Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Əjdər Ol "Qatillə görüş" (HEKAYƏ)


İnstitutda müəllimliyə başladığım ildi. Yaşca tələbələrimdən çox da böyük olmadığımdan qaynayıb-qarışmışdıq, mənə əməlli-başlı ərkləri vardı.

İndi danışacağım əhvalat başladığı gün seminar dərsi apardığım üçüncü kurs qruplarından biri son imtahanını verirdi.

Mən imtahanı götürən Qabil müəllimin assistenti idim. İmtahanı başa çatdırırdıq. İçəri sonuncu tələbə girdi.

Bu, çox gözəgəlimli qız olan Rəna idi. O, həmişə son dəblə geyinən, özünü sərbəst aparan, kefi istəyəndə dərsə gələn, şıltaq, bəslənmiş bir qızdı.

Mən onun dilavər, sözü birbaşa deyən qız olduğunu bilirdim. Amma seminarlara az-az gəldiyinə görə onu o qədər də yaxından tanıya bilməmişdim.

Bildiyim bu idi ki, Rənanın dərs oxumaqla arası yoxdu. Daha doğrusu, mənim dərs dediyim fənn üzrə çox mövzuya baş qoşmasa da, bildiyini yaxşı bilirdi.

Qabil müəllim başını kağızdan qaldırıb qələmi əlində oynada-oynada Rənadan soruşdu:

– Sən də imtahan verməyə gəlmisən?

Qız soyuqqanlı halda cavab verdi:

– Bəli! - O, gözlərini süzdürərək sərbəstcə sumkasını qabaq partanın üstünə qoydu, üzünü Qabil müəllimə tutub sözünə davam etdi: – Bilet çəkə bilərəm?

Qabil müəllim bir az da ciddiləşib farağat vəziyyəti aldı:

– Mən səni heç tanımıram. Bəlkə mənim dərslərimə girməmisən? Bu dəqiqə aydınlaşdırarıq, – deyə Qabil müəllim tələbələrin dərsə davamiyyətini qeyd etdiyi dəftəri açıb vərəqləməyə başladı.

Rəna aman vermədi:

– Zəhmət çəkib dəftər-kitab açmağa dəyməz. Mən vur-tut bir-iki dəfə sizin mühazirələrdə iştirak etmişəm.

Qabil müəllim tələbənin qırmızılığından təəccübləndi:

– Niyə?

– Çünki sizin dərslərinizdə darıxırdım.

Qabil müəllim hövlləndi. Hədəqədən çıxıb bərəlmiş gözlərini qıza zilləyərək soruşdu:

– Mənim mühazirələrimdə səni darıxdıran nə idi?

Rəna əvvəlki tonda:

– Siz maraqsız danışırsınız, – dedi.

Qabil müəllim özündən çıxdı:

– Ay qız, başından yekə danışma!

Rəna heç nə olmayıbmış kimi gülə-gülə dilləndi:

– Qabil müəllim, siz istəyirsiniz ki, yalan danışım? Düşündüyümü deyirəm də.

Qabil müəllim ilişmişdi. Hiss edirdim ki, o cavab tapmağa çətinlik çəkir. Sanki vaxt qazanmaq üçün mızıldandı:

– Yox, istəmirəm yalançı olasan.

Qız şıltaqcasına diliuzunluq elədi:

– Heç siz istəsəniz də mən yalançı olmaram.

Qabil müəllim qıza dil çatdıra bilməyəcəyini görüb susdu. Mən gərginliyi yumşaltmaq istədim və dedim:

– Rəna, bəlkə bilet çəkəsən?

Rəna bileti çəkib sumkasını qoyduğu partada oturdu. O, yerini rahatlayıb biletdəki sualları gözdən keçirdikdən sonra mənim gözlərimin içinə dik baxaraq dilləndi:

– Üç sualdan ikisini bilmirəm, yəqin üçüncüsünü də danışmağa dəyməz.

Əlinə fürsət düşən Qabil müəllimin Rənadan hayıf almaq üçün gözləri alacalandı:

– İndi sənə «2» yazarıq, ağlın başına gələr.

Rəna laqeyd-laqeyd: – Mənim ağlım başımdan çıxmayıb ki, geri də qayıda! – dedi.

Qabil müəllim yenə də qızışdı:

– Təkrar imtahanlarda da sənə «2»dən artıq qiymət yazmayacağam!

