Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

«Mənim icazəsiz aksiyalara getməmək kompleksim yoxdur»


Əli Kərimli
Bu fikri «Panorama» verilişində AXCP sədri Əli Kərimli deyib.

- Əli bəy, Siz mayın 15-də keçirilən aksiyanı baş tutmuş sayırsınızmı?

- Bizim mitinq keçirmək fikrimiz vardı. Ancaq Bakı şəhər İcra Hakimiyyəti qanunsuz şəkildə bu aksiyaya icazə vermədi. Halbuki, onların belə bir hüququ yoxdur. Bizim də qanunsuz bir tələblə razılaşmaq fikrimiz yoxdur. Azərbaycan artıq Avropa məkanında istisna ölkəyə çevrilib ki, hakimiyyətin özü aksiyaların yerini müəyyənləşdirmək istəyir. Niyə bizi şəhərdən 20 kilometr uzağa, qapalı bir yerə göndərməlidirlər? Ona görə də biz əvvəlcədən elan etdiyimiz kimi, Nərimanov meydanında aksiyaya təşəbbüs göstərdik. Bu polisin zorakılığı ilə qarşılandı, ilkin məlumatlara görə, 30-dan çox şəxs saxlandı. Təbii ki, polis zorakılığı qarşısında bundan artığı mümkün deyildi. Bununla belə biz bütün dünyaya sübut etdik ki, Azərbaycanda vətəndaşların elementar etiraz hüququ tanınmır. Ancaq bununla belə yüzlərlə, minlərlə insanlar var ki, bütün bu repressiyalara baxmayaraq azad və demokratik seçkilərdə israrlıdırlar…

- Əli bəy, bəs siz özünüz niyə aksiyaya qatılmadınız?


- Aksiya zamanı çıxışlar mümkün olsaydı, mən o meydana gedəcəkdim. Ancaq indiki halda partiya üzvləri buna ehtiyac görmədilər. Əslində mənim hakimiyyətin icazə vermədiyi aksiyalara getməmək kompleksim yoxdur. Dəfələrlə belə aksiyalarda iştirak etmişəm. Hətta 2005-ci il noyabrın 26-da keçirilən oturaq aksiyaya mən öz xanımım və 12 yaşlı oğlumla getmişdim. 1994-cü il sentyabrın 10-da keçirilən və onların təbirincə desək, icazəsiz aksiyaya görə mənim haqqımda cinayət işi açılıb. Bu iş indi də xətm edilməyib. Bu səbəbdən də mənə xarici pasport verilmir. Ancaq mən bundan sonra da belə aksiyalara qatılmaq fikrindəyəm…

- Əli bəy, dediniz ki, Azərbaycan Avropa məkanında istisnaya çevrilməkdədir. Bu, nəyin göstəricisidir?


- Hakimiyyət başa düşür ki, azacıq yumşalsa, bu, onların siyasi səhnədən getməsi ilə nəticələnə bilər. Hələ ki, ən sərt metodlarla öz ömürlərini uzatmaq fikrindədirlər. Ancaq onlar Miloşeviçin, Çauşeskunun və Bakiyevin aqibətinə baxmalıdır. Azərbaycan hakimiyyətinin hələ seçim imkanı var. Yayı nə qədər sıxsan, o bir o qədər yüksəyə qalxacaq…

- Ancaq fizikada başqa bir qanun da var. O, çox sıxılanda elastikliyini itirir…


- Düzdür, belə qanun var. Ancaq bundan ötrü yaya təzyiq edən qüvvə həddən artıq güclü olmalıdır. Azərbaycanda isə belə deyil. 17 ildir hakimiyyət seçkiləri saxtalaşdırır, müxalifət ən müxtəlif repressiyalarla üzləşir. Ancaq bütün seçkilərdə xalq müxalifətə etimad göstərir. Bu, o deməkdir ki, hakimiyyət Azərbaycan xalqının iradəsini sındırmaq gücdə deyil…



HƏMÇİNİN OXU:

«AZADLIQ» BLOKUNUN ETİRAZ AKSİYASI
XS
SM
MD
LG