Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

Yenilənmiş «Madrid prinsipləri» Azərbaycanın mənafeyinə cavab verirmi?


Rahim Hacıyev və Mübariz Əhmədoğlu
Rahim Hacıyev və Mübariz Əhmədoğlu
«Panorama» verilişində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ilə Azərbaycanda Demokratiyanın İnkişafı Fondunun prezidenti Rahim Hacıyev yenilənmiş «Madrid prinsipləri»ni dəyərləndirirlər.

RAHİM HACIYEV:

«Əslində, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində başlıca problem status məsələsidir. Azərbaycan «Madrid prinsipləri»ni qəbul etməklə özünün əvvəlki mövqeyindən əl çəkmiş olur. Çünki əvvəllər bir qayda olaraq Azərbaycan rəsmiləri bildirirdilər ki, Qarabağa yalnız yüksək status verə bilərlər. «Madrid prinsipləri»ndə isə status referendum yolu ilə həll edilməlidir. Bu, əvvəlki mövqedən geri çəkilməkdir. Ancaq Azərbaycan «Madrid prinsipləri»nə razılıq versə də, tərəflər arasında fikir ayrılıqları qalır. Əsas problem referendumun keçirilmə vaxtı ilə bağlıdır. Əgər Azərbaycan referendumun dəqiq vaxtının göstərilməsinə razılıq versə, bu, böyük səhv olardı. Çalışıb bu məsələni qeyri-müəyyən vaxta keçirmək lazımdır. Üstəlik, referendum ölkə konstitusiyasına ziddir…».

MÜBARİZ ƏHMƏDOĞLU:

«Madrid prinsipləri» ilə dərindən tanış olanda görürsən ki, bu sənəd gələcəkdə bu regionda müstəqil bir dövlətin yaradılacağını vəd etmir. Status məsələsinə nə qədər gec baxılacaqsa bu vaxt daha çox Azərbaycanın maraqlarına işləyəcək. 2007-ci ildə qondarma qurumda qondarma bir konstitusiya qəbul edilib. Mənim fikrimcə, ermənilər burada çox böyük səhvə yol veriblər. Həmin konstitusiyaya əsasən, Dağlıq Qarabağda keçiriləcək bütün vacib səsvermələr 2/3 səs çoxluğu ilə qəbul edilməlidir. Əgər statusla bağlı səsvermə 30 il sonra keçirilsə, ermənilər orada heç bir üstünlük əldə edə bilməyəcəklər. Bir də, «Madrid prinsipləri»ndə birbaşa referendumdan söhbət getmir. Bu söz orada kifayət qədər yayğın ifadələrlə əvəz edilib…».
XS
SM
MD
LG