Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:07

Qadın düşərgəsi haqda povest çapdan çıxdı (Əsərdən bir parçanı oxu!)


Rövşən Yerfinin 35 yaşı var. Qubanın Yerfi kəndindəndir. Dediyinə görə, 90-cı illərdə bir müddət qadın həbsxanasında işləməyi bir qələm adamı kimi ona böyük həyat materialı verib.

O bu yaxınlarda çapdan çıxan "Qadın düşərgəsi" povestlər kitabında oxucuya belə müraciət edir:

"Etiraf edirəm ki, xırdalamaq istəmədiyim müəyyən səbəblər üzündən bu əsərdə haqqında danışılan zindan həyatının dərinliklərinə lazımi qədər vara bilməmişəm.

Lakin, ümidimi itirmirəm. Allah nəsib edərsə ürəyimdə qalanları oxuduğunuz povestin davamı kimi böyük məmnuniyyətlə Sizlərə çatdırmaq arzusundayam".

Rövşən Yerfinin ilk kitabı 2004-cü ildə çapdan çıxıb - "Üzdəniraq ada". 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilib.

Müəllif deyir ki, kitabı qadınlara həsr olunsa da əslində onu kişilər üçün yazıb:

"Hesab edirəm ki, qadınların belə ağır, çətin vəziyyətlərə düşməsi təkcə öz günahlarının deyil, eyni zamanda onlarla bir mühitdə yaşayan kişilərdəki çatışmazlıqların, qüsurların nəticəsidir".

Beləliklə əsərdən bit parçanı "Oxu zalı"nda dərc edirik.



RövşənYerfi


"QADIN DÜŞƏRGƏSİ"

(povestdən bir parça)


...Dayanmadan, on beş saniyədən uzun çəkən zəngin ardınca baraklara nəzarətçilərin əmredici harayları yayıldı:

- Qalxın! Eşidirsiz, durun ayağa!

Dünən əməlli tanış ola bilmədiyi, təkcə adını öyrəndiyi çarpayı yoldaşı Səbirə tələm-tələsik donunu əyninə geyinib onu səslədi:

- Zinyət, sabahın xeyir, dur bir ayağa tez, sakitlik ikən əl-üzümüzü yuyaq. Sonra gərək növbə gözləyəsən.

Tez tərpənsək, səhər yeməyinə də gecikmərik.

Zəngin səsinə ayılan Zinyət ətrafa göz gəzdirib, onu çağıran qonşusunun diribaşlığına içində qibtə etdi. Gecəni harda keçirdiyi bilinməyən, gözlərində yuxusuzluq əlaməti olmayan Səbirə hamıdan tez səliqə ilə yatağını yığışdırırdı.

- Bu gün sənə zonun hər tərəfini göstərəcəyəm. Nə qədər tez tanısan, tez isinişərsən. İsinişməsən «srok» keçmir.

Həmyaşıdı olan Səbirə arıq görsənsə də, qarayanız, suyuşirin, görünüşündə nəzərəçarpan qüsuru olmayan qadın idi. Danışmayanda da dalğın baxışlarından sözlü adama oxşayırdı.

Əskər kazarmasına bənzəyən, barak adlanan geniş zalda cərgələnmiş çarpayılardan tənbəl-tənbəl ayağa qalxan qadınlar yatağını səliqəyə salır, sonra da çarpayıların arasına qoyulmuş tumboçkalardan diş fırçasını, məhrəbasını götürüb səs-küylə əlüzyuyana tələsirdilər.

Pəncərələrin dəmir barmaqlıqlarından otağa süzülən günəş şüaları açılan sabahla, başlayan yeni günlə bağlı adamda xoş ümidlər, ilıq duyğular yaradırdı.

