Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Gülər Sadıqova "Mən özümü necə tapdım" (Hekayə)


Gülər Sadıqova

"Mən özümü necə tapdım"

(Hekayə)

Əslində hər şey keçən ilin qışında başlamışdı. Həyatımın 23 ilində elə bir qış olmamışdı ki, onu təbəssümlə xatırlayım. Soyuğa dözmədiyim üçün hər qışı əzabla keçirirdim. Keçən ilin qış səhərlərindən biri idi.

Yuxudan oyanıb, gözlərimi ovuşdura – ovuşdura əl – üzümü yumağa getdim. Üzümə su çəkib başımı qaldıranda güzgüdə başqası var idi.

Üzümü nə qədər sillələsəm də güzgüdəki adamı tanımadım. Sonra otağıma keçdim. Yarıqaranlıq otaq, dağınıq çarpayı, siqaret kötükləri, içki şüşələri və daha nələr. Qərarım qəti idi, özümü axtarmalı idim.

Onsuz da son zamanlar hiss edirdim özüm olmadığımı. Gülüşüm saxta idi, kədərim saxta idi. Bəzən hansısa sözü deyəndə səsimin də saxta səsləndiyinin fərqində idim.

Tələsik əlimə keçəni geyindim. Hara getdiyim barədə anlayışım yox idi. Vağzala gedib, ilk gələn qatara mindim. Çox yerlər gəzdim, çox insanlar gördüm. Pulum çoxdan qurtardığından küçələrdə, stansiyalarda yatırdım.

Paltarlarım tökülmüşdü, bəzən vicdanlı insanların atdığı qəpik quruşla səyahətimi davam etdirirdim. Lap acından ölənə qədər gəzəcəkdim, amma tapacaqdım özümü.

Peşman olduğum vaxtlar da olurdu. Səssizcə içimə qısılıb geri qayıtmağı düşündüyüm vaxtlar da. Döyülməkdən qanayan üzümü tutub, arxama baxmadan qaçdığım vaxtlar da olmuşdu, küçədəki səfillərlə dostlaşıb, son tikəmi böldüyüm vaxtlar da. Üzümü saqqal basmışdı. Saçlarım uzanmışdı.

Yaz gəlmişdi. Hava hələ sərin olsa da isti nəfəsli meh saçlarımı sığallayırdı. Kiçik qəsəbənin düz ortası ilə gedirdim. Bir – birinə yaxın yerləşən ağ əhənglə suvanmış evlərin səliqəsini həyətlərdən asılmış pal – paltar pozurdu.

Qara hörüklü qadınlar bellərinə aldıqları uşaqların ağlamalarını unudub üzümə zillənirdilər. Günorta idi. Bir – iki evin qarşısında dayanıb siqaret çəkən kişiləri nəzərə almasaq demək olar ki, qəsəbədə kişi yox idi.

Kasıblıq hər yerdə yaşayırdı. Pəncərələrdə tor qurmuşdu, daşların arasında gizlənmişdi, körpələrin gülüşündə əsirdi.

Tanımırdım bu qəsəbəni. Onun haqqında heç bir təsəvvürüm yox idi. Arxasından yapışıb, yük yerində özümü rahatlatdığım qatarlardan biri gətirmişdi məni bura. Daha doğrusu qatar dayanmamışdı bu kiçik qəsəbədə.

Özüm düşmüşdüm qatardan. İndi isə maraqlı baxışların altında dayanmadan gedirdim. Qəsəbənin sonuna çatdığımı zir – zibilin çoxalmasından hiss etdim. Ağzı çirkdən qaralmış köynəksiz uşaqlar zibillikdə eşələnirdilər.

Onlardan bir neçəsi zibillikdən tapdıqları köhnə corabları bir – birinə keçirib futbol oynayırdılar.

Məni görəndə oyunu dayandırıb, üzümə zilləndilər. Onları keçəndə arxamdan birinin anlamadığım dildə nəsə dediyini hiss etdim. O biri uşaqlar möhkəm gülüşdülər. Bəlkə də yaxşı söz deməmişdi, bəlkə də söymüşdü amma qəribə idi ki, içimi gülüş və həyat eşqi doldurdu.

Yoluma davam etdim. Qəsəbədən bir ar aralananda əsən isti meh mənə qırıq – qırıq səslər çatdırdı. Musiqi səsi idi.

Yaxınlaşdıqca həzin gitara səsini aydın duyurdum. İçimdən bir səs mənin orada olduğunu deyirdi. Altı yırtılmış ayaqqabıdan ayağıma batan tikanlara fikir vermədən səsə doğru irəliləyirdim.

