Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Seçki məcəlləsində nə dəyişsin, nə qalsın?


Bələdiyyə seçkiləri, 23 dekabr 2009
Bələdiyyə seçkiləri, 23 dekabr 2009
Ölkədə fəaliyyət göstərən bir qrup ekspert seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hesabat hazırlayıb. Orada ayrı-ayrı qeyri-hökumət təşkilatlarının təklifləri ümumiləşdirilərək əks olunub. Təkliflərin mərkəzində seçki komissiyalarının yenidən formalaşma qaydaları xüsusilə dayanır.

PARİTET, YOXSA TEST ÜSULU?

Komissiyaların formalaşma qaydaları ilə bağlı qeyri-hökumət təşkilatları əsasən iki ideyanın üzərində dayanırlar. Bu ideyalardan biri müxalifətin paritetlə bağlı təklifinə çox yaxındır. Həmin ideyaya görə, seçki komissiyaları elə formalaşdırılmalıdır ki, ona əsas siyasi qüvvələr etimad göstərə bilsin. İkinci ideyada isə seçki komissiyalarının peşəkar mütəxəssislərdən təşkil edilməsi təklif edilir. Bu ideyaya görə, peşəkar mütəxəssislər də test üsulu ilə seçilməlidir. Hesabat müəlliflərindən Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, bu prosesə qatılan QHT-lərdən çoxu birinci ideyanı müdafiə edirlər:

«Mən özüm də hesab edirəm ki, Azərbaycanda seçki komissiyaları ilə bağlı problem peşəkarlıqda deyil. Bu məhz siyasi problemdir. Ona görə də bu siyasi problem aradan qaldırılmalıdır»

SEÇKİ MƏCƏLLƏSİNƏ DAHA HANSI TƏKLİFLƏR VAR?

Diqqət çəkən və indiyədək o qədər də səslənməyən təkliflərdən biri isə seçici siyahıları ilə bağlıdır. Qeyri-hökumət təşkilatları təklif edirlər ki, seçicilər qeydiyyatda olduqları yox, məhz yaşadıqları ərazilərdə səs versinlər. Bu təklif isə belə əsaslandırılır ki, artıq Azərbaycanda əhalinin müəyyən hissəsi qeydiyyatsız yaşayır. Xüsusilə də, Bakı ətrafında əhalinin qeydiyyatsız yaşadığı qəsəbələr formalaşmaqdadır.
Hafiz Həsənov
Bundan başqa, paytaxtda yeni inşa edilmiş göydələnlər var ki, əhali orada məskunlaşsa da, yeni evlərində qeydiyyata düşməyiblər.

Yeni təkliflərdən birinə görə isə dairə və məntəqələrdə seçkinin nəticələri ləğv edilərkən, bunun üçün əsaslar qanunvericilikdə aydın şəkildə əksini tapmalıdır. Ekspertlərin düşündüklərinə görə, seçkidən sonra bəzi məntəqə və dairələrdə nəticələr ləğv edilərkən saxtakarlıqların aradan qaldırılması yox, hakimiyyətin özəl maraqları əsas götürülür.

Təkliflərdən birində isə müxalifətin və beynəlxalq təşkilatların dönə-dönə gündəliyə gətirdiyi məsələdən bəhs edilir. Söhbət hərbçilərin də mülki seçicilər kimi açıq məntəqələrdə səs verməsinin vacibliyindən gedir.

İDEYA 7 İL ƏVVƏL PREZİDENT APARATINDAN GƏLİB?

Komissiyaların peşəkarlardan formalaşması və bu zaman seçimin test üsulu ilə aparılması ilə bağlı ideyanı millət vəkili, hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc mütləq şəkildə qəbul edir. Hərçənd o, bəzi rəsmilərin son bəyanatlarını yada salaraq indiki halda Seçki Məcəlləsinə dəyişikliyi nə real, nə də zəruri sayır.

Zahid Oruc deyir ki, hələ 2003-cü ildə Seçki Məcəlləsi ilə bağlı prezident aparatından gələn bir layihədə komissiyaların peşəkarlardan formalaşması ilə bağlı müddəa öz əksini tapmışdı. Ancaq o təəssüf edir ki, həmin vaxt fikir yekdilliyi olmadığından sənəd geri qaytarılıb.

Zahid Oruc
Zahid Oruc hesab edir ki, bütün aparıcı siyasi qüvvələrin etimad göstərəcəyi komissiyaların formalaşması ilə bağlı ideya isə çox ciddi problemlərə yol aça bilər. Onda hər şeydən əvvəl «kimdir müxalifət?» sualı gündəliyə gələcək:

«Hətta müxalifət tapılsa belə və bu zaman siz dediyiniz kimi aparıcı qüvvələr seçilsə belə, onda başqa bir problem meydana çıxacaq. Hakimiyyətə yaxın və ya müxalifəti qəbul etməyən qüvvələr də deyəcəklər ki, biz də müxalifətdən olan nümayəndələrə etimad göstərmirik»

Müxalifətdə olan Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslan isə deyir ki, seçki komissiyaları paritet əsasda formalaşmayana qədər heç bir demokratik seçkidən söhbət gedə bilməz. O deyir ki, Azərbaycanda demokratik seçki keçirilmirsə, komissiyaların peşəkarlardan ibarət olması effekt verməyəcək:

«Hakimlərin də seçkisi test üsulu ilə olur, ancaq bu, effekt vermir. Çünki testdən sonra da sorğu keçirirlər. Burada da bir fəsad tapacaqlar».

Gülağa Aslan deyir ki, müxalifətin parlamentə təqdim etdiyi layihədə 180-dən çox təklif öz əksini tapıb. Onlardan bir çoxu qeyri-hökumət təşkilatlarının qalan təklifləri ilə üst-üstə düşür.
XS
SM
MD
LG