Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:23

ADNA müttəhimləri işgəncə altında ifadə verdiklərini deyirlər


Müttəhimlər, 12 aprel 2010
Müttəhimlər, 12 aprel 2010
«Qoy dövlət eşitsin, bütün dünya eşitsin, ey ana-bacılar, üzümü sizə tuturam, Quran gətirmişəm, namaz qılan adamam, 10 ildir namaz qılıram, ey ana-bacılar, ölən balalarınızın məzarına and olsun, bu cinayətdən mənim xəbərim yoxdur. İşgəncə altında qalmışam, inanın».

«QURANI QOY KƏNARA...»

«Əliyev, Quranı qoy kənara, bura and məhkəməsi deyil. Sizin işə dövlət adından baxılır. Biz sizə məhkəmə baxışında söz verəcəyik. Cinayət barədə nə sözünüz olsa, orda siz ətraflı ifadə verəcəksiniz».

Bunu Dövlət Neft Akademiyasında baş vermiş qətliamda günahlandırılan və məhkəmə qarşısına çıxarılanlardan biri Nadir Əliyev deyir. Ona «Qurani-Kərimi» zala gətirməsini irad tutansa hakim Ramella Allahverdiyevadır.

Aprelin 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qırğınla bağlı məhkəməyə hazırlıq iclası keçirilib.

Ötən il aprelin 30-da maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu müəyyənləşib.

Cinayətin Fərda Qədirova aid hissəsi bağlanıb. İstintaq orqanı hazırda məhkəmə qarşısına çıxarılanların Qədirovun əməllərindən əvvəlcədən xəbərdar olduqları qənaətinə gələrək onları həbs edib. Bu şəxslər terrorçuluqda, qəsdən adam öldürməyə hazırlıqda, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıqda, qanunsuz odlu silah və narkotik vasitələr saxlamaqda və sair cinayətlərdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin ümumilikdə 29 maddəsi ilə cinayət işi qaldırılıb.

MÜTTƏHİMLƏR BİR-BİRİNDƏN AYRI OTURDULUR

Təqsirləndirilən şəxslərdən biri Nadir Əliyev digərlərindən ayrı əyləşdirilmişdi. Səbəb odur ki, hər 3 təqsirləndirilən məhz Nadir Əliyevin istintaqa verdiyi ifadələr əsasında həbs olunub.
Nadir Əliyev
Məhkəmə onların arasında hər hansı konfliktin baş verəcəyini düşünərək ayrı-ayrı dəmir barmaqlıqlar arasında yerləşdirib.

Hazırlıq iclası başlayan kimi təqsirləndirilən şəxslər Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cinayətdən xəbərsiz olduqlarını, ibtidai istintaq vaxtı onlardan işgəncələr altında ifadələr alındığını bildirdilər.

Nadir Əliyev üzünü zalda əyləşmiş zərərçəkmişlərə tutaraq dedi ki: «Qoy eşitsinlər, on ildir namaz qılıram, bu cinayətdən xəbərim olmayıb. Mənə bu sənədlərə təzyiq altında imza atdırıblar».

«MÜSTƏNTİQİM GƏLSİN»

Təqsirləndirilən şəxslər əvvəlcə müstəntiq Fəxrəddin Pənahovun məhkəməyə dəvət olunaraq dindirilməsinə dair vəsatət təqdim etdilər. Nəcəf Süleymanov vəsatəti belə əsaslandırdı: «Möhtərəm hakim, istintaq düzgün getməyib, haqsızlıq ediblər, döyüblər, pis günə qoyublar, indi də gətirib bizi burda oturdublar. Niyə mən millətin qarşısında cinayətkar kimi oturmalıyam? Məni 9 ay 307-nin birinci maddəsi ilə saxlayandan sonra (cinayət barədə xəbər verməmə), yanvarın 28-də isə boynuma ölüm maddələri qoyublar. 18 maddə qoyublar üstümə. Vəsatətim odur ki, Fəxrəddin Pənahov bizim işimizə düzgün baxmayıb. Xahiş edirəm gəlsin bura, hamısını bir-bir deyəcəm onun üzünə. Toka qədər veriblər, canımızı alıblar».

Nadir Əliyev də müstəntiqin məhkəmədə dindirilməsinin vacib olduğunu bildirdi:

«Müstəntiqim gəlsin, haqsızlıq ediblər. Mən əllərimi göstərim, ayaqlarımı göstərim, işgəncə veriblər, ey ana-bacılar. Vallah xəbərim yoxdur, inanın».

Hakim vəsatətə məhkəmə baxışında qiymət veriləcəyini dedi.

«SÜBUT OLUNDU Kİ MƏN FƏRDANI AZƏRBAYCANDA GÖRMƏMİŞƏM»


İkinci vəsatət cinayət işinin yenidən araşdırılmaq üçün ibtidai istintaqa qaytarılması ilə bağlı oldu. Hakim bu vəsatəti təmin etmədi.

12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 30 aprel 2009
«Möhtərəm hakim, mən Fərda Qədirovla dayıoğlu – bibioğluyam. Bir ildir ki, mən bu günü gözləyirəm, Allahın köməkliyi ilə o gün gəlib çatıb. Birinci gün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları məni tutub aparıblar nazirliyə. İzahatlar da vermişəm, heç bir sübut olmayıb ki, mən Fərdanı Azərbaycanda görmüşəm. Sabahı məni yenidən «Banditizmə» aparıblar, döyüb qol çəkdiriblər, boynuma iki maddə qoyublar».

Bunu deyən Fərda Qədirovun yaxın qohumu Cavidan Əmirovdur:

«Bizi camaatın qarşısına çıxarıb cinayətkar kimi təqdim edirlər. Mən bu gün bu cinayətin bağlanmasına inanmıram. Mənim üzümə bir nəfərin durmasıyla bu qədər maddə veriblər mənə. Budur o adam, bu da mən. Qoy baxsın, desin, mənim bu cinayətdən xəbərim var, yoxsa yox».

Hakim təqsirləndirilən şəxslərə bildirdi ki, ibtidai istintaq müddətində baş vermiş qanun pozuntularından məhkəmə baxışında verəcəkləri ifadələrində danışa bilərlər:

«İttiham aktına əlavə hansısa şahid, hansısa vəsatətiniz varsa onu deyin. Biz sizə məhkəmə baxışında söz verəcəyik. Nə sözünüz olsa, orda siz ətraflı ifadə verəcəksiniz. İndi biz burda ifadə dinləmirik».

Məhkəmə baxışı aprelin 21-nə təyin olunub.

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL
XS
SM
MD
LG