Həyətin yuxarı başındakı yeməkxanaya gedən yol boyu rastlaşdıqları, onu baş ayaq süzən qadınların hamısı Səbirə ilə mehriban görüşür, zarafatlaşırdılar:

- Maşallah, - Zinyət ətrafdakıların eşitməməsi üçün qulağına pıçıldadı, - deyəsən, tutmusan özünü, yaxşı hörmətin var. Hamı səni tanıyır.
Səbirə gülümsədi:

- Beş yüz dustağın içində tanınmağa nə var ki. Uzağı bir aya sən də hamını tanıyacaqsan.

Yeməkxananın stolları düzülən zalın o biri başındakı səhnəni görən Zinyət təəccübləndi:

- Ora niyə elədir?

- Burdan həm də klub kimi istifadə edirlər, - Səbirə izah etdi, - istirahət və bayram günləri yeməkdən sonra bura dönüb olur kino-teatr, oturub kinoya baxırıq.

Sıralanmış stolların arxasında əyləşən məhkumlar hər stola norma hesab edilən qazandan səhər kaşasını qarşıların-dakı aliminium qablara tökür, mətbəxdən aldıqları çörək payı ilə yeyirdilər.

Ətrafında altı qadın əyləşmiş dar, uzun stola çatanda Səbirə dayanıb ona yer göstərdi:

- Sən kənarda otur ki, durub-oturanda əziyyət çəkmə-yəsən. Xanımlar – əlyəşənlərə müraciət etdi, - əvvələn sabahı-nız xeyir, sonrası da bu gündən Zinyət xanım da bizimlə oturacaq. Xahiş edirəm vəziyyəti «yüngülləşənədək» ona qayğı göstərəsiniz.

Səbirənin hamiləliyinə işarə etməsindən utanan Zinyətin ona dikilən yad baxışlardan günahkar uşaq kimi yanaqları bir az da allandı. Tanımaya, bilməyə bu qız niyə onunla yaxın olmaq istəyir - düşündü. Yoxsa hamı ilə belədir?

Səbirə qarşısındakı kaşanı yeməkdən çox təriflədi:

- Bu kaşanı Əfilə xala bişiribsə, söz ola bilməz.

- Əfilə xala kimdir?

- Bizim aşbazımızdı. Bir gün tanış edərəm səni.

- Düz demədin,- yanaşı oturan cavan qız söhbətə qarışdı, - aşbazımız yox, aş pazımızdı.

Ətrafdakılar gülüşdülər. Səbirə əlini yellədi:

- Sən də hər sözə qulp qoymasan, ölərsən.

Yeməkxanının aşağı başında qabağındakı stolda çoxlu çay termosları, çaydanları düzülmüş qadının səsi aləmi başına götürmüşdü.

- Nə olub ona, niyə elə qışqıra-qışqıra danışır, - Zinyət soruşdu.

- Çayçımız Səltənətdi, fikir vermə, olanı odu. Eh bacı, - Səbirə başını yellədi, – hələ nələri, kimləri görəcəksən, tanıyacaqsan. Məndən başlayıb mənə çatanacan hərə bir cür xarabdı. Ağlı yerində olanın bu xarabada nə başı qalıb...

Yeməkxanadan çıxmışdılar, yenə uzun-uzadı zəng səsi və ardınca nəzarətçilərin harayı eşidildi:

- Hamı səhər yoxlamasına. Yoxlamaya gecikən, gəlməyən cəzalanacaq!

- Gündə neçə dəfə olur yoxlama? – Zinyət Səbirədən soruşdu.

- İki dəfə. Biri indi olacaq, biri də axşamtərəfi. Tez qurtarır, elə uzun çəkmir. Adlarımızı oxuyurlar, onunla da başa çatır. Bir neçə gün keçsin, sançastın həkimindən xahiş edərik,səni azad edər yoxlamadan.

- «Paqonlu»lar necədir, sıxırlarmı məhkumları?

- Baxır da adamına… Onları da ana doğub, bizi də. Yaxşısı da var, pisi də. Pis onda olur ki, bəzən bizdən öz aralarındakı intiriqalarda istifadə edirlər. Qaldı ki, əgər qoyulan qayda-qanuna əməl edərsənsə, sənə kim nə deyə bilər? Təcrid-xanaya fikrin getməsin, burada əsas məqsəd əzab vermək yox, islah yoluna yönəltməkdir.

