Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:54

Naxçıvan Avropanın diqqətində…


Tomas Hammarberq yerli hüquq müdafiəçiləri ilə görüşür, 3 mart 2010
Tomas Hammarberq yerli hüquq müdafiəçiləri ilə görüşür, 3 mart 2010
Martın 2-də Naxçıvan Muxtar Respublikasına səfərə gələn cənab Tomas Hammarberq və onu müşayiət edən qonaqlar əvvəlcə yerli hüquq müdafiəçiləri ilə görüşüb.

Görüşdə bölgədə insan haqlarının, söz azadlığının vəziyyəti və Bənəniyarda baş verən hadisələrlə bağlı geniş müzakirələr aparılıb. Müzakirələrdə «Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişafı Resurs Mərkəzi»nin əməkdaşlarına qarşı edilən zorakılıq və bu mərkəzdə uzun müddətli vergi yoxlamalarının aparılmasına da geniş yer verilib.

Görüşdə iştirak edən hüquq müdafiəçisi Elman Abbasovun sözlərinə görə, əslində Tomas Hammarberq Naxçıvandakı vəziyyətlə bağlı kifayət qədər məlumatlı olub:

NAXÇIVAN AVROPANIN DİQQƏTİNDƏ…

«Cənab Hammarberq Norveçin Helsinki komitəsinin Naxçıvanla bağlı hazırladığı geniş hesabatdan məlumatlı idi. Biz əsasən son dövrlər Culfa rayonunun Bənəniyar kəndində baş verən hadisələrlə bağlı müzakirələr apardıq. Komissarın Naxçıvana səfəri Muxtar Respublika üçün xüsusi əhəmiyyətlidir. Bu o deməkdir ki, Naxçıvan artıq Avropanın diqqət mərkəzindədir».

Martın 3-də İnsan Haqları üzrə Komissar Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb.

Daha sonra Muxtar Respublikadakı Ombudsman Aparatında və Psixi Xəstəliklər Dispanserində olub. Rəsmi görüşlərdən sonra Tomas Hammarberq Culfa rayon Bənəniyar kəndinə getməyi də planlaşdırıb.

Elman Abbasov
Elman Abbasovun fikrincə, Hammarberqin Psixi Xəstəliklər Dispanserinə baş çəkməsi də əhəmiyyətlidir. Çünki Naxçıvanda bu dispanserdən yerli hakimiyyətin cəza aparatı kimi istifadə etmə təcrübəsi geniş yayılıb:

RUHİ XƏSTƏXANALAR CƏZA MEXANİZMİDİR?

«Son dövrlər Naxçıvanda Psixi Xəstəliklər Dispanseri yerli hakimiyyətin cəza müəssisəsinə çevrilib. Komissarın səfərindən əvvəl orada «qayda-qanun» yaradılacaq və faktlar gizlədiləcək. Bu gün Naxçıvanda işləmək tək QHT-lər və jurnalistlər üçün çətin deyil, bölgədə haqqını tələb edən hər bir kəs hər an zorla psixi xəstəliklər dispanserinə yatırıla bilər. Naxçıvanda işləmək də, yaşamaq da çətindir».

Hüquq müdafiəçisi Naxçıvan Muxtar Respublika Ombudsmanı ilə görüşdən bir nəticə əldə ediləcəyinə isə inanmır. Onun sözlərinə görə, dəfələrlə keçirdikləri sorğu və monitorinqlər göstərir ki, insanlar Ombudsmana müraciət etməyin nəticəsiz olduğunu düşünürlər:

«ƏHALİ BİLMİR Kİ OMBUDSMAN KİMDİR»

«Bu gün Ombudsman Aparatı Naxçıvanda sanki yerli hakimiyyətin bir icra orqanıdır. Hakimiyyətin icazəsi olmadan heç bir şikayətə baxmır. Hətta biz də dəfələrlə müraciət etmişik ki, onunla görüşək, bizi qəbul etməyib. Dəfələrlə keçirdiyimiz sorğulardan bəlli olub ki, əhali Ombudsman haqqında məlumatsızdır, onun kim olduğunu bilmir. Ombudsmanın Naxçıvandakı hüquq pozuntularından xəbəri yoxdursa, o komissarla görüşdə hansı faktlardan danışacaq?»

Cənab Hammarberqin Bənəniyar kəndinə getməsinin müsbət və mənfi nəticələrinin ola biləcəyini düşünən hüquq müdafiəçisinin fikrincə, Avropa Şurası kimi mötəbər bir təşkilatın nümayəndələrinin Bənəniyarı yaddan çıxarmaması beynəlxalq dəstəyin olduğunu göstərir. Digər tərəfdən, yerli hakimiyyət də bu diqqətdən sonra daha ehtiyatlı addımlar atmağa məcbur olar. Elman Abbasovun fikrincə, problemlərini dilə gətirdiklərinə görə insanlara yeni təzyiqlərin olması da istisna deyil.
XS
SM
MD
LG