Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:11

Rafiq Tağı "MEQAPOLİS QONAĞI" (Hekayə-2)


ƏVVƏLİ BURDA

Həyatda Qəzənfərgillə bizi birləşdirən vacib dəyərlərdən biri zavodlarla korlanmış təbiət mənzərəsidir.

Qəlbinə neft hopmuş təbiət, yarpaqları ancaq yağışdan yaşıla boyanan, iki cüt bir tək xəstə ağacdan ibarətdir.

Payızda ağac qurdları çılpaq budaqlarda sanki turnikdə yellənir.

Zavodlar gecə-gündüz qəlyan kimi tüstülənəcək. Onların dam örtüklərinə düşən işıqlı yağışlar dərhal qonur şəlalələrə çevrilir.

Gözlərimiz önündə boz rəng hakimdir. Binamızın uşaqları elə bozluqla da estetik tərbiyələnir, gələcəyimizin lotularına çevrilirlər.

Təbiət bəlkə ancaq Günəş yağışlar üzərinə qövsi-qüzeh rəsmi çəkəndə şaqraq olur.

Novruzla Qurban olmasa Rübabə xala Bakı adı tutmaz da.

Onu “meqapolis”ə qovuşduran bağ özünü “Azərbaycan inqilabçısı” adlandıran babal oğludur.
Rübabə xala buranın ictimai birgəyaşayış qaydalarından baş çıxarammır.

Şəhər mənzili onun üçün “kubik Rubik” yerindədir. Burda qapısı olan hər yer kilidlənəcək. Kasalardakı top açarlar tavana xəncər-bıçağa oxşar işıqlar saçar.

Ağzı miniatür Çin kilidləriylə bağlı dolablar açılanda bəxt kimi açılır.

Meqapolisdə kranlarla gəmi kapıtanları kimi rəftar etməlisən.

Bakıya çatar-çatmaz gedəcəyi vaxtı Sələməyə bildirməsi Rübabə xalanın müqəddəs borcudur.

- Uzaq başı iki, ya üç gün sizdəyəm, - qorxa-qorxa deyəcək.

- Arvad, dilimin çüyü çıxıb deməkdən, mədəni ol. Konkret olginən - ya 2 de, ya 3.

- ...Gəldim balamı sevindirim.

- Balon uşaqdu? Bəlkəm yetimxanadadu o?

Rübabə xala bir gün çaşıb gəlinə “Səlimə” deyəsi. Gəlin az qaldı özünü cıra, qoşa barmağını soxub onun gözlərini yerindən çıxarda.

- Sizin kimi kəndçi-kündçülərdi “Səlimə”! “Sələmə”yəm mən!

Rübabə xala:

- Kəndçi-kündçü sənə neyləyib - başına daş salıb? Yoxsa “Sələmə” deyiləndə, ağlın artır?

- Diribaşıq biz!

- Gəlində diribaşlıq nə demək ola?

- ...Feministik!

- Bıy, başıma xeyir!

- Özü də burda “bıy-mıy” salmaginən.

Aradabir gəlinin də nədən ötrüsə bizə düşməyi var. Soğandan-kartofdan ötrü gələr, yoldaşımdan iki saat qopmaz.

- Gətirdiyi qozları göz gərəkdü görə: Ətağa cəddü, kəlbətinlə də sınmır.

- Vay-vay.

- Onda ət baltasını işə salıram. Bəlkəm də camaat elə bilür odun yarıram.

Yoldaşım:

- Neynəsin, müəllimdi, çalışır seçib ucuz şey alsın.

Sələmə:

- Ağəz, boş gəlsün. Ondan qoz istəyən var?

- Beyləqandan bura: atdana-atdana? Olmur, axı.

- ...Ət də nə ət - leş iyi verür. Onsuz özü çıxıb gedən kimi itə-pişiyə atıram.

- Denən, it-pişik kefdədi ki.

- Şor-pendirü də süzmələnə-süzmələnə qoyacaq üstə. Day qozda nə istahat qalar - şırımları-əyriləri şorla dolur.

- Nənəş, qanunnan gələn paya pis deməzlər.

- Nöyçün? Bəgəm mən pisə yaxçı deməlüyəm? Harda yazılıb bu? Yoxsam gicəm mən?

- Necə ola, pay bir sevincdir.

- Ağəz, gül ağzımı açma, eşşək boyda oğulu da ətlə sevindirərlər?

- Bə qoz?..

Bakı həkimi kimi Rübabə xala bir tək mənə inanır.

