Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Qarabağ münaqişəsi sanki mürgüləyir


Türkiyə-Ermənistan sərhədi, 15 aprel 2009
Türkiyə-Ermənistan sərhədi, 15 aprel 2009
Müasir dünyada bağlı sərhədlər heç də çox deyil. Bunlardan biri Ermənistanla Türkiyə arasındadır. Bağlı sərhədlər yeni Avropa üçün qəribə bir anomaliyadır. İki ölkə arasında sərhədlərin bağlı olması keçmişdəki iki faciədən qaynaqlanır.

Bunlardan biri Türkiyənin müttəfiqi olan Azərbaycanın Ermənistanla 90-cı illərin əvvəllərindən başlayan və hələ də həll olunmamış münaqişədir. Digəri isə 1915-ci ildə süqut etmək ərəfəsində olan Osmanlı İmperiyasında ermənilərin Şərqi Anadoludan deportasiyası və qətl hadisəsidir.

Lakin sərhədlərin hər iki tərəfində olan xalq onun açılmasını istəyir. Ötən ay mən Yerevandan İstanbula uçdum. Hər halda bu iki ölkə arasında hava əlaqəsi var. Yanımda oturan iki nəfər şəxs deyirdi ki, onlar Türkiyədən Ermənistana xalça, qapı-pəncərə gətirirlər. Ancaq bunu Gürcüstanda quru yol vasitəsi ilə edirlər. İstəyərdilər ki, sərhəd açılsın, malları da Türkiyədən birbaşa gətirsinlər.

TABU ARTIQ ARADAN QALXIB

İstanbulda türkiyəli akademik Çingiz Aktar deyir ki, Türkiyə 1915-ci ildə yoxa çıxmış ermənilərlə nə baş verməsi ilə bağlı həqiqətlərlə üzləşməlidir. Aktar 1915-ci il hadisələrini ermənilərin də adlandırdığı kimi, «Böyük Fəlakət» başlığı altında internet müraciətinin təşəbbüskarıdır. Həmin vaxt bu müraciətdə ermənilərdən üzr istənilmişdi. Müraciəti də 30 mindən çox türk imzalamışdı.

Bu, Türkiyə üçün böyük rəqəmdir. Çünki Türkiyənin orta məktəblərinin dərsliklərində göstərilir ki, 1915-ci ildə türklər erməniləri yox, ermənilər türkləri qırıblar. Əlbəttə, bu asan proses deyil. Hər halda Türkiyədə 1915-ci il hadisələrinin müzakirəsi ilə bağlı tabu artıq aradan qalxıb.

Ötən ilin oktyabrında Türkiyə və Ermənistan prezidentləri Abdulla Güllə Serj Sarkisyan münasibətlərin normallaşdırılması üçün protokol imzaladılar və söz verdilər ki, bu protokollar hər iki ölkənin parlamentində təsdiq olunandan sonra 2 ay müddətində sərhədlər açılacaq. O vaxtdan 6 ay keçir. İki ölkə arasındakı qarşılıqlı etimadsızlıq və daxili siyasi proseslər protokolların təsdiqini müşkül məsələyə çevirib.

ONLAR NƏYİ DÜZ ETMƏDİLƏR

Türkiyə rəsmiləri protokolların ratifikasiyasını təxirə salırlar. Sonuncu dəfə aprelin 12-də Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Sarkisyanla Türkiyənin baş naziri Ərdoğan arasında keçirilən görüşdə protokolların ratifikasiyası üçün irəliləyişə nail olmaq üçün sanki sonuncu bir cəhd oldu. Lakin həmin görüşdən ilkin təəssüratlar heç də yaxşı deyil.

Prezident Serj Sarkisyan Vaşinqtonda Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşür, 12 aprel 2010
Bəs, səhv nədə oldu? Onlar nəyi düz eləmədilər. Ankara bildirib ki, o, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmasını istəyir. Baxmayaraq ki, protokolda bu məsələ yox idi.