Bütün bu baş verənlər gözəlçənin eyninə deyildi. Qabil müəllimin dedikləri, necə deyərlər, onun halına təfavüt eləmirdi. Rənanın dili dinc durmadı:

– Tapşırarlar, 2-nin üstünə 2 də qoyarsınız.

Qabil müəllim coşdu:

– Yazsam, barmaqlarım quruyar, yazmayacağam!

Rəna öcəşməyində davam etdi:

– Onda başqa barmaqlar mənə qiymət yazar.

– Səni institutdan qovduracam! – Qabil müəllim coşdu.

Rəna geri durana oxşamırdı:

– Qovdura bilirsiniz qovdurun, institutdan çıxmaq ölüm deyil ki…

Özümü saxlaya bilmədim:

– Rəna, bəsdir! Axı belə olmaz!

O, dediyini dedi:

– Rasim müəllim, Qabil müəllim bilsin ki, o, pis adamdır, tələbələr onu sevmir. Dalınca bircə xoş söz deyən yoxdur.

Amma, siz yaxşı adamsınız.

Rənanın məni Qabil müəllimə qarşı qoymağı pərtlik yarada bilərdi. Ona görə də: «Qabil müəllim, icazənizlə Rəna bayırda gözləsin, mənim təklikdə sizə sözüm var!» dedim.

Qabil müəllim dinəcək halda deyildi. Onun susduğunu görüb, başımın işarəsi ilə Rənaya otaqdan çıxmağı buyurdum.

Rəna qiymət kitabçasını stolumuzun üstünə qoyub otaqdan çıxdı. Araya sükut çökdü. Qabil müəllim dirsəklərini stola söykəyib, əllərini başına dayaq edərək fikrə getmişdi.

Stolun üstündəki kağız-kuğuzu səliqəyə salmağa başladım. Açığı, Rənanın dedikləri mənim ürəyimdən tikan çıxarırdı, çünki doğrudan da tələbələr Qabil müəllimə mehr sala bilməmişdilər.

Mən müəllim yoldaşımın hirsini soyutmaqdan ötrü ürəyimdə bir təsəlli cümləsi qurmağa çalışırdım. İstəyirdim gərginliyi tezcənə aradan götürüm. Ancaq, fərli bir xilasedici cümlə qura bilmədiyimi görüb, ağlıma gələn ilk təklifi dedim:

– Qabil müəllim, bu qız başımızı ağrıdacaq. Bilmirik kimdir, nəçidir, kimə arxayındır. Bəlkə ona qiymət yazaq, rədd olub getsin.

Qabil müəllim dərin bir ah çəkib dilləndi:

– Rasim müəllim, səni başa düşürəm, subay oğlansan, bu qıza rəğbətin olduğunu gərək mənə qabaqcadan deyəydin.

Niyə qoyursan o, mənim əsəblərimlə oynasın. Neçə ilin müəllimiyəm, hələ beləsinə rast gəlməmişəm, məndən sənə əmanət-məbadə bu qıza uyasan. Başını bəlaya salarsan.

Boğazım qurumuşdu. Rəna ilə doğrudan da heç bir xüsusi əlaqəm yox idi.

Yalnız seminardan-seminara onun üzünü görürdüm. Onun sözü şax, adamın üzünə dediyini bilsəm də, bugün müşahidə etdiyim cəsarətindən xəbərsizdim.
Qabil müəllim Rənanın zaçot kitabçasını qənşərimə sürüşdürüb dedi:

– Mən bu qıza qiymət yaza bilmərəm, kefin nə istəyir ona yaz, qiymət kitabçasını özünə qaytar. Gözüm onu görməsin.

Mən tələm-tələsik : «Üç yazıram!» dedim və qələmi əlimə götürdüm.

Qabil müəllim:

– Yox, Rəna 2+2 istəyir, sənin xətrinə qoy o deyən olsun. Amma, dediklərimi qulaqlarında sırğa elə, o qız sənlik deyil.

Qabil müəllimi günahsız olduğuma inandıra bilməyəcəyimi gözümün altına alıb imtahan vərəqinə və şıltaq tələbənin qiymət kitabçasına istər-istəməz «4» (yaxşı) yazaraq ayağa durdum.

