır ki, söhbətimizə qoşulur, deyir, oğlu cavan olsa da, artıq özünə hörmət yarada bilmişdi. Ona dövlət strukturlarından belə iş təklifi gəlirmiş, amma Emin bu təkliflərə gözünün ucuyla da baxmırmış:

- Bunu dəvət eləyirlər ki, gəl mənimlə işlə, 1500 manat maaş verirəm. Getmədi, açığını deyim ki, bu quruluşu xoşlamır. Məni danlayırdı ki, qurduğunuz dövlət budur. Millətini çox sevir, baxmadı ona görə də bu təkliflərə. Bütün dünyada Eminlə Adnanın hörməti böyük olacaq. Çünki onların adları çıxdı ki, azadlıq uğrunda mübarizə aparıblar.

Paşa dayı deyir ki, gənclik qaynarlıq, fəallıq deməkdir:

- Gənclər fəal olmalıdır. Mən özüm də fəal olmuşam. Gənclər hərəkətdə olmalıdırlar, inkişaf etməlidirlər. Gənclər var yaltaqlıq edirlər. Gəncə yaraşmaz yaltaqlıq. Bəlkə yaşlı adama yaraşar, amma gəncə yox. Gənc mərd olmalıdır, sözünü deməyə bacarmalıdır.

DOST HESABATI

Ata tez-tez fikrə dalıb oğluyla söhbətləşir də. Amma deyir, nə o, nə anası heç vaxt oğlunun seçiminə qarışmayıblar. Emin, peşəsini də, xanımını da, dostlarını da, həyat yolunu da özü seçib, ata-anaya da bununla razılaşmaqdan başqa yol qalmayıb.

Natella xanım deyir ki, heç vaxt Eminin dostlarını tanımayıb, axırda şərt qoyub ki, yubileyində dostları ilə onu tanış eləsin. Emin də razılaşıbmış:

- Emin deyirdi, ana, elə yaxşı dostlarım var ki. Demişdim ki, yubileyimə çağırarsan, mənə hesabat verərlər, amma həbs olundu. Dostlarını da onda tanıdım. Doğrudan da yaxşı dostları var…

Abdullayevlərə həm də təsəlli dostlardandır, onlar nəinki Emini, heç ata-ananı da tək buraxmırlar, min bir üsulla onlara yardımçı olurlar.

BİR DƏ «MİSTER BİN»

Sağollaşıb çıxhaçıxda soruşdum ki, «Mister Bin»i bu qapının şüşəsinə kim vurub? Natella xanım dedi ki, şəkli o gətirib, Eminin həbsindən sonra. Oğul həbsinin evdə yaratdığı qanqaraçılığı «Mister Bin»in təbəssümü ilə qovmaq üçün…
XS
SM
MD
LG