-Birdən qayda-qanuna əhəmiyyət verməmək istəsən necə?

- Olar! Belədə saymazlığının cəriməsini ödəməlisən. Eynilə azadlıqdakı kimi…

- Cəriməni kimə ödəyirsən?

- Əlbəttə, buranın «sahə rəisinə».

- Necə?

- Onu özü bilir, kimi necə «cərimələyir», - Səbirə güldü, - ya cərimə, ya da əzab! Yaxşısı, dinməzcə cəzanı çəkməkdi…

Həyətə yığışan məhkumlar cərgələrlə sıraya düzül-müşdülər. Yoxlamada beş nəzarətçi, üç zabit qadından savayı, orta yaşlı, çiynində dörd kiçik ulduz parlayan kişi zabit də iştirak edirdi:

- Soruşmaq ayıb olmasın, bu kişi nə işləyir burda? – Zinyət üzünü sırada yaxınında dayanan Səbirəyə tərəf çevirdi:

- Nə tez onu soruşdun? Olmaya xoşun gəldi?

- Yox canım, sən də məzəsən əməllicə. İstəyəninə qismət olsun. Elə-belə maraqlandım.

- Sex rəisidir.

- Səhər tezdən, hamıdan tez niyə gəlib?

- Gecə burda qalıb, məsul növbətçi olub.

- Bu qədər arvadın içində tək? Zor adamdır, - gülüşdülər.

- Sən onun qayğısını çəkmə, sənə qalmayıb, - Səbirə sanki nazlandı.

- Ehey, orda söhbəti qurtarın, - aralıqda dayanan nəza-rətçinin qışqırığı eşidildi.

Yoxlamadan sonra onu nəzarətçinin müşayiəti ilə rəisin qəbuluna apardılar.

Dünən axşam müəssisəyə qəbul edilərkən rəis yerində olmadığından onu bir iri ulduzu olan qadın müavin qəbul etmişdi.

Yaşayış zonası ilə istehsalat zonasının arasındakı geniş həyətdə yerləşən böyük hovuzun yanından keçib, darısqal arakəsmə ilə irəlilyəib uzun dəhlizə çıxdılar. Dəhlizin girə-cəyində rəisin qeyri-rəsmi katibəsi olan «dnevalnı» deyilən məhkum qadının otağı idi.

O burada rəis və qonaqları üçün çay, yemək hazırlayır, habelə rəisin bəzi göstərişlərini lazımi adamlara ötürülməsində iştirak edirdi. Üzbəüz otaq kabinetə çıxışı olan rəisin istirahət otağı idi. Kabinet geniş və uzun idi.

Otağın yuxarı başında oturan, çiynində iki böyük ulduzu olan dazbaş yaşlı kişinin sərt nəzərlərindən ilk baxışda vahimələnirdin. O, qarşısındakı şəxsi işi vərəqləyib telefonu götürdü:

- Həkimə deyin tez bura gəlsin. - Gözündəki eynəyi çıxarıb Zinyəti diqqətlə süzdü:

- Ərin ola-ola başqa birisi ilə eşqbazlıq eləmisən, burda belə yazılıb, - əli ilə şəxsi işi göstərdi, - özün azmış, bətnindəkini də kalona gətirmisən...

- Əvvəlki ərimdən boşanmışam, yoldaş rəis, - Zinyət sıxılaraq dilləndi.

- Onu sən deyirsən. Rəsmi boşanma kağızın var? Bax görürsən, yoxdu. İndi uşaq doğulanda lazım gələrsə biz hansı ərinə müraciət edəcəyik? Əsas məsələ budur.

Açıq qalan qapı taqqıldadı. Gələn ağ xalatlı balacaboy, dolğun həkim idi.