Qızı təzədən içəri çağırmaq yersizdi. Ona görə də özüm qapını açıb çölə çıxdım. Rəna bir qədər kənarda gəzişirdi. O, məni görüb dayandı. Mən qiymət kitabçasını ona uzadıb dedim:

– Qabil müəllim pis adam deyilmiş, sənə «4» yazdı.

Rəna gülə-gülə cavab verdi:

– O mənə «2»dən artıq heç nə verməzdi. «4»ü sən (Rəna bir-iki dəfə məni belə çağırmışdı) yazmısan. Ona görə də sənə kefin harada istəsə, orada yaxşı bir qonaqlıq boyun oluram.

Utana-utana:

– Sağ ol, mənə qonaqlıq lazım deyil! – cavabını verdim.

Rəna dilləndi:

– Yaxşı, yaxşı, fors eləmə!

İlahi, bu qız necə də adamı fəth edirdi! Onun ağzını açması ilə əllərini yuxarı qaldırmağın bir olurdu.

Bəlkə bu ona görə belə idi ki, Rənanın gözəlliyinə biganə qalmaq mümkün deyildi. Guya çıxış yolu tapıb cavab verdim:

– Səni xərcə salmaq istəmirəm!

Rəna məni başdan-ayağa süzərək «hm» eləyib rişxəndlə güldü.

Məni lap əl-ayaq basdı. Necə də olsa, Rəna tələbəmdi. Axı, mən niyə vəziyyəti öz xeyrimə dəyişə bilmirdim. Ən azı müəllimlik səlahiyyətimdən istifadə edə bilərdim.

– Rəna! – bir qədər sərt dilləndim.

Sanki o, nə düşündüyümü bilirmiş kimi əsl aktrisa mimikası ilə guya çəkinə-çəkinə sözümü ağzımda qoydu:
– Bəli, müəllim!

O fikrimi tutmuşdu, indi də mənimlə başqa cür məzələnməyə keçirdi. Yumşalmaqdan başqa çarə yoxdu.
– Gəl sağollaşaq, Rəna! – dedim.

Yenidən onun şıltaqlığı tutdu.

O:
– Subay müəllim, bilirəm heç vaxt mənim kimi qızla evlənməzsən, – dedi.
Mən ildırım sürətilə cavab verdim:

- Sabah bazar günüdür, gəl görüşək, sənə sözüm olacaq!

Rəna təəccüblənməyib: – Şəhərin harasında? Nə vaxt? – deyə dilləndi.

Geri çəkilmək olmazdı, dedim:

- Sabah saat 12-də, Azadlıq prospekti ilə İnqilab küçəsinin kəsişməsində, əyri binanın qarşısındakı dayanacaqda. (Bakının bu məşhur prospekt və küçəsini kim tanımır?)

Rəna dik-dik soruşdu:

- Ordan hara gedəcəyik, müəllim?

Mən birbaşa cavab verdim:

- Evə. Heç kəs əl-ayağımıza dolaşmayacaq.

Rəna dərhal başını tərpətməklə razılığını bildirdi və əlavə etdi:

- Yaxşı tort bişirməyim var. Səninçün tort bişirib gətirəcəyəm!

Sonra o, «Sabaha qədər!» deyib getdi.

Bazar günü səhər erkən oyanıb mənzilimdə yır-yığışa başladım. Mən Rəna ilə görüşəcəyim dayanacağın arxasındakı bayaq adını çəkdiyim əyri binanın üçüncü mərtəbəsində birotaqlı mənzildə tək yaşayırdım. Bazar evimizdən uzaqda deyildi.

Yüngülvarı bazarlıq elədim. Özümü, üst-başımı qaydaya salandan sonra saat 12-ni, görüş vaxtını gözləmək qalırdı.

Elə əvvəllər də kimisə, nəyisə gözləmə vaxtını ömrün əsas vaxtı saymamışam.

Belə bir-iki saatlar, beş-on dəqiqələr ömrün vaxt qırıntılarıdır. Bu vaxt qırıntıları zamanı əlin heç nəyə yatmır, bir gözün saatda qalır, bilmirsən həmən vaxtı necə yaşayasan.

Vaxtından tez, on ikiyə iyirmi dəqiqə qalmış, yəni bu iyirmi dəqiqəni necə və harada keçirməyin elə bir fərqi olmadığına görə binadan düşüb dayanacağın həndəvərinə gəldim. Xeyli var-gəl edəndən sonra saat 12 tamam oldu.

