Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:21

Samir Sədaqətoğlu "Mariya Fyodrovna öldü, canı qurtardı" (Hekayə)


Bu əlamətdar hadisə aprelin 3-ü, səhərə yaxın baş verdi. Pasxa bayramında. Axır ki, sən öldün.

Və əvvəlcədən ölçüb-biçərək, ilahi bir sevinclə bu əziz bayram günündə ölməklə sanki doğmalarından ilk və son intiqamını aldın.

Son nəfəsində - artıq bütün bədəninin soyuduğunu duyarkən çuxura düşmüş ala gözlərində qəribə bir işıltı, illərin qəhrindən xırda bir yumağa dönmüş taqətsiz ürəyində yaradana hədsiz-hüdudsuz minnətdarlıq vardı.

Ruhun bədənindən ayrılarkən sən çox məmnun idin, Mariya Fyodrovna. Bu uzun-uzadı, məşəqqətli ömründə ilk məmnunluğun idi. Kaşki bir görən olaydı, həmin anda necə də xoşbəxt idin. Bəlkə də elə bu səbəbdən ruhun da sısqa bədənindən sevinə-sevinə ayrıldı.

Bir elə iztirabdan sonra axır ki, can rahatlığıyla öldün e, sən öldün, Mariya Fyodrovna. Öldün, vəssalam, canın qurtardı.

Daha bunun o yan bu yanı yoxdu: düz 85 il yaşadın. Amma ən kədərlisi odur ki, sən heç vaxt həyatda 85 il yaşamağın feyzinin nədən ibarət olduğunu izah edə bilməzsən.

Bəri başdan, bu 85-dən 10 il çıxırıq: sərasər 10 il yataq xəstəsi oldun.

Düzdümü? İlk illər tezliklə sağalacağına, o küncdəki kətili götürüb evin qarşısında oturaraq tum çırtlaya-çırtlaya gələnin qabağına, gedənin arxasına baxa-baxa məhəllə arvadlarıyla mırt vuracağına çox böyük ümidin vardı.

Sonra il ili əvəz elədi, gördün ki, yoox, aşna, bu həna o hənadan deyil, səhhətin yaxşılaşmaq əvəzinə dala gedirsən.

Bir şey ki, dəva-dərmanını vaxtlı-vaxtında qəbul edə bilmirdin, necə ola bilərdi ki, o sınıq-salxaq çarpayıdan sağalıb ayağa qalxasan? Oğul-uşaq öz puluna almırdı cəhənnəmə almasın, gora almasın, dünyanın gərdişinə bax ki, sənin öz halal təqaüdünü də dərmanlarına qıymırdılar.

Əslində, canından artıq sevdiyin doğmalarının bu biganəliyi, laqeydliyi səni çərlətdi.

Öz aramızdı, sən ölmədin, çərlədin, Mariya Fyodrovna. Sanki hamı sənin ölməyini istəyirdi.

Bunu hiss etdiyin vaxt sən də acığa düşüb qəti qərara gəldin ki, tezliklə ölümə təslim olmayacaqsan, nə qədər ürək qısan olsa da, ölümünü arzulayanlara göz dağı olsun deyə yaşayacaqsan.

Hər nədi, öz işindi, buna qarışmıram. Sözümün canı ondadır ki, düppədüz 10 il çarpayısının altındakı “qarşok”a bayıra çıxan binəva hansı həyat ləzzətindən danışa bilər? Deməli, 85-dən 10-u çıxdıq.

Qaldı 75. Düzdü? Yalanın heç yeri də yoxdu.

Özün yaxşı bilirsən ki, rus qadınları 40, uzağı 45 yaşına qədər dünyanın nə keyfi var çəkdilər, çəkdilər, sonrası itin əzabıdı. Bir də onların həyatında sevincə bənzər hiss təqaüddən təqaüdə peyda olur.

Doğrusu, bu müvəqqəti sevinc də şikəst doğulan varlığa bənzəyir.

O qədər qayğı əjdaha kimi ağzını açıb gözləyir ki, nə qədər çək-çevir eləsən də, baxıb görürsən aldığın o beş-on manat ayın ayağından başınacan bəs eləmir...

