Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:00

«Hamının qayğısı var, uşaq bayramlarını unutmuşuq».


Artsax küçəsinin 4-cü dalanındakı evdə yaşayan Sarkis
Artsax küçəsinin 4-cü dalanındakı evdə yaşayan Sarkis
İyunun 1-i bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Yayın ilk günü Yerevan küçələrində də əsl uşaq bayramı hiss olunurdu, günün əsas qəhrəmanları uşaqlar idi. Lakin bu hal əsasən şəhər mərkəzində müşahidə olunub. Uşaq bayramı nadir hallarda şəhər kənarına çıxır.

- Bu həm də mənim bayramımdır – Uşaqların Müdafiə Günü!

- Bəs səni kim müdafiə edir?

- Heç kim. Mən özüm özümü müdafiə edirəm.

- Məni babam müdafiə edir.

- Məni isə əmim və babam.

Rəsmi məlumatlara əsasən, Ermənistanda uşaqların 26 faizi yoxsulluq içində, 3 faizi isə son dərəcə yoxsul vəziyyətdə yaşayır. Çoxuşaqlı, valideynləri savadsız, işsiz, əlil və ya boşanmış ailələrdə yaşayan uşaqlar üçün yoxsulluq riski daha yüksəkdir.

«Uşağın birinci müdafiəçisi onun valideynidir» – 6 yaşlı Tiqranın atası belə deyir. Qırlı əllərini göstərib etiraf edir ki, bu günü ailəsi ilə birlikdə təbiət qoynunda keçirmək istərdi, ancaq...:

«Çox çətinliklə, oranı-buranı yığışdırmaqla uşaqlarıma pul qazanıram: gündə 1000 dram, 100 dram, heç olmasa uşaqlar ac qalmasınlar. Dövlət yardım etməyə söz verib, ancaq hələlik kömək görməmişik. Yalan danışırlar, deyirlər hər şey düzələcək, 1 gündən sonra vədlərini unudurlar. Uşaqlara çörək almaq üçün borc alırıq».

«Hamının qayğısı var, uşaq bayramlarını unutmuşuq». Bunu 16 yaşında ailə qurmuş 32 yaşlı Payçar Manuçaryan deyir. O, 6 uşağı və həyat yoldaşı ilə 7 ildir Artsax küçəsinin 4-cü dalanındakı evdə yaşayır. 4-cü dərəcəli qəzalı evdə heç bir kommunal şərait yoxdur: yarısökülmüş ev sanuzelsizdir, iri çatlar var, tavan nəmdir:

«İstərdik ki, hər şey yaxşı olsun, ancaq heç bir vəsait yoxdur. Pulumuz ən vacib şeyləri almağa güclə çatır. Su tavandan dammır, axır. Orta otaqda gölməçə yaranıb».

«Tavandan axıb, vedrəyə tökülür, sonra da boşaldırıq».

11 yaşlı Serob evdə yığılan suyu necə atdıqlarından danışır və qardaş-bacısını təqdim etməyə başlayır:

«Mənim adımı atamın babasının şərəfinə qoyublar, qardaşımın adını babasının əmisinin şərəfinə, o biri qardaşımı babamın, bacımı Alina xalanın, Aninin adını isə şəhərin şərəfinə qoyublar».

6 uşağın ən böyüyü olan 13 yaşlı Alina danışır ki, çoxuşaqlı ailələrinin yaşamı çox çətindir, ancaq yenə də bütün maneələri aşmağa çalışırlar:

«Çətinliklər var, ancaq biz bir-birimizə kömək edirik, belə rahatdır. Hərdən sadə stolumuzun arxasında bir-birimizi təbrik edib, hədiyyələr bağışlamağı sevirik. Hələ ki, bunu etməyə imkanımız çatmır».

Ailə büdcəsi barədə soruşanda, uşaqların atası gülür:

«Sıfırı rəqəmə vursan, nə alınar? Cavab: sıfır. Bizim kimi ailələrin büdcəsi də sıfıra bərabərdir».

Bu yaxınlarda Yerevan meri bu ərazilərdə olub, söz verib ki, sakinlərə yeni mənzillər veriləcək. 4-cü dalanın sakinləri isə ümid edir ki, heç olmasa bu dəfə aldadılmayacaqlar və uşaqları etibarlı dam altında və quru divarlar arasında yaşaya biləcəklər.

Uşaqlar üçün bayram tədbirlərindən uzaqda 4-cü dalanın kiçikyaşlı sakinlərinin həyatı çox yoxsuldur, arzuları isə tükənməz:

- Böyüyəndə hərbçi olacam ki, güclü olum və vətənimi müdafiə edim.

- Mən müğənni, rəqqasə olmaq istəyirəm.

- Sürücü olmağı arzulayıram.

- Mən Şaxtababa olmaq istəyirəm.

- İki şey arzulayıram - birinci, çoxlu pulum, ikinci karateçilər kimi yaxşı əzələlərim olsun.
XS
SM
MD
LG