Hər gedəndə də özüylə rayona bir nataraz çanta dava-dərman aparacaq. Xəstəliklərinin ara adlarını bilər: bel ağrısı, ürək çırpıntısı. Bulud görən kimi dizləri topa dönür.

Haçan “kürəy”inə qulaq asmışam, ağrıyan yerlərdə tərli plastırlar görmüşəm. Yay-qış ədyal belindən düşməz. Darbalağının düyünlənmiş rezini ətində çökəklər yaradır.

İlbəil canı düşür: ora-burasından dadsız piylər sallanır. Özü arıqlasa da, hələlik pudluq qalan döşlərini qaldırıb - əsl fəhlə işidi bu, fonendoskopu ürək nöqtələrinə təqribi qoyuram. Düz-əməlli bir şey eşitmirəmsə də, yalandan:

- Hm, - eləyirəm. Guya hər şey aydın oldu.

Ayaqlarına baxıram: görüm şişir?

- Dünən ayaqqabı alıram, bu gün ayağıma keçmir.

“Şişir”.

- Kökəlirsən.

- Bu sözü mənə başqaları da deyir. Onda mən onlara üzümün sallaq dərisini göstərirəm.

- Gözdü, üzdü - bunlar qəlbin aynasıdı, bədənin yox.

- Görün, insan eyni vaxtda həm kökələr, həm də arıqlayar?

- Bu dünyada hər şey olur.

- Avam canım.

- Müəllim tibb elmindən hər şeyi bilməli deyil ki.

Tavanımız damcılayanda, arxayınca çətiri açıb, miz arxasındaca başıma tuturam. Siyasi liderlərdən birinin qəzetdəki müsahibəsini oxuyub qurtarmalıyam. Ancaq liderin başı tezliklə islanıb ağırlaşır, qəzet burnunu aşağı dikir.

- Rübabə xala gəlib ha! - mən, gözüm yazıda, işdən qayıdan yoldaşıma sanki şad xəbər verirəm. Onda şərti refleks yaranıb: ayaqqabılı içəri sıçrayıb, çataçat tavana gözünü zilləyir.

- Muştuluq istəyirdin?

Susmuşam.

- İlahi, sənə asi deyiləm, haçanacan bayramlarımız qara gələcək!

- Sss. Nənəmizdi o.

- ...Yediyimiz-içdiyimiz zəhərə dönüb.

- Onsuz sənin də nənən yox, mənim də. Hazır nənədi.

Şam vaxtı, şirin-şirin çörək yediyimiz yerdə, başımız üstündəki elektrik lampası partlayıb söndü. Yoldaşım qorxub diksindi; getdi su içsin. Qayıdanda:
- Gözün aydın, lampa damır, - dedi.

- Sən də muştuluq istəyirsən?

Damcılar miz üzərinə düşən andaca parçalanıb qövslər cızır,

kiçicik fəvvarələr şəklində ətrafa səpələnirdi.

- Keçib daha. Qab gətir, altına qoyaq.

- Xalçalarımız çürüyəcək.

- Əntiqə. Təzələrini alarıq.

- Bu dünyada kaş sənin kimi arsız olaydım.

- Tərbiyənə bərəkallah.

- Ədə, üz gizlədirsən? Bir çıx, oğluyla danışsana!

- ...Sənə “beş”, daha qarğış tökmürsən. Ürəyimə damıb ki, əvəzində Allah bizə oğul da verəcək, hələ qız da.

O, gözlərini gözəl göstərən ümidlərlə mənə baxdı.

Müharibələri insanlar, sülhü Allah törədir.

Allaha bir tək sülhü yaraşdırmaq olar.

Rübabə xala bir gün də mətbəxdə suyu açıq qoyası. Yıxılıb yatıb.

Divarlarımızdan şaquli sellər alt mərtəbəyə şığımadı bə.

Mətbəximizin bir divarındakı sel Günəşi inikas edib, qarşı sellər üzərinə narıncı-titrək “pəncərə” salırdı. Paralelopipedə bənzər bu dördbucaqlı əksin 1/3 hissəsi bitişik-perpendikulyar divara da düşdüyündən, 90º qatlanmış kimiydi.

Sonralar bu nadir mənzərəyə görə minnətdarlığımı bildirəndə, Rübabə xala mat qalmışdı.

“Meqapolis qonağı” hər gələndə, divarlarlarımızla döşəmə arasındakı düz bucaqlarda qarışqa meyidləri qara-qonur xətlər yaradır. Bu xətlərin üzərində, paraşütlə enibmiş kimi, hörümçəklər gözə dəyir.