- Rəis, gəlmək olar?

- Gəl. Lətafət xanım, bu məhkumun hamiləliyi nə vaxt bitəcək?

- Hələ üç ayı var.

- Onda buna işləmək yaramaz. Bu üç ayı daim nəza-rətində olsun. Əlli dərdimiz olsa belə, məcburuq əlimizdən gələni edək ki, «xanımın» uşağı dünyaya normal gəlsin…

Zinyət rəisin kinayəli sözlərindən başını yerə dikdi. Hamiləliyinə görə, tutulan gündən ona çox sözlər deyilmişdi. Zinyətin doluxsunacağını hiss edən rəis söhbəti uzatmayıb tamamladı:

- Yaxşı, get. Yəqin ki, səni rejim qayda-qanunları ilə tanış ediblər. Nə çətinliyin olsa əvvəl dəstə rəisinə, sonra müavinə, ya da mənə müraciət edə bilərsən.
Yaşayış zonuna qayıdan yolun girəcəyində Səbirə onu gözləyirdi.

- Hə, danış görüm, rəis sənə nə dedi? Niyə tutulmusan?

Zinyət dinmədi. Kənardan dikilən baxışları görən Səbirə səsini alçaltdı:

- Həyətin o başındakı guşəni görürsən, gəl çəkilək ora, sakitliyə söhbətləşək. Yoxsa it-pişiyin əlindən ağzını açmaq olmur, əlli yerdən pusurlar.

Skamyada əyləşən kimi Zinyəti tələsdirdi:

- Hə, başla…

- Nə başlayım? Elə bir şey olmadı. Həkimi çağırıb hamiləlik vaxtımı soruşdu. Hə, bir də işdən azad etdi.

- Elə bu?

- Day nə olasıdı ki?

Səbirə heç nədən şaqqanaq çəkib güldü:

- Rəisimiz necədi? Xoşuna gəldi?

- Neynirəm, hər necədi. Təzədən ona ərə gedəsi deyiləm ki. Pis adama oxşamır. Deyəsən heç şorgöz də deyil, eləmi?

- Kişi deyil? Kişi olsun, şorgöz olmasın, heç elə iş olar?

Hələ bu rəhmanisidi. Bundan əvvəlki rəisi görəydin. Nə istəsəydi edirdi. Kimin hünəri var idi cınqırını çıxartsın. Səsini çıxardanı tutub saçından həyət boyu sürüyürdü. Sən gördüyün kabinetdə çox məhkumlar qorxudan ayaqüstə dayandıqları yeri batırırdılar.

- Nə danışırsan, nə əzazil adam imiş.

- Elə etməsəydi, o burda padşahlıq edə bilməzdi. Gecələr istirahət otağında prokuror dostlarını başına yığıb «kef» məclisləri qurardı. Əvvəldən tapşırılan cavan, gözəgə-limli, «hal əhli» olan qadınlar «adboy»dan sonra gecə yerindən durğuzulub həmin məclisə aparılardı, hər qonağa biri...

- Məcbur? Bəs qadınlar etiraz etmirdilər?

- Ay qız, məcbur nədi, nə etiraz? Əksinə, aralarında qırğın idi. O deyirdi mən gedirəm, bu deyirdi bu dəfə mənim növbəmdir.

- Bəs işçilərdən «padşaha» qarşı çıxanı, özbaşınalığa dözməyəni olmadı?

- Oldu, amma, gec oldu. Rəis müəssisədəki işçilərin qadınını da, kişisini də hərəni bir yolla uzun müddət ələ almışdı...

- Biabırçılığın sonu necə qurtardı?

- Həmişəki kimi. Kimsə çatdırdı baş idarəyə, bir gecə gəldilər, rəisi yenə yeyib-içən, kef məclisi quran yerdə tutdular, özü də yataq paltarında. Hərə seçdiyi ilə yatmağa hazırlaşırmış. Soğan kimi “soyandan” sonra atdılar işdən bayıra, vəssalam-şüttəmam.