Heç şübhəsiz ki, türklər protokolları imzalayarkən Azərbaycandan kəskin etiraz və qınaq gözləmirdilər. Hazırda Azərbaycan bu münaqişədə uduzan tərəfdir. Türkiyə mənşəcə türk olan müttəfiqi Azərbaycanla həmrəylik göstərərək Ermənistanla sərhədi bağlayıb. Azərbaycan həmin protokollara qarşı çox sərt və effektiv kampaniya aparır. Azərbaycanın narahatlığı da başa düşüləndir. Azərbaycan düşünür ki, Ermənistanla Türkiyə arasında sərhəd açılsa, Ermənistanın Dağlıq Qarabağı boşaltmaq üçün ən əsas təzyiq vasitəsi əlindən çıxmış olacaq. Qısa zaman kəsiyində bu fikir doğru görünə bilər.

UZAQ PERSPEKTİVİ DÜŞÜNMƏK BU REGİON ÜÇÜN XARAKTERİK DEYİL


Ancaq uzun perspektivdə sərhədlərin açılması əslində Cənubi Qafqazda dəyişikliyə və nəticə etibarı ilə sonda Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərə bilər. Türkiyə nəhayət ki, Qafqazda neytral tərəf kimi çıxış edə bilər. Bununla da onun bəlkə də regionda ilk dəfə pozitiv müsbət təsir imkanı yaranar.

Təəssüf ki, uzaq perspektivi düşünmək bu region üçün xarakterik deyil. Protokolların təsdiqi ilə bağlı başqa bir problem isə 24 aprel, ermənilərin soyqırımı kimi qeyd etdikləri gündür. Hər dəfə bu tarix yaxınlaşdıqca əsəblər tarıma çəkilir. Çünki ermənilər bu günü soyqırımı kimi qiymətləndirmək üçün Amerika prezidentinə, Konqresinə təzyiq göstərir. Bu da Türkiyəni qəzəbləndirir. Sarkisyan erməni diasporunun təzyiqlərinə məruz qalır. Ona protokoldan imzasını geri götürmək üçün təzyiq olunur.

ƏN BÖYÜK DÜYÜN

Qara dənizdən Xəzər dənizinə kimi böyük bir ərazidə gərginlik mənbəyi olan Qarabağ münaqişəsi ən böyük düyündür. Bu düyünün açılması üçün daha böyük səy göstərmək lazımdır.
Şuşa müharibədən sonra
Dəyişiklik üçün hazırkı səylər kifayət deyil. Münaqişə sanki mürgüləyir. Neftlə zəngin olan Azərbaycan hər il hərbi sahəyə 2 milyard dollardan çox pul xərcləyir. Bu da Ermənistanın illik büdcəsindən çoxdur. Təsəvvür etmək olar ki, bu, bir neçə ildən sonra Azərbaycanın Dağlıq Qarabağı yenidən öz nəzarəti altına qaytarmaq üçün güc yolundan istifadə etməsinə gətirib çıxara bilər ki, bu da müharibə ilə nəticələnər, ərazidə yenidən fəlakətə səbəb ola bilər.

ABŞ Ermənistan-Türkiyə məsələsində də uzunmüddətli düşünüb hərəkət etməlidir. Bu ölkələrin barışığını strateji məqsədinə çevirməlidir. Bu məsələyə ildə bir dəfə 24 aprel yaxınlaşanda toxunulmamalıdır. Son illər Amerika prezidentinin hər il 24 apreli soyqırımı adlandırıb-adlandırmaması məsələsi həmin hadisələrin anımından daha çox iyrənc siyasi alver obyektinə çevrilib.

2015-ci ildə 24 aprelin 100 illiyi yaxınlaşır. Bu o deməkdir ki, Türkiyə hökumətinin erməni məsələsinə daha yaxşı cavab tapmasına artıq 5 il vaxtı qalır. Əgər aprelin 24-də Obama öz çıxışında desə ki, 5 ildən sonra mən 1915-ci il «Böyük fəlakət»in 100 illiyini türkiyəli dostlarımızla qeyd edəcəyimizə ümid edirəm, onda o, iki ölkə arasındakı barışıq prosesinin təkanvericisinə çevriləcək. Nəinki iki ölkə arasındakı mübahisələrin əbədi iştirakçısına.
XS
SM
MD
LG