Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:04

Türkiyə Amerikaya nə çatdıracaq?


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Aprelin 12-də 47 ölkənin rəsmiləri Vaşinqtona – Nüvə təhlükəsizliyi sammitinə toplaşıb. Məqsəd nüvə silahının terrorçuların əlinə keçməsinin qarşısını almağın yollarını müzakirə etməkdir. Ancaq Azərbaycanın ictimai-siyasi mühitinin diqqətini Vaşinqtona daha çox yönəldən Gürcüstan və Ermənistan prezidentlərindən fərqli olaraq Azərbaycan rəhbərliyinin bu yığıncağa dəvət edilməməsidir. Özü də indiki vaxtda. Yəni, Dağlıq Qarabağ danışıqlarının rəsmilərin dediyi kimi, həlledici mərhələdə olduğu, Türkiyə- Ermənistan razılaşmasının dalana dirəndiyi bir dönəmdə.

FİRUDİN SİNİRLİOĞLU İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR APARIBLAR

Xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, onlar Azərbaycana dəxli olan bu məsələlər barədə öz fikirlərini Türkiyə rəsmiləri vasitəsilə okeanın o tayına yollayırlar. Bu barədə həm qonşu ölkənin Xarici işlər naziri Əhməd Davudoğlu, həm də baş nazir Rəcəb Tayyib Ərdoğanın ötən həftə Bakıda səfərdə olmuş xüsusi elçisi Firudin Sinirlioğlu ilə məsləhətləşmələr aparıblar:

«Türkiyəli həmkarım Əhməd Davudoğlu ilə telefon danışığında, eləcə də Bakıda səfərdə olan Firudin Sinirlioğlu ilə söhbətdə əsasən Vaşinqton sammiti, gözlənilən görüşlər haqda danışdıq. Artıq mövqeyimiz bəllidir. Türkiyə tərəfi də bildirir ki, Cənubi Qafqaza sülh və sabitlik gətirmək üçün bütün addımları atacaq. Çalışacaq ki, bu görüşlərin nəticələri kimi ABŞ-da hansısa bir irəliləyiş olsun. Yəni, yenilənmiş Madrid prinsipləri qəbul olunsun və böyük saziş üzərində işə başlanılsın».

«Vaşinqton sammiti, gözlənilən görüşlər haqda danışdıq»
Türkiyənin baş naziri Ərdoğanın Ermənistan prezidenti Serj Sarkisyanla görüşü Vaşinqton toplantısının xüsusi diqqət çəkən məqamlarındandır.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, Azərbaycan tərəfi əmindir ki, Türkiyə rəhbərliyi öz vədinə sadiq qalacaq. Yeni Azərbaycan Partiyasının saytı cənab Əsgərova istinadla yazır ki, Türkiyənin baş naziri və xarici işlər naziri bu məsələdə Azərbaycan maraqlarının qorunacağını bəyan edib:

TÜRKİYƏ TƏRƏFİ DƏ BU PRİNSİPƏ SADİQ QALACAQ

«Türkiyə ilə Ermənistan arasında sərhədlər Ermənistanın işğalçılıq siyasətinə son qoyulandan sonra açılmalıdır. Bu mövqeyimizdə qalırıq. Hesab edirəm ki, Türkiyə tərəfi də bu prinsipə sadiq qalacaq».

Bəzi siyasətçilər və ekspertlər isə hesab edirlər ki, əslində Vaşinqton sammiti Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün heç də münbit şərait vəd etmir.

Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbərin fikrincə, son dövrlər Azərbaycan iqtidarı ABŞ–la münasibətləri elə arzuolunmaz həddə gətirib çıxarıb ki, indi rəsmi Bakı üçün vəziyyəti düzəltmək Dağlıq Qarabağ problemini müzakirə etməkdən daha önəmli məsələyə çevrilib. Azərbaycana səfir göndərilməməsi, eləcə də dövlət başçısının Vaşinqtona dəvət edilməməsi münasibətlərin necə aşağı səviyyədə olduğuna dəlalət edir.

Sülhəddin Əkbərin fikrincə, Ərdoğandan da məhz bu məsələdə Azərbaycan iqtidarına yardımçı olması gözlənilir:

BAŞLICA MƏSƏLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASIDIR

«Rəsmi Bakı üçün indi ən başlıca məsələ Barak Obama ilə İlham Əliyevin münasibətlərinin normallaşmasıdır. Yəqin ki, bu məsələdə Bakının Vaşinqtona mesajları var və bu Obamaya Ərdoğan vasitəsilə çatdırılacaq».

O ki, qaldı Dağlıq Qarabağ məsələsinə, Əkbər deyir ki, həqiqətən də ABŞ Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına çalışır. Bu barədə danışıqlarda dolayısı ilə Qarabağ mövzusuna da toxunulacaq.

«Yəqin ki, adam tapmırlar, tapanda göndərəcəklər»
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovsa ötən həftə jurnalistlərə deyib ki, hazırda Azərbaycanla ABŞ arasında heç bir problem yoxdur, iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirir, səfir məsələsinə gəlincə,

YƏQİN Kİ, ADAM TAPMIRLAR

«Yəqin ki, adam tapmırlar, tapanda göndərəcəklər. Səfirin olmamasını səfirliyin olmaması kimi qiymətləndirmək olmaz».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Vaşinqton sammiti öncəsi Ankara-Bakı danışıqları daha çox Türkiyənin Azərbaycanı sakitləşdirmək məqsədi daşıyıb ki, sonradan yenə də lazımsız söhbətlər başlamasın.

Şahinoğlunun fikrincə, İlham Əliyevin Vaşinqtona dəvət olunmamasının bir səbəbi daxili siyasəti ilə bağlıdırsa, digər səbəb sammit ərəfəsində onun Ərdoğanın yanında olmamasıdır. Çünki bu danışıqlar məsələsində az əhəmiyyət daşımır. Amma bununla belə, indiki sammit zamanı Vaşinqton üçün də Dağlıq Qarabağ maraq kəsb etmir:

QƏRBİ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ O DƏRƏCƏDƏ MARAQLANDIRMIR

«Sammitə 40-dan çox dövlətin lideri qatılır. Onların hamısı ilə görüşüb müzakirələr aparmaq fiziki baxımdan da Obama üçün mümkün deyil. Ona görə onun Ərdoğanla da geniş fikir mübadiləsi aparacağını düşünmürəm. Qərbi Dağlıq Qarabağ münaqişəsinin həlli o dərəcədə maraqlandırmır. Vaşinqton üçün əsas Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması və sairdir. Orada da məhz bu mövzu müzakirə olunacaq».

Elxan Şahinoğlu əlavə edir ki, hazırda Barak Obamanın da vəziyyəti çətindir. Bir tərəfdən o seçkilər zamanı ermənilərə verdiyi soyqırımı barədə vədi yerinə yetirməlidir, digər tərəfdənsə ölkəsinin Türkiyə kimi bir müttəfiqi itirməsinə imkan verməməlidir. Ən yaxşı çıxış yolu isə 24 aprelə – yəni erməni soyqırımı adlandırılan günə qədər Türkiyə-Emənistan münasibətlərində nəyəsə nail olmaqdır.

HƏMÇİNİN OXU:

TÜRKİYƏ ÇALIŞACAQ Kİ, VAŞİNQTON SAMMİTİNDƏ QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI İRƏLİLƏYİŞƏ NAİL OLUNSUN
XS
SM
MD
LG