Gəl ki, ona halal idi. İşçini də, məhkumu da elə öyrətmişdi ki, hər kəs öz yerini tanıyırdı. Yoxsa indiki əfəl, ikisinə əl atıb, ikisini də mindirib boynuna. Heç bilmir hansını düşürsün.

- Doğrudan, kimdir o iki nəfər?

Səbirə indiki rəis haqqında son sözlərinin yersiz söylədiyini anıb, xasiyyətini hələ öyrənmədiyi adama lazım olduğundan çox danışdığı üçün ürəyində özünü qınadı:

- Yox ay qız, söz məsəli dedim. Nə bilim, sözdü də deyirlər. Ola bilsin yalandır. Kimlərinsə uydurmasıdır…

- Kaş bütün danışdıqların yalan olaydı. Adamın heç inanmağı gəlmir eşitdiklərinə...

- Daha narahat olma, çətin ki, elə vəziyyət burada nə vaxtsa bir də təkrar olsun. Ölkəmiz müstəqilləşib, qanunların islahatı gözlənilir. Eşitmisən, deyirlər məhkumların şəraitinə bundan sonra Avropa Şurası nəzarət edəcək.

Zinyət özünü gülməkdən saxlaya bilmədi:

- Deyəsən onların görəsi başqa işləri qalmayıb...

Bu zaman televizor otağı tərəfindən qara-qışqırıq qopdu. Səbirə tez yerindən qalxdı:

- Sən gözlə, mən bu dəqiqə öyrənib qayıdıram. Görüm boğuşanlar kimdir?

Söyüş dolu iki fərqli qışqırıqdan davanın baş verdiyi məlum idi. Qışqırıqlar artdıqca Səbirə kimi hər tərəfdən maraq xatirinə televizor otağının qapısına toplaşanların sayı sürətlə artırdı. Deyəsən dalaşanları bir-birindən ayıra bilmirdilər.

An keçmədi, özünü təcili hadisə yerinə çatdıran iki nəzarətçinin səsi də onlara qarışdı:

- Ay qız, burax qızın saçını. Öldürəcəksən? Nə istə-yirsən, ala bilmirsən? Qızmışlar qızıblar.

- Dağılışın, yol verin!

Əynindəki paltarları paralanmış, saçlarını oğlan sayağı vurdurmuş, təzəcə aralandırılmış iki acıqlı, təngənəfəs cavan qadını nəzarətçilər toplaşanların arasından çıxardıb, qabalarına qataraq münaqişənin səbəbini öyrənmək üçün öz otaqlarına apardılar.

Toplaşanlar dağılışmağa başlayanda Səbirə gülə-gülə qayıtdı:

- Gördün bir-birlərini nə halətə qoymuşdular. Üz-gözləri də qan içində idi, cırmaqlaşmaqdan.

- Nə məsələdir, yoxsa ayrı-ayrı verilişlərə baxmaq üstündə düşüb davaları?

- Yox ay qız, nə danışırsan, məsələ qısqanclıq məsələ-sidir. Eşq üstündədir…

- Hansı kişidir o bəxtəvər, üstündə özlərini öldürürlər?

- Kişi deyil, qıza görədir.

- Anlamadım…

- Necə deyim «para» söhbətidir, - yəni cütlük. Hə, burda belə bir eşq də yaşanır. Məkumların biri digərini sevir.

- Qadın qadını?! Bu necə ola bilər?!

- Hə də, qadın qadını. Bəs səhər sənə nə söylədim, hələ elə şeylər eşidəcəksən, görəcəksən ki, az qala başını itirə-cəksən. Bacı, bura türmədən əlavə həyat universitetidir.

Hər şeydən, həyatın hər üzündən xəbərin olacaq. Mən institut qurtarmışdım, bu qədər savadım, təcrübəm yox idi. Görünür, Allah-Təala biliyimi artırmaq üçün bu universiteti də lazım bilib.

