Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:25

Yeni seçki bloku yarana bilər


Əli Əliyev
Əli Əliyev
«Azadlıq» bloku, ADP və Açıq Cəmiyyət Partiyasının yaxın günlərdə yeni seçki bloku yaradacağı gözlənilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbələrin təxminlərinə görə, bu istiqamətdə gedən danışıqlar mart ayının sonlarına qədər müsbət yekunlaşa bilər. Hərçənd tərəflər indi bu danışıqların konkret hansı siyasi qüvvələr arasında getdiyini mətbuatdan gizli saxlamağa çalışırlar.

«Azadlıq» siyasi blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, bunun müzakirələrin gedişinə ziyan gətirəcəyindən ehtiyatlanırlar. Ancaq o da qeyd edir ki, mart ayının sonlarına qədər cəmiyyət «Azadlıq» blokunun da daxil olduğu yeni seçki blokunun yaranmasının şahidi ola bilər:

«Biz istəyirdik ki, fevralın sonlarına qədər bu işi başa çatdıraq. Alınmadı. İstəyirik ki, mart ayında proses bitsin. Çünki blok yaranmayana qədər digər işlər donmuş vəziyyətdə qalır…»

BİR BLOK İKİ SİYAHI

«Azadlıq» blokuna daxil olan Liberal Partiyasının funksioneri Əvəz Temirxan isə deyir ki, onlar istərdilər ki, bu blok müxalifətin daha geniş spektrini əhatə etsin. Ancaq bu təkcə onların istəyindən asılı deyil. Əvəz Temirxan hətta düşünür ki, daha geniş spektri əhatə etmək üçün bir blok, iki siyahı prinsipini də qəbul etmək olar:

«Dairələrin yarısından bir blok namizəd verər, digər yarısından isə ikinci blok namizəd verər. Ancaq onlar bir-birlərinin namizədlərini müdafiə edər. Nəticədə həm müxalifətin vahid siyahısı olar, həm də ikiqat efir qazanmaq olar…»

MÜSAVAT SEYRÇİ QALIB?

Sülhəddin Əkbər
Müsavat partiyası isə bu danışıqları hələ ki, kənardan izləyir. Birliklə bağlı müzakirələrin getdiyi ilk dövrlərdə də Müsavat partiyası bir şərtlə çıxış etmişdi. Onlar müxalifətin birliyini yalnız AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası arasında görürdülər. AXCP isə «Azadlıq» blokundakı müttəfiqlərindən vaz keçmədiyindən o vaxt bu şərt qəbul edilmədi. Müsavat partiyası Ali Məclisinin sədri Sülhəddin Əkbər deyir ki, onlar tələsmək fikrində deyillər:

«AXCP qoşulmadığından bizim perspektivdə Demokratiya Uğrunda İttifaq (DUİ-yə Klassik Xalq Cəbhəsi, Xalq, Azadlıq, Böyük Azərbaycan və Milli Demokrat partiyaları daxildir) ilə danışıqlar aparmaq fikrimiz var. Bu zaman biz açıq qapı prinsipinə əməl edəcəyik. Yəni bu müzakirələr aparılsa belə, qapı həmişə AXCP-nin üzünə açıq olacaq…»

MÜXALİFƏTİ HEÇ «DUBAY» DA AYAĞA QALDIRMADI…

«Alma» qəzetinin baş redaktoru İsrail Musayev isə deyir ki, əslində müxalifətin böyük birliyinin yaranması belə, ölkədə ciddi siyasi dəyişikliklərə səbəb ola bilməz. Bu sadəcə müxalif elektorat arasında müəyyən ruh yüksəkliyi yarada bilərdi:

«Vaşinqton Post»da Dubayla bağlı o boyda məlumat çıxdı. Heç səslərini qaldırdılar? Artıq keçib. Burada xalqın günahı yoxdur. Mütəşəkkil siyasi qüvvələr bunlar idi, bunlar da heç vaxt mütəşəkkil güc ortaya qoya bilmədilər…»

İsrail Musayev düşünür ki, yalnız yeni, müasir nəsil və yeni siyasi münasibətlər ölkədə vəziyyəti dəyişə bilər.
XS
SM
MD
LG