Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:37

«Tənqidlərə normal yanaşıram»


Səfurə Əlizadə
Səfurə Əlizadə
«Tənqidlərə, anti-təbliğat kampaniyasına normal yanaşıram, deyilənlər hər kəsin şəxsi fikridir».

Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə mətbuatda onun haqqında yazılan tənqidi fikirlərə münasibət bildirərkən belə deyib. O, Azərbaycanı layiqli təmsil edəcəyinə əmin olduğunu deyir:

«Bu işin məsuliyyətli olduğunu bilirəm, inanıram ki, Azərbaycanı layiqincə təmsil edə bilərəm. Çox çalışacağam ki, ifam insanlara xoş təsir bağışlasın».

Səfurə Əlizadə artıq sabahdan müsabiqəyə hazırlıq məqsədilə səfərə yola düşür. İfaçı əvvəlcə Ukraynada hazırlıq keçəcək, mahnının yazılışı isə İsveçdə olacaq. Bu barədə mətbuata «Eurovision» müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. O, həmçinin mətbuatda Səfurənin seçiləcəyinin əvvəlcədən məlum olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

«SƏFURƏNİN SEÇİLƏCƏYİNİN ƏVVƏLCƏDƏN MƏLUM OLMASI BARƏDƏ FİKİRLƏR YANLIŞDIR»

«Əvvəlcə onu deyim ki, kimisə seçmək bizim tam hüququmuzdur və əgər Səfurəni əvvəlcədən seçmişdiksə bu cür söz-söhbətə rəvac verməzdik. Məqsədimiz obyektiv olmaq və daha yaxşısını seçməkdir. Odur ki, kimin seçiləcəyinin əvvəlcədən məlum olması yanlış fikirdir».

Səfurə Əlizadənin hansı meyarlara görə seçilməsinə gəlincə, Adil Kərimli deyir ki, münsiflərin qərar verməsi heç də asan başa gəlmədi:

«Namizədlərdən üçü də seçilməyə layiq idi. Lakin münsiflər heyəti bu qənaətə gəldi ki, «Eurovision» meyarlarına daha uyğunu Səfurə Əlizadədir».

YERLİ BƏSTƏKARLAR TƏRƏFİNDƏN MİLLİ TƏŞKİLAT KOMİTƏSİNƏ MAHNI TƏQDİM OLUNMAYIB

«Eurovision-2010» müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün Milli Təşkilat Komitəsinə göndərilən və martın 2-də keçirilən finalda üç namizədin ifasında təqdim olunan dörd mahnıdan hansının seçiləcəyi isə martın 18-dən sonra bəlli olacaq.
Adil Kərimli
Adil Kərimlinin dediyinə görə, seçim zamanı hansı mahnının Səfura Əlizadənin ifasında daha yaxşı səslənməsi nəzərə alınacaq.

Sözü gedən dörd mahnının - «Cancelled», «Under My Skin», «Drip Drop» və «Soulless» mahnılarının hər biri xarici bəstəkara məxsusdur. Nümayəndə heyətinin rəhbəri deyir ki, yerli bəstəkarlar tərəfindən Milli Təşkilat Komitəsinə heç bir mahnı təqdim olunmayıb. Bununla belə, Adil Kərimli seçiləcək mahnıya milli koloritin əlavə olunacağını da istisna etmir. Namizəd mahnıların tənqidlə üzləşməsinə gəlincə, o deyir:

«Ötən il Aysel Teymurzadənin duet ortağı Araşla birgə ifa etdiyi «Always» mahnısı da əvvəlcə mütəxəssislər və yerli əhali tərəfindən bəyənilməmişdi. Amma uğur qazanandan və mahnı hitə çevriləndən sonra hamı mahnının mükəmməl olduğunu bildirdi. Ona görə də düşünürəm ki, hazırda namizəd mahnılar haqqında nəsə demək hələ tezdir».

«Eurovision-2010» mahnı müsabiqəsi bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək. Azərbaycan 55-ci «Eurovision» müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
XS
SM
MD
LG