Tavanda paslı sudan xəritə cızılar; bu xəritədə Afrika ölkələrinə bənzər mənzərələr görərsən. Rəngi qopub düşmüş yerlər ölkə paytaxtları yerindədir.

Dayan, bu kimdi belə? Kimdi qapımızı qıran?

Səsə necə atıldımsa, on barmağımın onu da qapıya çırpılıb, qoca bir fortepiano səsi çıxardı. Dörddəki Qorbaçov sifətli qonşumuz 20 Yanvarın sovet hərbçisi kimi savaş pozasında dayanıb, baxışlarıyla gözümü oyurdu.

Mimik əzələləri üzərində çabalayan nifrətində tarixilik sezilirdi.

Mən onun sərt-kəsici nəzərlərinə çənəmin əyri-köndələn hərəkətiylə cavab verdim: sel-su bizlik deyil. Nifrət onun gözlərində “kalaşnikov”a çevriləndəsə, vəhşət içində yuxarı cumub, Qəzənfərgilin də qapısına zərblə bir do-re-mi-fa həkk elədim. Rübabə xala - div yuxusunda. Keçdim yumruğa. Yumruq keçmədi. Açarla taqqıldatdım.

Şap-şup, şap-şup... Bu da Rübabə xala. Qırmızı lapar güllü qara yaylığını başında çalma eləyib.

- Bayaqdan qapını...

- ...Birtəhərəm dana. Dərd qurtarandı ki.

- Hm.

- Çöldə durma. Keç içəri.

- Sular bala-bala sizdən bizə şoruldayır, bizdən də dördə...

Karın könlündəki: mən “dörd” demişəm, bu “öldürən” başa düşüb.

- Bə nə, məni öldürən, bax, bu boynumdu, bir də iki kürəyimin arası.

Keçdim mətbəxə: ora göl durub. Konfet kağızları suda rəngli qayıqlar təki üzür.

Yan-yana düzülü, az qala əl-ələ tutmuş, zibil dolu sellofan torbalar yarıyacan sudaydılarsa da, yerindən tərpəşmirdilər.

Kranın altındakı çanaqdan sallanan, nazik buzlara oxşar zərif bir şəlalə görünüb-itən parıltılarla mətbəxi bəzəyirdi. Bu şəlalə üzərinə düşən şüaları soyuducuya yönəltmişdi. Ağ soyuducu zəfəranıya çalırdı. Tələsik kranı bağlayıb otağa qayıtdım. Rübabə xalanın Araz aşığındandı, Kür topuğundan.

- Ölümüm təzyiqdən olacaq.

Qulağına bağırıram:

- Allah eləməsin!

- Hay?..

Üzüldüm lap. Gölü özü görər. Getdim mən.

Aşağıda “Qorbaçov” üzümə donuz kimi baxırdı.

Əlimi əlimin üstə “kres” qoydum - bitdi bu iş.

- Məhkəməyə verərəm sizi!

- Əccəb edərsən! Mədəni adam bunsuz keçinməz.

Qabaqlar yoldaşım divarlarda nəm görəndə, vaveylası qulaq batırardı. Öyrəşib daha: başımıza əndərilən sulara sakit baxır. Onlara məzəli adlar qoyub - “payız yağışları”, “miniyağışlar”.

Hərdən “milçəkyağışı” deyir. Onun divarlarımızda bitən şibyələrlə öyünməyini görəsən. Suların divarlarımızı yumasını bir mənfəət sayır. Deyir, bununla həm də otaqlarda rütubət normada qalır.

Sel mənzərələri evimizdə canlı divar kağızı əvəzidir.

O:
- Allah üzümüzə baxıb ki, hələ uşağımız yoxdur, sətəlcəmdən öləcəkdi.

Mən:

- Allah gözləyir: qoy bunlar qazla-suyla rəftarı öyrənsin. Yoxsa uşaq onun əlində nədi ki.

Yoldaşım ruhlanır, gedir xörək bişirsin.

Uzun divardakı xalçamız il boyu rütubət qoxuyur. Bütün yayı buxarlanırsa da, qurumur. Hərdən onun alt qıraqlarını sıxcalayıram: canından su tez rədd olub getsin. Xalçanın buxarından tavanda yaş bir qövs yaranıb.

Pəncərələri taybatay açmağın, otaqlarda yel vurub yengələr oynatmağın da xeyri yox. Ciyərlərimiz göbələk bağlamasa yaxşıdır. Revmatizm dabanbasdı bizi axtarır.ARDINI BURDA OXU
XS
SM
MD
LG