Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:31

«Vəziyyət kritikdir»


Komissiya Araz çayının Kürdən ayrılması məsələsini nəzərdən keçirib
Komissiya Araz çayının Kürdən ayrılması məsələsini nəzərdən keçirib
«Həşimxanlının bəri başını hələ su basmayıb. Camaatı kənddən çıxardıblar. Heç bir şey də yoxdu. Nə çadır var, nə də ərzaq verilməyib. Camaat – qız, gəlin hal-hazırda yolun qırağında yatır. Çox pis vəziyyətdir. Bizim Çiçəkli, Muğangəncəli, Cəngən, Salmanlı kəndləri üçün də çox təhlükəli vəziyyətdir. Kür də ki, Salyan kanalının o tərəfi ilə Muğançöl istiqaməti ilə geldir. Dəmir yolu dağılıb».

Bu, Sabirabadın Çiçəkli kənd sakini Amid Zərbiyevin dedikləri idi. Təbii fəlakət zonasında təhlükə qarşısında qalan kəndlərin sayı artmaqdadır. Saatlı, Sabirabad və İmişli rayonları arasında yerləşən Sarısu gölündə vəziyyət ağırdır. Gölün ətrafındakı bəzi kəndlərin sakinləri artıq köçürülürlər.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin prezidenti Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında deyib ki, kəndlərdən camaatın köçürülməsi əhalinin təhlükəsizliyi üçün həyata keçirilir:

SU ÇOXDUR

«Sarısu gölündə vəziyyət kritikdir. Su çoxdur. Çünki göl Kürlə təmasdadır. Kürün də səviyyəsi qalxdığı üçün bir qədər çətinlik var. Amma iş gedir, qüvvə var, adamlar işləyirlər. Görək, hər halda bir nəticə olacaq».

Artıq Kür sayı Hacıqabul rayonu ərazisində bəndləri bir-birinin ardınca yarmaqda davam edir. Təbii fəlakətlə mübarizənin hələlik ortaya qoyduğu nəticə isə dövlət xüsusi komissiyasının yaradılmasıdır.
Əhməd Əhmədzadə
Mayın 19-da prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb.

ARAZ KÜRDƏN AYRILA BİLƏR

Baş nazir Artur Rasi-zadənin sədrlik etdiyi hökumət komissiyasına 20-dən çox nazir və komitə sədri cəlb edilib. Məqsəd təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanmasıdır. Artıq komissiya ilk iclasını da keçirib. Əhməd Əhmədzadənin mediaya verdiyi açıqlamaya görə, komissiya ilk iclasda genişmiqyaslı tədbirlər barədə tapşırıqlar verib, suyu azaltmaq məqsədilə Araz çayının Kürdən ayrılması məsələsini nəzərdən keçirib.

MƏMUR SƏHLƏNKARLIĞI

Mütəxəssislərin bəziləri hesab edirlər ki, dövlət bu komissiyanı yaratmaqda xeyli gecikib. Mayın 20-də Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası fəlakətlə bağlı bəyanat verib. Bəyanatda qeyd olunur ki, dövlətin 2003-2004-cü illərdə müəyyən tədbirlər həyata keçirməsinə - yeni qolun çəkilməsinə, deltanın təmizlənməsinə başlanmasına və böyük vəsaitlərin xərclənməsinə baxmayaraq, məmur səhlənkarlığı ucbatından problem həll olunmayıb və nəticədə əhali, təsərrüfatlar böyük maddi ziyan və ekoloji fəlakətlə qarşılaşıb, dövlətə ciddi ziyan dəyib.

Sabit Bağırov
QHT koalisiyası bu vəziyyətin yaranmasında günahı olan məmurların cəzalandırılmasını istəyir. Ancaq bir məsələ var ki, daşqının ilk günlərindən yerli əhali, eləcə də mütəxəssislərin tənqid etdikləri bir sıra nazirliklərin, dövlət qurumlarının rəhbərləri prezidentin yaratdığı hökumət komissiyasında təmsil olunurlar.

BURAXILAN SƏHVLƏR TƏHLİL EDİLMƏLİDİR

Koalisiyanın koordinatoru Sabit Bağırov günahkarların cəzalandırılacağı ehtimalının o qədər də böyük olmadığını düşünür. Amma deyir ki, komissiyanın fəaliyyət istiqamətlərindən biri də gələcəkdə belə halların baş verməsinin qarşını almaq olmalıdır. Bu istiqamətin tələblərindən biri də keçmişdə buraxılan səhvlərin təhlil edilməsidir.

«Buraxılan səhvlər təhlil olunduqda isə yəqin ki, vaxtlı-vaxtında öz vəzifə borcunu yerinə yetirməyən insanlar da müəyyən olunacaq. Əgər biz gələcəkdə belə hadisələrin bu miqyasda təkrarlanmasını istəmiriksə, təbii ki, kimlərsə müəyyən dərslər almalıdır».

Rəsmi məlumata görə, son vaxtlar aramsız yağışlar nəticəsində ölkənin 40 rayonunun ərazisində subasma halları baş verib, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.

Sinoptiklərin proqnozlarına görə, bu günlər ölkənin bir sıra ərazilərində havalar buludlu keçəcək. Şimşək çaxacağı və yağış yağacağı gözlənilir.
XS
SM
MD
LG