Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Samir Sarı "Bir ov sərgüzəşti" (Yumoreska)


Ayazlı, şaxtalı bir qış səhəri yeddi yoldaş olub yola düzəldik, şair demişkən, qarlarla örtülü bir yerə gəldik.

Məqsədimiz ov ovlamaq, quş quşlamaq idi.

Yeddimiz də eyni yerdə işləyirdik.

Ova müdirimizin yeddi oturacağı olan yekə maşınında gedirdik.

Safarimizin, daha dəqiqi, səfərimizin sponsoru da o idi, təbii ki, manqanın kapitanı da.

Ancaq maşını mühasibimiz Mirağa sürürdü. Bunun da səbəbi o idi ki, müdir özüylə araq şüşələri götürmüşdü, onları boşaldıb qayıdacaqdıq.

Sürücümüz içməyəcəkdi. O, seyid idi.

Cavanları – Sərdarla Muradı basmışdıq lap arxaya, baqajın üstündəki nisbətən dar yerə. Ortadakı yerdə Aydın, Ziyad və mən idik.

Qabaqda isə müdir və mühasib oturmuşdu.

Şəhərdən çıxan kimi qabaqdakılar başladılar maşınlar barədə danışmağa.

Cavanlar düz “Delfin-otel”in yanından etibarən futboldan danışmağa başlamışdılar. İşin tərsliyindən, Sərdar “Qalatasaray” fanatı idi, Murad isə “Fənərbağça” azarkeşiydi.

Həmişə mübahisə edirdilər. Hətta dahi futbolçulara münasibətdə də onların fikri haçalanırdı. Sərdar deyirdi ki, Pele dünyada yek olub, yek olaraq da qalacaq.

Murad deyirdi, yox, Maradona onu üstələyib, bir nömrə də odur. Maradona sevgisinə görə işdə Murada hərdən Muradona da deyirdilər.

Yanımda oturanlar isə yekə kişilər olduqlarından uşaq-muşaq söhbəti eləmirdilər, musiqidən danışırdılar. Qarabağlı Aydın deyirdi, səs deyilən şey bircə qarabağlı xanəndələrdədir.

Muğanlı Ziyad deyirdi, bərkdən qışqırmaq hələ yaxşı oxumaq deyil.

Beləcə, yolçular getdikcə yol uzanırdı.

Mən pəncərədən yol qırağı mənzərəyə baxırdım.

Dumanlı dağlara baxa-baxa “Ay duman, gəl get bu dağlardan”, ya da “Duman salamat qal, dağ, salamat qal” misrası ilə başlayan şeir yazmaq mümkün idi, fəqət mən mobil telefonda dostlara “ova çıxmışıq” məzmunlu mesaj yazmağı üstün tutdum - həm bir az fors eləmək üçün, həm də bekarçılıqdan.

Üstündən üç dəqiqə keçməmiş, belə bir cavab mesajı gəldi: “Hardasınız, yaz, vinçesteri götürüb gəlirəm”.

İkinci mesaj beləydi: “Üstünə sağlıq, qayınatam ölüb, tez olsa torpağa, gec olsa, mürdəşirə tapşırıb gələcəm.

Yerinizi yaz.”. Üçüncü mesaj gəlmədi, əvəzində zəng gəldi. Dostum pıçıltılı səslə soruşurdu ki, hara gedirsiniz, özünüzlə neçə quş, ceyran götürmüsünüz. Dedim, qaban vurmağa gedirik.

“Qaban” sözünü eşidəndə onun səsi dəyişdi, dedi, mən də deyirəm, kişilər kefə gedir, ta denən, qarda ağnamağa gedirik də.

Xülasə, bu minvalla yolu yarıdan keçirmişdik. Birdən maşının arxa hissəsindən səs gəldi: şapp, şapp. Şillə səsiydi. Dərhal hamımız geri qanrıldıq, gördük, budur ha, Sərdarla Murad bir-birini şillələyədən sonra yaxalaşıblar.

Maşını saxladıq. Onları aralaşdırıb sakitləşdirdik. Kapitan onlara təpindi: “Nə olub, niyə boğuşursuz?”

Əvvəlcə heç biri dinmədi. Sonra məlum oldu ki, onlar Arda və Semihə görə dalaşıblar. Kapitan onları danlamağa başladı: -Rəhmətliyin nəvələri, bura sizin üçün Kadıköydür, yoxsa Əli Sami Yen stadıdır?

İstəyirsiniz, ikinizi də düşürdüm qarlı dərənin ortasında, Bakıya sitildəyə-sitildəyə qayıdasınız?

Hamı kiridi. Heç kəs isti maşından qarlı qışa düşmək istəmirdi

Nəhayət, mənzil başına çatdıq. Maşından endik. Razılaşdıq ki, günortaya qədər ov edək, günorta gəlib tonqal qalayıb, şəhərdən gətirdiyimiz azuqəylə ov ətini bişirib yeyərik.

Tüfəngləri çiynimizə aşırdıq, patrondaşımızı qurşadıq, çayın yatağına doğru endik.

Çay donmuşdu. Çayın axar yerində təxminən milyonçu hovuzu boyda hamar buzu görəndə futbol fanatları uşaq kimi “urra” dedilər.