- Yaxşı, dava nə üçün?

- Cütlüyə aid olanlardan biri adətən özünü oğlan yerində hiss edir, o biri ilə oğlan kimi davranır. Onun sevdiyinə başqa bir «şərti» oğlanın yanaşdığını hiss edəndə qısqanclıqdan saç yoldu başlayır.

- Nə deyirsən de, başıma sığışdıra bilmirəm. Bu anor-mallıqdan başqa bir şey deyil. Utanmazlar!

- Mən də elə düşünürəm. Psixoloji şikəstlik əlamətidir. Amma, onlar utanmaq nədir, özlərini haqlı sayırlar. Qadının qadına sevgisini hər adam başa düşə bilməz – deyirlər.

- Nə bilim vallah, gör gəlib hara çıxdım! Cəza evində nə qədərdi özünə «oğlan» tapanlar, çoxdumu?

- Yox, elə çox deyil. Bilirsən, açıq söz, belələri əsasən azadlıqda fahişəliklə məşğul olanlardır. Burda da dinc otura bilmirlər. Erkək tapmağın çətinliyindən özlərinə oxşarlarını tapırlar.

Boş qalanda sevgisiz darıxırlar. Məncə, ayrılıqda hərə-si bir ailənin olsa da, onların varlığı şübhəsiz, cəm halında cəmiyyətin əyintilərini əks etdirən aynasıdır. İnanarsanmı ki, əsl kişisi olan evin qadını pozğun olsun? Bu «biçarələr» gəzəyən analardan çox, «xoşqeyrət» atalardan törənənlərdir.

- Nə isə. Adam deməyə söz tapmır…

-Sən yaxşısan, uşağının atası var. Bayırdan elələri gəlir ki, bətnindəkinin kimdən olduğunu dəqiq xatırlamır, üstəlik danışanda namusdan, təmiz addan dəm vurur.

- Onların dərdini çəkmək bizə qalmayıb. Gəl özümüz-dən danışaq. Danış görüm, necə oldu ki, institut sənə az oldu, «universitetə» də yolun düşdü?

- Adətdi, həmişə kişilər qadının felindən dad eləyirlər. Əksinə, mən kişi «qırığı»nın qurbanı oldum. Söhbəti yox, özümün də günahı oldu. Deyim ki, günahsızam, yalan olar. Əslində, sadəcə həyatda bəxtim gətirmədi.

Yiyəsiz oldum. Məncə qadının başına nə pis iş gəlirsə, hamısı yiyəsizlikdən baş verir. Düzdür, qadın güclü məxluqdur. Ancaq nə qədər güclü olsaq da biz qabırğadan yaradılmışıq, kiməsə qabırğa olmalıyıq.

Qabırğa olmayanda, özbaşına olanda gərəksizləşirik, sahibsizləşirik...

Allah Həvvanı Adəmdən əvvəl yox, sonra yaradıb. Həm də məxsusi onun üçün yaratmışdı. Amma gəl ki, kişinin də təkcə adı deyil, özü də kişi olmalıdır. Sən fikir ver, buradakı bütün qadınların – sənin də, mənim də kişi adına layiq kimsəmiz yoxdur. Əgər kişi kimi ərimiz, qardaşımız, ya atamız olsaydı, imkan verərdilərmi cinayət edək, ya türməyə düşək? Əlbəttə yox.

Kimisininki ölüb, kimisininki həbs olunub, kimisininki də var ikən ölüdən fərqi yoxdur.

Mən qadın cinayətkarlığının səbəbinin yarısının həmin qadınların dərin düşüncə, uzaqgörmə qabiliyyəti olmamalarında görürəmsə, yarısını da onlara sahiblik edə bilməyən kişilərdə görürəm. Mən də belə oldum. Həyatı anlayandan atam, qardaşım olmadı.