Musiqinin səsinə həzin kişi səsi də qarışmışdı. Azadlığın səssiz yüngüllüyündə uzaqlardakı səs məni haylayırdı. Yavaş – yavaş təpəni qalxdım. Uzun, relslərinin arasını kol – kos basmış dəmir yolunun üstündə bir neçə nəfər dairə şəklində oturmuşdu.

Biri gitara çalır, oxuyurdu. Qara, çirkli saçları gözlərinə tökülmüşdü.

Siqaret damağında olmasına baxmayaraq gözəl oxuyurdu. Gözlərini yummuşdu. Qadın isə rəqs edirdi. Bir əlində siqaret, digər əlində plastik qab tutmuşdu. Onun da saçları dağınıq, uzun idi. Barmaqları ucunda rəqs edirdi.

Gözlərini yummuşdu. Dəmir yolunun sonunda sanki kimisə gözləyirmiş kimi görünən qırmızı günəşin şüaları qadının zərif dərisində əks olunurdu. Amma dırnaqlarından, ətəyini yellətdiyi uzun paltarından nədənsə vəhşilik iyi gəlirdi.

Əllərim əsirdi, ac insan dadlı yeməyin iyini necə duyursa mən də öz iyimi duyurdum.

İlk dəfə idi, o qədər əzabdan sonra şirin sevinc hiss edirdim. Mahnı iliklərimə, beynimə, hüceyrələrimə işləyirdi. Bir qədər uzaqda bardaş qurub oturdum. Mahnı bitdi. Gözlərimi açdım. Mənə baxırdılar. Yaxınlaşdım.

Üzlərindəki ifadədən sual verdiklərini bilsəm də dillərini anlamırdım. Əllərimə izah etdim ki, onları başa düşmürəm. Sonra işarə ilə siqaret istədim. Verdilər. Gitara çalan məni süfrəyə dəvət etdi. Bax, hər şey də elə bundan sonra baş verdi.

Onlarla yaşamağa başladım, dillərini öyrəndim. Sonralar hiss etdim ki, bu insanlar qəsəbədə sevilmirlər.

Onlar macəraçıdırlar. Yemək üçün yaşamırlar, həzz üçün yaşayırlar. Özümü tapmışdım. Ölənə qədər onlarla qalacaqdım. Həyatım onlardan ibarət idi artıq. Ən əsas da vəhşi gözəlimdən. Onu belə adlandırmam xoşuna gəlirdi.

Gitara çalanın adı Markes idi.

Əsl adı deyildi anladığıma görə bu yazıçının fanatı olduğu üçün onu belə çağırırdılar. Markesin güclü iradəsi, insanın iliyinə işləyən baxışları və hökmlü səsi var idi. Mübahisədə həlledici söz onun olurdu. Hər yerə birlikdə gedir, birlikdə yeyir, birlikdə içirdik. Azadlıq çox gözəl idi. Amma bir gün...

Bir gün hər şey kökündən dəyişdi. Yenə axmaq qış gəlmişdi. Ümid edirdim ki, heç olmasa bu qış xoşbəxt olaram. Amma belə olmadı. Qarlı günlərin birində Markes mənimlə söhbəti olduğunu bildirdi. Kənara çəkməsindən hiss etdim ki söhbət xeyirli olmayacaq. Markes qaşqabaqla soruşdu:

- Onu sevirsən?

- Kimi?

- Özün yaxşı bilirsən.

Susdum. Anladı hər şeyi.

- Get burdan. Xahiş edirəm. Səni çox istəyirik deyə sərt yanaşmadıq. Get burdan.

Bircə söz demədim. İndi uzun qış axşamlarına əzabla yorğanıma bürünüb uzandığım vaxtlarda tez- tez o söhbəti xatırlayıram. Təəssüflənirəm ki, niyə susdum, niyə heç nə demədim.

Demədim ki, atmayın məni. Mən ondan uzaq gəzərəm, sevgimi öldürərəm, təki məni uzaqlaşdırmayın. Amma deməmişdim. Eləcə uzaqlaşıb, içki şüşələri və siqaret kötükləri ilə dolu mənzilimə qayıtmışdım.

Həmişə onları düşünürəm. İndi daha güzgülərdə özümü tanımayanda təəccüblənmirəm, dəhşətə gəlmirəm. Mənim özüm indi haradasa isti uzaqlara, kol –kos basmış o dəmir yol relslərinin arasında planeti tapdalayır.

Mənim özüm haradasa oralarda xoşbəxtdir. Bu otaqda yaşayan isə otağın elə özüdür.

Divarlara çökmüş əşyadan başqa heç nə deyil. Heç ölümümdən də kimsə xəbər tutmayacaq. Beləcə çürüyüb, elə çürümüş taxtalara qarışacağam. Amma xoşbəxtəm. Həyatımda heç olmasa bir dəfə özümü tapa bilmişdim.
XS
SM
MD
LG