Ürəyim buz kimiydi, inanırdım ki, Rəna mütləq gələcək. O, sözündə bütöv qıza oxşayırdı. Ancaq gözləmə saatı uzanırdı.

Qərar vermişdim ki, nə qədər geciksə də, onu gözləyəcəyəm. Deyəsən yavaş-yavaş Rənaya vurulurdum.

Onun davranışına, dediklərinə haqq qazandırırdım.

Özümü inandırırdım ki, o, Qabil müəllimə haqq eləyib. Qabil müəllimə o da azdı.

Hər adamı bir gün məhşər ayağına çəkən tapılmalıdır də. Müəllim də imtahanı intiqama çevirər?! Zalım oğlunun üzündə bir gilə nur yoxdur.

Dayanacağın qarşısında dayanan taksi məni fikirdən ayırdı. Taksidən təxminən 16-17 yaşında bir oğlan düşüb düz mənə sarı gəldi. Əlində kağız bağlama vardı. O, mənə çatıb soruşdu:

- Bağışlayın, Rasim müəllim sizsiniz?

Ürəyim düşdü. Bildim ki, bu oğlanı Rəna göndərib.

- Hə, – dilucu cavab verdim.

Oğlan dilləndi:

- Mən Rənanın bibisi oğluyam. O, bu gün səhər anamla vacib bir işdən ötrü Moskvaya uçdu. Gedəndə mənə tapşırdı ki, özü bişirdiyi bu tortu sizə çatdırım. O, elə təsvir eləmişdi ki, görən kimi sizi tanıdım. Bu bağlama sizindir, götürün!

Mən etiraz edə bilmədim, Rənanın sovqatı olduğu üçün bağlamanı götürdüm və nədənsə ərköyün qızın vacib iş dalınca getdiyinə inandım.

Rəna elə qız idi ki, olduğu yerdə mütləq canlanma yaradırdı. Tələbə yoldaşları tez-tez ondan nəsə danışırdılar. Hər dəfə dərsə gələndə ya geyim-keçimi, ya danışığı-davranışı, ya kiminləsə sözləşməsi, ya da başqa səbəbdən söhbətlərin mövzusuna çevrilirdi.

Bu söhbətlərdən bəzisi mənə də gəlib çatırdı. Eşitmişdim ki, Rəna uşaqlıqdan bibisinin yanında yaşayır. Bibisi haqqında deyirdilər ki, o, yaraşıqlı, xanım-xatın, geniş əlaqələri olan bir qadındır.

İki ay Rənanı görməyəcəkdim. Xasiyyətimi bilirəm, məndə onun telefon nömrəsi olsaydı, bəlkə də özümü saxlamayıb, bircə dəfə də olsa, ona zəng edəcəkdim. Rənadansa zəng gözləmək əbəsdi, ən azı ona görə ki, tətildə Bakıda olmayacaqdım.

Bir neçə gün Rəna üçün darıxdığımdan özümə yer tapa bilmirdim. Hara gedirdimsə, harda olurdumsa, bir gözüm onu axtarırdı. Onun barəsində soruşmağa ürək qızdırdığım bir adam da yoxdu.

Sonra yavaş-yavaş özümü ələ aldım, Rəna haqqında soyuqqanlılıqla düşündüm. Başqa çarə yoxdu, sentyabrda dərslərin başlamağın gözləməliydim.

Düzü, sentyabrın ilk günündə instituta ürəyimdə Rəna ilə danışa- danışa getdim.

Dərs başlamazdan əvvəl tələbələrin arasında onu görməyə çalışsam da, Rəna gözümə dəymədi. İlk dərs günündə Rənanı tələbə yoldaşlarından soruşmaq, düşündüm ki, yaxşı düşməz.

İkinci dərsdən sonrakı tənəffüsdə dekanlığa daxil olanda Qabil müəllimlə üz-üzə gəldim. Onunla çox mehriban görüşdüm. Kefimin yuxarı olmağı Qabil müəllimə qəribə gəlmişdi.

O, təəccüblə mənə baxırdı. Düşündüm ki, yəqin Rənanın imtahan məsələsindən sonra onun hələ də mənə qarşı hirsi soyumayıb.