Sərbəst böyüdüm, yaşadım. İnanırdım ki, sərbəstliyimlə həyat-da hər şeyə nail olacağam. İnstituta girdim. Ailə qurdum. Lakin, sərbəstliyimi əldən vermədim. Verə də bilməzdim. Çünki mən belə alışmışdım, bu, mənim həyatım idi.

Yoldaşım mənə yiyələnmək, öz ixtiyarına almaq istəsə də, mən imkan vermədim. Yola getmədik, ayrıldıq. O, məndən zəif olmaq istəməsə də, güclü də ola bilmədi. Sərbəstliyimə görə körpə qızımı da aldı əlimdən.

Başqa bir kişi ilə yaşamağa başladım. Günlərin bir günü məni aldatdığını, əlavə arvad kimi saxladı-ğını biləndə ondan heyfimi çıxmaq qərarına gəldim. Yeməyinə dərman qatıb yatmağını gözlədim.

Yuxuya gedəndə əlimə keçəni götürüb evindən qaçdım. Sən demə dərman köhnə imiş, təsiri az olubmuş. Ayılanda polisə şikayət etdiyindən səhəri günü məni həbs etdilər.

Bax belə. Kişi sarıdan “defisitin” axırı məni gətirib türməyə çıxardı. Qadınını sevən və özünü sevdir-məyi bacaran kişi həyatda hər qadına nəsib olmur. Baxtı gətirib bu cür ər tapmaq əsl xoşbəxtlikdir. Allah qadını sevilmək üçün yaradıb.

Sevilməyən qadın mənim aləmimdə çiçək açmayan, baxımsız bəzək koluna oxşayır.

Qısası gərək özbaşına olma-yasan. Özbaşına ki, oldun başına çox iş gələcək...

- Haradasa sözlərində həqiqət var, - eşitdiklərindən təsirlənmiş Zinyət fikirli-fikirli razılaşdı, - deyə bilmərəm ki, mən bəxtimdən narazıyam, arzu etdiyim kişiyə rast gəlmə-mişəm. Əksinə, onu itirməmək üçün ən əziz adamlarımla mübarizə aparmışam. Əfsus ki, o, indi azadlıqda deyil…

- Bilirəm, - Səbirə kövrələn Zinyəti sakitləşdirmək istədi, - xatırlayıb, özünü üzmə. Xəbərim var.

- Hardan bilirsən? – Zinyət təəccübləndi – Sən Allah, de görüm sənə kim deyib?

- Aaaz, dünəndən bilirəm. Sən Səbirəni nə bilmişdin. Elə şey ola bilməz ki, bu zonda yeni nəsə xəbər, məlumat olsun, mən bilməyim. Hökmünü oxumuşam.
Zinyət heç nə anlamadığından matdım-matdım baxırdı. Səbirə yenə şaqqanaq çəkib güldü:

- Aaaz, xoflanıb ürəyinə heç nə gətirmə. Sənə hardan öyrəndiyimi deyərəm, ancaq bir şərtlə, nəbadə kiməsə danı-şasan. Söz qulağıma çatsa, biləcəyəm ki, səndən çıxıb.

- Yox, ay qız, - Zinyət onu qınadı, - sən məni nə hesab edirsən?

- Zonumuzun əmliyyatçı zabit xanımın tanıyırsan?

- Hə, «karateist» deyirlər, onu? – Zinyət dünən müəssisəyə daxil olarkən qəbul zamanı onun üstünə çığıran üç kiçik ulduzlu paqonu olan acıqlı, zabit xanımı xatırladı.

- «Karateist» nə vaxtsa olub, indi yekəldiyindən «ştangist»dir.

Hə, o, yaman özündən deyəndi. Etibarını qazan-mışam. Onun vasitəsiylə zondan başlamış nazirliyədək nə olsa, xəbər tuturam. O, elə bilir ki, məni özünə «stukaç» saxlayır. Daha xəbəri yoxdur ki, mən onu fırladıram. Nə olsun ki, paqonu var. O ali təhsildən mən də almışam, yeri gəlsə ondan da artıq savadım var.