Ölümünü arzulayanlardan biri də uğrunda canını belə verməyə hazır olduğun nəvən Lyoşa idi. Ax, Lyoşa, Lyoşa!

Dünyada heç kimə etibar yox imiş. Ay səni nacins! Dəyyusun biri dəyyus! Əslində, bu istəyi onun ürəyinə aktrisa arvadı İra salmışdı.

Danışıb-danışıb başını piyləmişdi: “Bu kaftar ölüb qurtarsaydı, onun yatdığı otağı da təmir elətdirib özümüzü evin tam sahibi hiss edərdik. İyrənirəm o otağa girəndə, leş iyi gəlir.

Dəhşətdi! Axı, onun iylənə-iylənə yaşamağı kimə lazımdı?” Və İra bu sözləri təkcə Lyoşaya demirdi, kor-kor, gör-gör, həm də həyasızcasına sənin özünə eşitdirirdi.

Sən, Mariya Fyodrovna, dedim axı, bir gözəl zamanlar var idi ki, Lyoşanın xoşbəxtliyi naminə hər şeyindən keçərdin.

Bu yaramazsa sənin təqaüdünə dərman almaq əvəzinə, gedib o pulları verirdi çaxıra, pivəyə və gecənin yarısına kimi o ifritə İrayla qəh-qəhə çəkə-çəkə, mahnı oxuya-oxuya vururdu vur ki, vurasan.

Hətta onlar boğmalanıb tuluqlarını doldurandan sonra da qonşu otaqda sakitlik bərqərar olmurdu.

Xüsusən də, şənbə, bazar günləri səhərə qədər onların haf-hüfü yatmır, hənirtiləri kəsilmək bilmirdi.

Bunula mən də razıyam ki, İra təkcə teatrda aktrisalıq eləmirdi, o, həyatı da oynayırdı. Necə ki, başlayırdılar sevişməyə, zalımın qızı elə ustalıqla inildəyir, elə saxta, bayağı səslər çıxarırdı ki, sanki Yekatrina indicə atın altına girib.

Belə məqamlarda sən qadın sövq-təbii ilə o iblis İranın necə saxtakarlıq etdiyini duyur, az qala böyürən o axmaq Lyoşaya nifrət edə-edə, qəzəblə qaranlıq otağında əlini çarpayının altında gəzdirir, o lənətə gəlmiş “qarşok”u heç cür tapa bilmirdin ki, bilmirdin. Soyxaya qalmış ömrünə lənət yağdıra-yağdıra altını batırır, bəzən günlərlə, qızın Taya gəlib səni yoluxana qədər o poxun-püsürün içində eşənək atırdın.

Öz aramızdı, sən dünyanın bütün qadınlarına sevişməkdən dərs keçərsən. Sənin də günlərin var idi ha...

Gözəl günlər idi! Hayıf, ömür elə tez gəlib keçdi ki...
Məqsədimiz həqiqəti danışmaqdısa, gərək bu sirri də faş edək: sən bakirəliyini hələ 8-ci sinifdə oxuyarkən itirdin. Bu məsələni məktəbdəki kimya kabinetində sinif rəhbərinin stolu üstündəcə Batya həll elədi.

Əclaf, o zamanlar çoxunun ağlını başından aparan məmələrini elə əmişdirib göyərtmişdi ki, yeri 10-15 gündən sonra sağaldı.

Ölənə kimi o əhvalat yadına düşəndə döşlərinin giləsi şirin-şirin gizildəyirdi. Söz yox ki, o çağlar nə qədər odlu-alovlu olsan da, hələ bu məsələlərdə çox təcrübəsiz idin. Sonra Batyanın əli qana batdı, göndərdilər Sibirə.

İşlədiyin neft konturunda sənə çoxları girişdi.

Sən isə Şurikdən savayı heç kimi yaxın buraxmadın. Şurik də Şurik idi, ha! Ucaboy, enlikürək. Özü də briqadir! Pah, siz evlənənə qədər nə həngamələrdən çıxmadınız!

