Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:35

Parlamentdə seçki küləyi


Milli Məclis
Milli Məclis
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Milli Məclisin orqanı «Azərbaycan» qəzetindəki məqaləsində bildirib ki, partiya payızda gözlənilən parlament seçkisində daha yüksək nəticə əldə etməyi hədəf seçib. Hakimiyyət partiyasının ikinci şəxsi bildirib ki, YAP-ın budəfəki parlament komandasında çoxluqda qadınlar və gənclər olacaq.

Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkisi 5 ildən bir keçirilir. 2005-ci ildə formalaşdırılan Milli Məclis üzvlərinin böyük çoxluğu hakim partiyanın üzvləridir. Müxalifətçilərin birləşdiyi «Müsavat» deputat qrupunun isə cəmi 5 üzvü var. Yerli ekspertlərin qiymətləndirmələrinə görə, parlamentdə başqa partiyaları təmsil edənlər də, bitərəf kimi deputat mandatı alanlar da hakim partiyanın nəzarəti altındadır.

OLİQARXLARA VİDA

Azər Rəşidoğlu
«Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Azər Rəşidoğlu deyir ki, bu dəfə YAP-ın parlament siyahısında xeyli dəyişiklik gözləyir:

- Düşünürəm ki, YAP-ın üzdə olan funksionerlərinin çoxu yeni parlamentdə olmayacaq. Hakim partiyanın indi parlamentdə olan bəzi oliqarxlara da yenidən deputat mandatı verəcəyini də ehtimal etmirəm. Budəfəki «sürpriz parlament» olacaq. O mənada yox ki, müxalifətçilər Milli Məclisə buraxılacaq, o mənada ki, oliqarxlar, YAP-da uzun illər nüfuz sahibi olanlar yeni parlamentə düşməyə bilər.

ƏHƏD ABIYEVİ HANSI OLİQARXIN OĞLU ƏVƏZ EDƏCƏK?

Milli Məclisin üzvü Elmira Axundova da AzadlıqRadiosuna müsahibəsində demişdi ki, YAP parlamentdə keyfiyyət dəyişikliyi etməlidir. Onun fikrincə, artıq parlamentdə Zeynəb Xanlarovalara, Əhəd Abıyevlərə yer yoxdur.

Politoloq Zərdüşt Əlizadə Elmira Axundovanın yeniləşmə ilə bağlı fikirlərini bölüşsə də, məsələyə bir qədər fərqli yanaşır:

- Birincisi, mən Azərbaycanda seçki anlayışını ümumiyyətlə qəbul etmirəm. Ölkədə seçki yox, Prezident Adminstrasiyasının təyinetmələri var.
Zərdüşt Əlizadə
İkincisi, mənim üçün Elmira Axundova və Zeynəb Xanlarova arasında heç bir fərq yoxdur. Əksinə, düşünürəm ki, siyasi savadı Zeynəb Xanlarovadan yüksək olan Elmira Axundova parlament üçün daha yararsızdır. Əhəd Abıyev tipli deputatlara gəlincə, onlar hakimiyyətə daha çox parlamentdə iqtidarı sərt tənqid edən müxalifətçiləri susdurmaq üçün gərək idi. Ötən seçkidə belə müxalifətçilər Milli Məclisə buraxılmadı. Bu dəfə də onların mandat qazanacağını düşünmürəm. Güman edirəm ki, YAP bu dəfə Əhəd Abıyevləri yüksək çinli məmurların xalqdan oğurladıqları pullarla xaricdə oxutdurduqları övladları ilə əvəz edəcək.

Zərdüşt Əlizadə deyir ki, qanunları yazmalı olan parlamentin hüquqi səviyyəsizliyi göz qabağında olduğu üçün hakimiyyət ağırlığı bu sahəyə verəcək. Bütünlükdə isə politoloq indiki parlament komandasının cəmi 30 faiz dəyişəcəyini düşünür.

İQTİSADİ GÜC SİYASİ ZƏİFLİK DƏ DOĞURA BİLİR


Zahid Oruc
Ana Vətən Partiyasından deputat Zahid Oruc isə deyir ki, 2010-cu ildə parlament həyatı xeyli fəallaşıb. Onun fikrincə, bu fəallıq həm də bəzi deputatların gələn parlamentə düşmək marağından irəli gəlir:

- İndi seçki küləkləri parlamentdə daha çox hiss olunur. Hətta indiyə qədərki dönəmdə fikirlərini tribunalara daşımayan insanlar da xüsusi aktivlik göstərməyə başlayıb. 2005-ci il seçkilərində iqtisadi, maliyyə sektorunda nüfuz qazanan bir sıra şəxslər YAP-ın siyahısı ilə parlamentə seçilmişdilər. Bu insanların daşıdıqları iqtisadi güc də onlara əlavə imkanlar verirdi. Ancaq bəzən maliyyə sektorundakı bu uğurlar parlament fəaliyyətində gözlənilən siyasi effekti doğurmaya da bilir. Ona görə də YAP-ın öz parlament siyahısını ciddi şəkildə gözdən keçirəcəyini düşünürəm.

Zahid Oruc deyir ki, YAP artıq bəyan etdiyi kimi, yeni komandanın formalaşdırılmasında gənclərə və qadınlara üstünlük verəcək, seçki taktikasını bu namizədlər üzərində quracaq.
XS
SM
MD
LG