Ərklə: – Qabil müəllim, o da bir işdi oldu, siz dünyagörmüş adamsınız, belə şeyləri çox görmüsünüz. Ancaq inanın, imtahandan qabaq Rəna ilə görüşüb sizə qarşı qurğu qurmamışdıq. – dedim.

Qabil müəllim qoluma girib məni foyedəki pəncərələrdən birinin qabağına gətirdi. O, quru-quru soruşdu:

– Xəbərin yoxdu?

Təəccüblə cavab verdim:

– Nədən?

– Bir həftə bundan əvvəl Rənanı öldürüblər.

– Necə? – Tüklərim biz-biz oldu.

Qabil müəllim sözünə davam etdi:

– İyunun 27-də, biz Rənadan imtahan götürən günün səhərisi onu bibisilə birgə həbs ediblər.
– İmtahandan bir gün sonra? – deyə soruşdum.

– Bəli! – Qabil müəllim Rənanın həbsolunma tarixini bir daha dəqiqləşdirdi.

İçimdə sanki nəsə qırıldı. Deməli, həmən gün əyri binanın qarşısında mən Rənanı gözləyəndə artıq o, həbs edilibmiş.

Bibisi oğlunun Rənanın onun anası ilə vacib işdən ötrü Moskvaya uçması xəbəri yalanmış. Bəlkə də oğlanın işin içindən xəbəri yoxmuş.

Qabil müəllim boğazını arıtlayıb dedi:

– Sən demə, Rənanın bibisi oğrularla əl imiş. O, əlaqə yaradıb ayaq açdığı varlı ailələrin evlərini sonradan oğrulara nişan verirmiş.

Təəccübdən matım-qutum qurumuşdu. Zorla – «Demək belə…» - deyib udqundum.

Qabil müəllim hələ sözünü qurtarmamışdı. O dedi:

– Biz Rənadan imtahan götürən gündən təxminən bir həftə əvvəl Bakıda bir oğru dəstəsi ələ keçibmiş. İstintaq zamanı dindirilən oğrulardan kimsə Rənanın bibisini satır.

Yəqin istintaq vaxtı Rənanın adı çəkilibmiş, yoxsa hər ikisini Baş polis idarəsinə çağırıb həbs etməzdilər.

Barmağımı dişlədim, demək polislər Rəna ilə bibisini öz evlərindən aparmadığından mənə tort gətirən oğlanın məsələdən xəbəri yoxmuş.

– Hə, – Qabil müəllim dilləndi, – Rənanın 17 yaşında bir bibisi oğlu var, deyilənə görə təmiz oğlandır…

Az qaldım Qabil müəllimin dediyini təsdiq edim, ancaq bu, Rənanın hətta ailəsini də tanıdığımı bildirmək demək olardı.

Qabil müəllim fikrini tamamlamağa çalışdı:

– Həmin oğlan anası ilə Rənanın tutulduğundan iki gün sonra xəbər tutur. O, üç-dörd dəfə polis şöbəsinə gedib-gələndən sonra anasıgillə görüş ala bilir.

Anasının və bibisi qızının həbs olunmasından şoka düşən oğlan görüş otağında qəfildən sıçrayıb bıçaqla anasını vurmaq istərkən Rəna araya girir və bıçaq qızın düz ürəyinə saplanır. Elə oradaca Rəna canını tapşırır.

Sonradan istintaqın gedişində məlum olur ki, Rənanın heç bir günahı yoxmuş. Yalnız evi aparılan bəzi varlı adamlargildə bibisiylə qonaq olduğu üçün ondan şübhələniblərmiş.

Qabil müəllim ani pauza verib son sözünü dedi:

– Rəna ipə-sapa yatmayan qız olsaydı da, onun əyriliyinə heç mən də inanmazdım. Yazıq qız…

Qabil müəllimdən ayrılandan sonra xeyli müddət Rənanın bibisi oğlunu xatırlamağa çalışdım.

Ancaq görüşdüyümüz gün fikrim-zikrim Rənanın yanında olduğuna görə oğlanın üz cizgilərinə ötəri baxmışdım.

Bu səbəbdən də heç cür onu gözümün qabağına gətirə bilmədim. Yəqin haçansa Rənanın qatili ilə üz-üzə gəlsəm, onu tanımaram.

2006
XS
SM
MD
LG