Sən həyatın boyu yeniliyə can atan, yaradıçı qadın olmusan. Şurik də səndən geri qalmazdı. Ümumiyyətlə, yeniliyə yerikləmə rus xalqının qanındadı.

Sən sevişmə prosesində daim axtarışda idin. Şuriklə birgə müxtəlif formalar, üslublar, pozalar tapar, “kəşf”lərinizi sönmək bilməyən ehtirasla, dəhşətli bir həzz içində təcrübədən keçirərdiniz.

Bu danılmaz həqiqətdir ki, içi Batya qarışıq dünyada ən çox sevdiyin kişi Şurik olub. Sən ən böyük zərbəni, sağalmaz yaranı Şurik öləndə aldın. Qısası, Şurik sənin həyat mənbəyin idi, aldığın-verdiyin nəfəs idi.

Şuriki o boyda böyük məhəbbətlə sevə-sevə sonralar ona tez-tez xəyanət etməyə başladın.

Əslində, bu, xəyanət deyildi, yeni təcrübə növüydü.

Məhz Şuriki dünyalar qədər sevdiyin üçün başqa kişilərlə yatmağa başladın. Sən dəlicəsinə bir maraqla öz sevimli Şurikinin özgələrindən nə ilə fərqləndiyini ayırd etmək istəyirdin.

Belə-belə, bu sevda səni çox uzaqlara apardı. Hər yeni kişi yeni fərq idi. Həyatında olan bütün kişilər mütləq nə iləsə Şurikdən fərqlənirdi.

Ən maraqlısı budur ki, hər yeni kişidən, hər yeni fərqdən sonra sən öz Şurikinə daha möhkəm bağlanır, onu daha böyük məhəbbətlə sevirdin. Orasını deməyəsə ehtiyac yoxdu ki, çətini qadın ikinci kişiylə yatıncadı.

O lənətə gəlmiş cazibədar, ilğıma oxşayan fərq miras adamı arxasınca apardıqca aparacaq.

Vəfatınla əlaqədar təşkil olunmuş məclis də pis keçmədi.

Süfrədə hər şey var idi: toyuq qrili, kotlet, müxtəlif növ salatlar, pivə, çaxır, araq... Məclisin keyfini də müsəlman balası alkaş Sülü çəkdi. Adətə görə xristianların yas məclisində içki içdinsə, xaç nişanəsi olaraq gərək üç dəfə badə qaldırasan.

Bu hesabla, sənin üçün ən çox xaç çevirən məhz müsəlman Sülü oldu. Azı 6-7 dəfə.

Sən acığa Pasxada öldün ki, əzizlərinin bayramını yasa döndərəsən. Ancaq bu fəndin də baş tutmadı.

Doğrusu, ölümün bu Pasxanı Lyoşayla İra üçün ikiqat bayrama çevirdi.

Tezliklə onlar məşəqqətlə yaşadığın və öldüyün otağı təmir elətdirəcək, özlərini cani-dildən bu mənzilin tamhüquqlu sahibi sanacaqlar.

Mariya Fyodrovna, gəl əyri oturaq, düz danışaq.

Yer üzündəki heç bir bəşər övladının - istər müsəlmanın, istər xristianın ölümü heç nəyi dəyişmir. İndi elə bir zəmanədir ki, insanın öıümüylə həşaratın ölümü arasında çox da böyük fərq yoxdur.

Lakin sənin ölümün ən azından Lyoşayla İranın həyatında yeniliyə səbəb olacaq. Əhsən, ölümünlə də novatorluq etdin!

Gizlənib-eləmə, görürəm, bax o yumru işıq haləsi sənsən. Yəqin o yanındakı da Şurikdi. Məndən Şurikə salam de, rəhmətlik yaxşı kişi idi. İkincisi, hiss edirsənmi indi necə rahatsan? Get, sənə yaxşı yol!

Vallah, Mariya Fyodrovna, öldün, canın qurtardı: min cür əzab-əziyyətdən, laqeydlikdən, insanların riyakarlığından.

Bir də ki, özün hamıdan yaxşı bilirsən: bu dünyada yaşamağın nə mənası var axı?..
XS
SM
MD
LG