Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:04

Cem və Barış – həm qardaş, həm də azərbaycanlı olublar?


Barış Manço və Cem Karaca
Barış Manço və Cem Karaca
-
«Onlar qardaşdırlar!».

Martın 27-si Türkiyənin həyatı bu xəbərdən sarsıldı: Anadolu rokunun iki nəhəng və sevimli sənətçisi - Cem Karaca ilə Barış Manço ata bir, ana ayrı qardaşdırlar! Və bu xəbərin Azərbaycan üçün də önəmli özəlliyi vardı – sən demə, onların atası azərbaycanlıymış!...

«FİLM KİBİ YANİ!»

«Habertürk» qəzetinin ortaya atdığı bu iddialar müxbir Bülent Günalın özünü də çaşdırıb: «Bu kadarı da ancak türk filmlərində olur».
Müxbirin əlinə 2007-ci il fevralın 15-də Almaniyanın Köln şəhərindən göndərilmiş 6 səhifəlik bir məktub keçib. Məktubu yazan İbrahim Hızlı iddia edir ki, Cem Karacanın özündən iki yaş böyük bir qardaşı vardı və onu bütün Türkiyə tanıyırdı.

İbrahim Hızlı 1979-cu ildən 1987-ci ilədək Almaniyada Cem Karacanı öz evində saxlayan yaxın dostudur. 1965-ci ildə Antakyada bir yerdə əsgərlik yapan Cemlə İbrahimin arkadaşlığı Cemin ölümünə kimi davam edib.

«EYNİ EVDƏ YAŞADIQ»

Əsgərlikdən sonra Almaniyada məskunlaşan İbrahim Hızlı ilə Cem Karaca hər dəfə bu ölkəyə konsert verməyə gəldiyində görüşür. Bir gəlişində ünlü rokçunun 30 min markasını oğurlayırlar. Pis vəziyyətə düşən Cem o üzdən əsgərlik dostundan kömək istəyir. İbrahim Hızlı 130 kvadratlıq evini Cem və dostlarının istifadəsinə verir. «Türkiyədə sənət, musiqi yapmaq asan deyil» deyən Karaca Almaniyada Hızlının evində yaşamağa başlayır.

«MƏN AZƏRBAYCANLIYAM»

Günlərin birində yeyib-içən zaman İbrahim Hızlı Cem Karacadan soruşur ki, bəs sənin bu dünyada bir yaxının, bacın-qardaşın yoxdurmu? Cem Karaca da qayıdır ki, bilirsən, mən azərbaycanlıyam. Qohum-əqrabam da İstanbulda ticarət yapırlar. Təkcə atam sənətlə məşğuldur.

«HEÇ KİMƏ SÖYLƏMƏ»

Cem Karaca sözünə davam edərək dostuna bir sirr açır. «Heç kimə söyləmə. Mənim özümdən iki yaş böyük bir qardaşım var. Onunla həmişə görüşürük. Bir-birimizə sevgi-sayğımız var. Onun qardaşım olduğunu bilirəm. Amma onun bunu bildiyindən xəbərim yoxdur».

Cem öz qardaşının Türkiyə miqyasında çox tanınmış bir adam olduğunu desə də, adını çəkmir: «Atam mənə vəsiyyət edib. O sənin qardaşındır. Onunla dalaşsan səni evimdən qovaram - deyib. Bir də bu sirri heç kəsə söyləmə» -- əmrini verib».

«GERÇƏK MAQAZİN BİZDƏ»

Üç il öncə İbrahim Hızlının yazdığı məktub necə olursa «Habertürk» qəzeti müxbirinin əlinə keçir. İbrahim Hızlıya telefon açan müxbir o ünlü qardaşın adını öyrənə bilmir və «Qoy başqaları söyləsin» - cavabını eşidir. Müxbir Cem Karacanın həyat yoldaşı İlkim Qaracayla söhbətləşir. Xanım da bir az duruxandan sonra bu sirrin üstünü açır və Cemin böyük qardaşının Barış Manço olduğunu söyləyir: «Cem hər zaman gerçək maqazin bizdə, amma kimsənin xəbəri yox deyib gülərdi».

«BABAM ÇAPKIN BİRİSİYMİŞ»

Anadolu türkləri şorgöz kişiyə «çapkın» deyirlər. Cem Karacanın atası Mehmet Karaca məşhur teatr sənətçisi olub. Barış Mançonun anası Rıkkat Uyanık isə dövrünün ünlü səs sənətçilərindən biri...Ən maraqlısı, Barışın ilk adı məhz Mehmet olub!

BİRLİKDƏ «AYRILIQ» OXUYUBLAR

Hər zaman aralarında incə bir rəqabət olan nəhəng sənətçilər bir yerdə «Ayrılıq» mahnısını da oxuyublar. Cem «İkimizi də baba torpağı çəkdi» deyirmiş. Bir də Barışın ölümündən sonra onun bir fotosuna baxan Cem Karaca «İkimiz də nə qədər atamıza bənzəyirik» söyləyibmiş.

«CANIM GETDİ, CANIM»

Barışın ölüm xəbərini alan Cem Karaca daha nələr söyləyib? İlkim Qaracanın yaddaşında qalanlar: «Canım gittdi canım/ canımı bilirmisiniz/ O benim can dostumdu/ Gözümün ağladığı kan/ Ay Barış ağsaçlı dostum benim/ İçim kan ağlıyor/ Bir yanımı kopardılar, adı sen/ O dağlar hangi dağlar ki/ De, ben de gelem/ Sana, senin dağlarından çiçeklər derleyim/ Sen şimdilik orada bir qürbetdesin/ Bense hazin bir hesretdeyim...» Cem hər il Barışın ölüm ildönümündə bu şeiri oxuyarmuş...

SON NƏFƏSİNDƏ BARIŞI İSTƏYİB

Bu sirri Cemin anası Toto Karaca da bilirmiş. Hətta Mehmet Karaca ölüm ayağında həyat yoldaşına ilkini görmək istədiyini bildirib. Amma bu son istəyi gerçəkləşdirmək mümkünsüz olub.

«DNK ANALİZİ OLSUN»

«Habertürk» müxbiri Barış Mançonun Belçikada yaşayan qardaşı Savaş Mançonu da dindirib. «Olmaz deyə bir şey yok» deyən Savaş bəy «Cemin DNK xəritəsi ilə mənimki qarşılaşdırıla bilər» söyləyib. «Əgər eyni baba, fərqli anadansaq, xəritənin yarısı uyğunluq göstərəcəkdir».

Barış Manço 1943-cü il yanvarın 3-də İstanbulda doğulub və 1999-cu il yanvarın 31-də ürək tutmasından vəfat edib. 200-dən çox mahnı bəstələyib. Azərbaycanı ürəkdən sevib və dəfələrlə ölkəmizə gələrək konsertlər verib.

Cem Karaca 5 aprel 1945-ci ildə Antakyada dünyaya gəlib. Anadolu rok və pop musiqisinin qurucularından sayılır. 1983-cü ildə sosialist baxışlarına görə vətəndaşlıqdan çıxarılıb. O, həm də Türkiyəni siyasi rokla tanıdan adamdır. Onun «Rəsmdəki göz yaşları», «Niyazi» şərqiləri 70-ci illər Bakısında da dinlənilir, sevilirdi. 1974-cü il «Həyat» dərgisinə müsahibəsində sənətə gəlməsində Rəşid Behbudovun önəmli rolu olduğunu bildirmişdi. 8 fevral 2004-cü ildə vəfat edib.
XS
SM
MD
LG