Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:32

Bakı «Eurovision-2011»də ev sahibi olmağa hazırdımı?


Səfurə Əlizadə deyir ki, paltarı səhnədə dalğalanan okean təsiri yaratmalıdır
Səfurə Əlizadə deyir ki, paltarı səhnədə dalğalanan okean təsiri yaratmalıdır
Azərbaycanı «Eurovision 2010» mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin Osloda «Telenor Arena» səhnəsində ikinci məşqi mayın 22-də olub. Müsabiqənin rəsmi internet səhifəsində yazılana görə, Səfurənin geyindiyi firuzəyi və göy rənglərin qarışığından olan paltar zövqlə seçilib. Məşqdən sonra keçirilən mətbuat konfransında Səfurə Əlizadə bir neçə məsələ, o cümlədən paltarı ilə bağlı açıqlama verib. Deyib ki, paltarı səhnədə dalğalanan okean təsiri yaratmalıdır:

«Paltarım hələ tam hazır deyil, ona görə də, indiki halı ilə o qədər də rahat deyil, amma yarımfinaladək hər şey qaydasında olacaq».
Təmsilçinin paltarı modelyer Franceska Rosellanın əl işidir.

«MƏN DAHA ÇOX MƏŞQ ETMƏLİYƏM»

Səfurənin vokalçıları da mətbuat nümayəndələrinə təqdim olunub. Onlardan üçü isveçli, biri isə Los Ancelsdə yaşayan britaniyalıdır. Məlum olub ki, ötən həftələr ərzində Səfurə vokalçılara üç Azərbaycan xalq mahnısını da öyrədib.

Jurnalistlər Səfurədən yarımfinal günüdək qalan zaman ərzində nə edəcəyini soruşublar. O deyib ki, ötən bir neçə gün ərzində olduğu kimi hər gün məşq edəcəklər:

«Səhnədə daha professional şou göstərmək üçün məşqə vaxtımız var».

Səfurədən həmçinin soruşublar ki, «Eurovision 2010» mahnı müsabiqəsinin qalibi olmağa namizədlərdən biri kimi özünü necə hiss edir? Onun cavabı belə olub:

«Bu çox gözəldir ki, insanlar bizim haqqımızda belə düşünürlər, amma bu o demək deyil ki, mən məşq etməməliyəm, əksinə daha çox məşq etməliyəm».
Səfurənin dediyinə görə, onu müsabiqədə dəstəkləmək üçün valideynləri də Osloya gələcəklər.

BAKI MÜSABİQƏYƏ EV SAHİBLİYİ ETMƏYƏ HAZIRDIMI?

Mətbuat konfransının sonuncu sualı isə Azərbaycan nümayəndə heyətinin rəhbərinə verilib. Britaniyadan olan jurnalist soruşub ki, Səfurə qalib gələrsə, Bakı müsabiqəyə ev sahibliyi etməyə hazırdımı? Cavab belə olub:

«İştirakçılardan hər biri müsabiqədə qalib ola bilər. Əlbəttə ki, biz udmaq istəyirik. Əgər bu, baş verərsə, biz gələn il ev sahibi olmağa hazırıq. Bizim əvvəllər də Bakıda oxşar tədbirlərimiz olub və gələn il «Eurovision» mahnı müsabiqəsi Bakıda keçirilərsə biz çox şad olarıq».

XS
SM
MD
LG