- Səbirə, sən bəlasan! Hələ bir kişiləri də qınayırsan ki, məni ram edəni olmadı… Dur bir az gəzək. Yoruldum otur-maqdan.

Onlar xırda addımlarla həyətboyu yanaşı söhbətlərini davam etdirə, var-gəl etməyə başladılar. Həyətin müxtəlif yerlərində əkilmiş böyük gövdəli, qollu-budaqlı ağacların köl-gəsi altına yığışmış xeyli qadının söhbətləşənindən əlavə, nərd, dama, domino, hətta şahmat oynayanları da vardı.

- Bu oyunlarla aran necədi, - Səbirə soruşdu.

- Belə də, xəstəsi deyiləm.

- İstəyirsən bir özünü yoxla.

- Yox, qoy qalsın başqa vaxta, həvəsim yoxdur.

- Yadında olsun, heç vaxt mərcə oynama ha… Düzdü, burda axır vaxtlar pulla oynamaq dəb düşüb, yeni «mikro» qumarbazlar əmələ gəlib. Aldadıb oynadarlar, uduzub başına iş açarsan.

- İndiki elədir, heç oynamaram.

- Bir də, nəbadə sələmlə pul verənlərdən borc alasan…

Ətrafdakılardan kimsə haray çəkdi:

- Ora baxın, ora. Beşmərtəbənin damına.

Həyətdəki bütün nəzərlər yaxınlıqdakı beşmərtəbəli yaşayış evinin damına dikildi. Damda dayanmış arıq, uzun, saçlarını külək qarışdırmış bir qadın həyətdəkilərə tərəf baxıb əl eləyir, eşidiləsi mümkün olmayan səslə qışqırıb nəsə deyirdi. Hamını heyrət bürümüşdü.

O, kim idi, nə istəyirdi, ora niyə çıxmışdı?

Azadlıqda narkoman olmuş, zonda «Kəpənək» adı ilə çağrılan məhkum keçmiş həmkarını tanıyıb sevinclə çığırdı:

- Mən tanıdım, Rahibədir, baxın. Düzdür? Odu? Yəqin bizim üçün darıxıb, ona göpə ora çıxıb. Rahibə, hey!

Rahibəni tanıyanların sayı artdıqca üzlərindəki heyrəti anlaşılmaz təbəssüm əvəz edirdi:

- Rahibə kimdir? – Zinyət Səbirədən soruşdu.

- Buranın daimi dustağı. Üç dəfə cəza alıb. Ömrünün üst-üstə on dörd ilini burada keçirib. Nə qədər müalicə alsa da, yolundan dönməyən keçmiş narkoman. İki həftədir çölə buraxılıb cəza müddəti bitdiyi üçün.

Getmək istəmirdi, azadlıq mənim üçün əzabdır, – deyirdi. Çöldə mənə kim baxacaq, ağlayırdı. Yaxınları, doğmaları üçün dəyərsiz, gərəksiz insana çevrildiyindən qırx yaşından sonra nəsə əldə edəcəyinə inamı qalmamışdı.

Yenə ya narkotika qəbul edib, ya da xırda oğurluq edib tezliklə qayıdacağını demişdi gedəndə.

Yəqin darıxıb, qapıdan buraxılmadığından binanın damına çıxmalı olub.

Səbirəni dinlədikcə Rahibə Zinyətin gözündə özünü damdan bu həyətə atmaqla intihar etmək istəyən insana bənzə-yirdi. Yazığı gəldiyindən könlündən qışqırıb onu bu yoldan çəkindirmək keçdi. Amma xeyri olmayacaqdı.

Həyətdə heç kim narahat deyildi, hamı gülümsəyirdi.

Ona baxanlar sonra yorulub gözlərini çəkdilər. O isə məhkumlar nahar yeməyinə gedənə qədər dayandığı yerdən tərpənməyib həsrətlə zonun həyətinə baxırdı...
XS
SM
MD
LG