Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:14

İstanbulda Barış Muzeyi açılacaq


Baş operator Erkan Umut və Barış Manço Meksikada (1998)

Özü də harada? Barış Mançonun televiziya verilişlərində hər zaman tamaşaçısına xatırlatdığı ünvanda - 81.300 İstanbul, Modada.

Barış Manço ömrünün son 14 ilini ailəsiylə bu məkanda yaşayıb. Ən gözəl mahnılarını da burda yazıb. Təəssüf ki, ölümündən sonra bu ev başqasına satılıb...

MUZEYİ KADIKÖY BƏLƏDİYYƏSİ YARADIB

Türkiyənin «Star» televiziyasının verdiyi xəbərə görə, İstanbulun Kadıköy bələdiyyəsi Barışın bu məşhur evini onun muzeyinə çevirmək qərarına gəlib. Və istəyini gerçəkləşdirib də.

Dörd mərtəbəli tarixi binanın iki mərtəbəsi əfsanəvi musiqiçinin 57 illik həyatını sərgiləyir.

BURADA DAHA NƏLƏR YOXDUR?

Barışın ilk şəxsiyyət vəsiqəsindən tutmuş, sonralar xarici səfərlərdə istifadə etdiyi saysız xarici pasportlaracan, konsertlərində çəkdirdiyi müxtəlif şəkillərdən tutmuş, ailə albomunda qorunan nadir fotolaracan hər şey gələnlərin üzünə açılacaq.

Maestronun istifadə etdiyi əşyalar, avadanlıqlar, evinin əntiq əşyaları, Barışın qeyri-adi səhnə paltarları, gündəlik geyimləri də mənzil muzeydə sərgilənəcək.

Tamaşaçılar hətta onun «Domates, biber, patlıcan» mahnısının klipində geydiyi alabəzək köynəyini də muzeydə görə biləcəklər.

MUZEYDƏ HƏR OTAĞIN ÖZ ADI OLACAQ

Məsələn, «Adam olacaq çocuk» odası Barışın hazırladığı televiziya verilişinin şərəfinə düzəldilib. Uşaqların yazdığı «Səni sevirik, Barış abi» sözləri də otağın divarlarını bəzəyir.

O, MƏNİM RÖYAMDI...

Və təbii ki, əfsanəvi musiqiçinin əsərlərini bəstələdiyi məşhur pianosu...Barış Manço onu xüsusi olaraq Avstriyadan gətirdibmiş. Pianosunu elə sevirmiş ki, «o, mənim röyamdır» deyirmiş...

O, HƏM DƏ RƏSSAMMIŞ!

Sən demə, Barış Manço təkcə ustad musiqiçi yox, həm də gözəl rəssammış. Onun çəkdiyi tablolar da muzeydə sərgilənəcək.

Mənzil-muzeydə xeyli heykəllər də var. Öz gözümlə gördüm. Hamımızın sevdiyi «Arkadaşım eşşək» mahnısının qəhrəmanı bütün gözəlliyi ilə muzeydə qərarlaşıb.

Evin bağçasında Barışın heykəli də var. Yanında musiqi qrupunun üzvləri heykəlləşmiş, öz işlərindədirlər...

DAHA BİR MAHNI QƏHRƏMANI - SUPER NƏNƏ

Bağçaya açılan bir yer. Manço ailəsinin yemək yediyi məkan. Hə şey necə var, qorunub.

Yenə Barışın bir mahnısının qəhrəmanı - heykəlləşmiş «Super babaanne», kresloda bütün əzəməti ilə əyləşib...

KAŞ...

Kaş Bakıda yerləşən mənzil-muzeylər də insana bu dərəcədə yaxın ola biləydi!
Rəşid Behbudovun gələcəkdə yaradılacaq ev muzeyində onun qəhrəmanlarının - Arşın malçının, Bəxtiyarın, Balaşın heykəllərini görmək istərdim...

Bir də mahnıların otaqlara verilmiş adlarını. Məsələn, «Lalələr» otağı, ya «Sevgilim» otağı, ya da lap «Halvaçı» otağı. Bəs «Ay ana, dostum evlənir!» otağı?

Bu, bir arzudur. Keçək əsas məsələyə.

Barış Muzeyi iyunun 9-da qapılarını hamının üzünə açacaq. Demək, bundan sonra İstanbula gedənlərimizin baş çəkəcəyi daha bir müqəddəs məkan var: 81.300—Moda.

P.S. Bu xəbəri eşidən kimi niyə sizə çatdırmaq istədiyimi başa düşdünüzmü? Onu nə qədər sevdiyinizi bildiyim üçün yazdım...
XS
SM
MD
LG