Sərdar umu-küsünü unudub Murada dedi: - Murik, bax, xokkey oynamaq olar e burda.

Onların hər ikisi çıxdı buz üstə qoçaq, sürüşdülər, amma birdən nəinki üz üstə yerə dəydilər, həm də ən pisi o oldu ki, buz sındı və gənc ovçular qurşağa qədər girdilər buzlu suyun içinə.

İkisindən də heyvani bir qışqırıq qopdu.

Müdir onlardan da bərk bağırdı, özünə söydü ki, bu qırışmalları nahaq gətirib bura.

Ziyadla Aydın cəld onları sudan çıxardı, məcbur olduq maşının yanına qayıdaq. Onları suları süzülə-süzülə, soyuqdan dişləri şaqqıldaya-şaqqıldaya gətirdik maşının yanına. Zərərçəkənləri lüt soyundurub saldıq maşına.

Odun topladıq, tonqal qaladıq, paltarlarını sıxıb ocağın qırağında asdıq ki, qurusun.

Şef Mirağaya tapşırdı ki, o, uşaqların yanında qalsın, həm biz gələnə yemək hazırlasın, həm də göz-qulaq olsun, yad adam gələr, iki çılpaq kişini bir maşında görər, ağlına pis fikir gələr.

Biz yenidən meşənin dərinliyinə doğru gedərkən müdir geri boylanıb Mirağanı hayladı: “Miri, sən cəddin, uşaqlara araq süz ver, donmasınlar”.

İki qrupa bölündük və iki saat meşəni ələk-vələk elədik. Rastımıza heç dovşan da çıxmadı. Axtarışlar nəticə vermirdi, heç bir izə rast olmurduq. Köhnə sovet snayperi olan müdirimiz tamam dilxor olmuşdu.

Çünki bizi həvəsə salıb ova gətirən, təkə ovlayıb ətindən kabab bişirməyi vəd edən o idi. Nəhayət, 3-4 saat meşədə, soyuqda qara bata-bata gəzib yorulandan və acandan sonra qərara gəldik ki, qayıdaq uşaqların yanına.

Əli ətəyindən uzun halda qayıtmaqdaykən daha bir fövqəladə hadisə baş verdi, Aydın ağacın budağını qanırıb özü keçdi, arxadan gələn Ziyadı görmədi və budaq şappıltı ilə Ziyadın üzündən tutdu və onun qışqırığı meşəni başına götürdü: - Vay dədə, gözüm çıxdı.

Müdir yenə özünə söydü.

Birtəhər Ziyadın əllərini gözünün üstündən aralayıb baxdıq ki, budaq onun sol qaşının üstündən necə dəyibsə, göz şişib torbalanıb. Müdir dedi, eybi yox, ov görsən, biz gözümüzü qıyana qədər sən vuracaqsan, çünki gözün qıyılıdır.

Heç 50 metr getməmişdik, Aydın da qəfildən sürüşüb dərənin dibinə getdi.

İməkləyə-iməkləyə yanımıza qalxanda gördük, əməlli-başlı taytıyır.

Birtəhər qayıtdıq maşının yanına. Mirağa ocağı sönməyə qoymamışdı. Kolbasanı, pendiri, xiyar turşusunu, çörəyi doğrayıb hazır eləmişdi. Cavanlar paltarlarını birtəhər qurudub-təpidib geyinmişdilər.

Biz ovda olarkən düşərgədə bircə pis iş olmuşdu ki, Sərdarın alt paltarı – tumanı yanmışdı.

Bu səbəbdən o, çox pərt və narahat idi. Çörək yeyə-yeyə ona təsəlli verməyə çalışdıq, dedik, olan şeydir, kişinin başına iş gələr.

Axırda Sərdar qayğılı-qayğılı dilləndi: - Yox e, mən təzə evlənmişəm axı, yoldaşım desə ki, trusikin hardadır, harda yadından çıxıb qalıb, nə deyəcəm?

Təcrübəli müdir çıxış yolu göstərdi: - Metronun tunelindən sənə tuman alarıq, maşında geyinərsən.

Ocağın qırağında bir xeyli yeyib-içəndən sonra gördük, çox itki vermişik. Dedik, bu gün bu qədər bəsdir. Şələ-küləmizi yığışdırdıq və yola düzəldik.

Şəhərə çatanda əvvəlcə Sərdara tuman aldıq. Sonra kapitan maşını Dərnəgülə sürdürdü.

Orda tanış qəssabın dükanına getdik. Müdir dedi, hərəmizə dörd-beş kilo keçi əti çək, özü də erkək keçi olsun.

Qəssab əti doğramağa başladı.

Sərdarla Murad dedilər ki, keçi əti yeyə bilmirlər. Kapitan acıqlandı: - Nə keçi əti. Bu, təkə ətidir, meşədə vurmuşuq.

“Ov ətini” sellofon torbalarda götürüb təzədən mindik maşına. Müdir dedi, bu dəfə yaxşı olmadı, gələn dəfə sizi Qəbələyə, qaban ovuna aparacam.

Bu yerdə Mirağa dedi ki, yaxşı olar, müdir, amma getməzdən qabaq, şəhərdə donuz əti satan qəssab yeri eləyib gedərik ki, qayıdanda əliboş dönməyək.
XS
SM
MD
LG