Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Xuraman Hüseynzadə YENİ ŞEİRLƏR


Xuraman HÜSEYNZADƏ

Bu şəhərin nağılı

Buludlar aglayır...
Başlayır şəhərin yası.
Küçəmizdən sel axır,
düşür asfaltın üzündən
Bakı meriyasının yamaqlı maskası.
Dəniz gözlərindən
neft sürməsi axır şəhərin
üzü qərbə tərəf.
Kreditlə satışa çıxardığı
göydələn çəkmələrini
yerə bərk dirəyir şəhər-
20-25 il dirəniş göstərəcəyindən
əmindir.
Ondan sonra...
Bəlkə
heç belə yağışa düşmədi...
Yağış yagır şəhərə.
Daldalanacaq yer verən də yox.
Repressiya qoxusu gələn üst-başı
qorxudur hamını.
dəniz rəngli, neft sürməli göz-qaşı
ovsunlamır daha heç kəsi.

***

Sevgi ilə ayrılıq arasındakı məsafə
bu şəhərdə
nikah salonu ilə məhkəmə zalı

şadlıq sarayı ilə qəbristanlıq arasındakı
məsafə qədərdir...
Bu şəhərin zurnaçıları
“Vağzalı”nı da “Zəminxarə”yə calayırlar.

Küçələri timsaya bənzəyir
bu şəhərin.
Yeriməyə də qorxursan...
Küçə udacaq səni elə bil.
Gecələri nağıllardakı əjdahadır sanki
bu şəhərin.
Qaranlıq düşüncə
vahiməyə düşürsən,
gecə üstünə şığıyır sənin.
Ağaclar da qol-budaq atmağa qorxur
bu şəhərdə.
Bir az boy göstərdimi
boynunu vururlar ağacların.
Bu şəhərin şahı da var,
carçısı da,
hələ üstəlik dar ağacı da...
Amma bu şəhərdə
adamlar dar ağacından asılmır,
dar ağacı asılır
yekəqarın adamların
onu-bunu hədələyən
şəhadət barmağından...
bu şəhərin nağılının sonunda
göydən asılı qalıb
üç alma...
Satılacağından qorxduğu üçün...

***
Uçuruma dərdimi danışdım,
“bir addım da qabağa gəl”-dedi.
Dənizə ürəyimi açdım,
“bir az da dərinə baş vur”-dedi.
İnsandan məsləhət istədim,
əvvəlcə qiymətini söylədi.
İstədim tanrıdan kömək istəyim,
qorxdum ki, köməyimə əzrayılı göndərə...


Gülbuta

Bu da sonuncu gün...
Xəyali təqvimində
sonuncu günün üstündən
iki xətt çəkir,
divar kağızlarının
solgun naxışlarını,
balışının altındakı pulları
son dəfə sayır Gülbuta,
az qalıb arzularına çata...

Uzanıb “çörək agacı”nın üstündə-
bu qəbirə oxşar çarpayıda da
son gecə uyuyacaq.
Gələndə 20 ədəd kapron kolqotka
almışdı.
Heç yana çıxmadığı üçün
burdan ala bilməyəcəkdi.
Kolqotkası da sonuncu idi,
süzülsə neyləyəcəkdi?
Uzanıb Gülbuta
xəyala gedib,
xəyalən gedib
doğma, indisə ona yad kəndinə.

Gələndə qaynaq etdirdiyi
qara, uzun saçları
dağılıb üzünə,
donub romantika
onun buz baxışlarında...
Leonardo do Vinçinin
barmaqları quruyar
indi burda olsa...

Kəndə çatan kimi
əvvəlcə ərzaq dükanına olan
borclarını ödəyəcək,
sonra
təzə paltarlar alacaq,
evini yüngülvari təmir etdirəcək-
qızı ad gününə
sinif yoldaşlarını çağıra diləcək daha.
Daha əri də
nisyə siqaret almaq üçün
onu Məhərrəmin dükanına
göndərməyəcək.
Pulu çatsa
5-6 damazlıq qoyun da alacaq hələ.

Gələndə özü kimi adı dı dəyişmişdi...
O, bir kənd gözəli idi
başı yaylıqlı,
uzun yubkalı,
üzündə abır-həya...
Sonuncu dəfə döyüldü qapı:
“Gülya!”
Sonuncu dəfə bu səsdən ürəyi əsdi,
vücudu titrədi,
az qaldı kəsilə nəfəsi...
“Mərhəba, hanım əfəndi!”-
Sonuncu dəfə eşitdi bu səsi...
Sonuncu səhnəni oynadı
Gülya obrazında...
Pərdələr endi
mental dəyərlərimizin üstünə...

***

Gözlərim baxa-baxa
dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə
asfalt döşəməklə...
ürəyim sızlayacaq
hər gün
ayaq izlərinin məzarı üstündə yeridikcə...

***
Sevməyi səndə gördüm,
dərd çəkməyi,
həsrətdən qovrulmağı,
nigarançılığı
səndə gördüm,
peşmançılığı da
səndə gördüm.
Təkcə
günahı səndə görmədim...
XS
SM
MD
LG