Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:20

«Müstəntiq məni o qədər təpiklədi ki, ayaqqabıları cırıldı»


İş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar
İş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar
Neft Akademiyasındakı qətliamın məhkəmə prosesində təqsirləndirilənlərin işgəncə iddialarını ekspertizada yoxlamaq qərarı verilib. Hakim Ramella Allahverdiyeva təqsirləndirilən şəxslərin bu haqda vəsatətini təmin edib.

Amma işgəncə iyunun 10-da davam edən prosesdə də əsas mövzu olub.

ALİBİ

Təqsirləndirilən Nəcəf Süleymanov ifadəsində deyib ki, Nadir Əliyevi və Cavidan Əmirovu tanıyır, amma sonuncu ilə qohum olmasından məhkəmədə xəbər tutub. Onun ifadəsinə görə, 2001-ci ildən ailəvi olaraq Gürcüstanın Daştəpə kəndindən Bakıya köçüblər. 2008-ci ildə ailə üzvləri Daştəpəyə qayıtsalar da, o, Bakıda qalıb:

«Sonuncu dəfə kəndimizə ötən ilin mart ayında gedib-qayıtmışam. Həmin vaxt Fərda Qədirovu Daştəpədə öz evlərinin yanında gördüm, salam verdim, laqeydliklə əlini yellədi. Bakıda isə onunla rastlaşmamışam. Martın sonunda Bakıda olarkən əl telefonuma tanımadığım nömrədən zəng gəldi. Fərda idi. Dedi ki, vaxtın olsa, «Laçın» ticarət mərkəzinin qabağına gəl, səninlə söhbətim var. Dedim ki, işdəyəm, imkan olsa zəng vuraram. Vaxt eləmədiyimə görə Fərdaya zəng vura bilmədim».

Bundan sonra Nəcəf Süleymanov aprelin əvvəlində kəndə getdiyini deyib. O Bakıya aprelin 15-də qayıdıb.

HADİSƏ BAŞ VERƏN GÜN...

«Hadisə baş verən gün mənə bir dostum zəng vurdu ki, gəl «Gənclik» metrosunun yanında görüşək. Mən görüş yerinə gələndə gördüm ki, dostum artıq ordadır, ancaq polislərlə gəlib. Məni ordan tutub əvvəlcə Neft Akademiyasının binasına apardılar, orda ifadəmi aldılar, sonra da götürüb «Bandotdel»ə apardılar. Orda müstəntiq Akif Rzayevə ifadə verdim. Dedim ki, Fərda mənə zəng edib. Bir-iki gündən sonra dedilər ki, generallarla görüşəcəksən. Rüstəm Usubov gəlmişdi, məndən Fərdayla telefon danışığım barədə soruşdular. Mən yenə də əvvəl dediyim sözləri təkrarladım».

«O QƏDƏR TƏPİKLƏDİ Kİ...»


Nəcəf Süleymanov deyir ki, mayın 9-da istintaqda onu digər təqsirləndirilənlərlə üzləşdiriblər:

«Mayın 9-da məni «Bandotdel»in zirzəmisindən ikinci mərtəbəyə qaldırdılar. Otaqda müstəntiq Fəxrəddin Pənahovla Yusif Yusifov adında bir nəfər var idi. Fəxrəddin Pənahov dedi ki, Fərdaya silah almısınız, Nadir Əliyev hər şeyi istintaqa danışıb. İstəyirsən, gəlsin üzünə dursun. Dedim ki, nə silah, mənim heç nədən xəbərim yoxdur. Nadiri gətirdilər, Nadir üzümə dayandı ki, guya Fərda ona deyib ki, silahı mənimlə birlikdə alıb. Məni isə döydülər ki, Nadirin dediklərini təsdiqləyim. Mən and-aman eləyirdim ki, Nadir yalan danışır, mən Allah haqqı deyirdim, müstəntiq Allahı söyürdü, mən Quran haqqı deyirdim, müstəntiq Quranı söyürdü, müstəntiq məni o qədər təpiklədi ki, ayaqqabıları cırıldı. Qulaqlarıma o qədər zərbə vurmuşdu ki, dediklərini eşitmirdim».

«ÇIRPIŞDIRANDAN SONRA «TOK»A VERDİLƏR»

Süleymanovun sözlərinə görə, işgəncələr bununla bitməyib:

«Sonra işçilərini çağırıb tapşırdı ki, bunu aparın zirzəmidə o qədər döyün ki, səsi ikinci mərtəbəyə gəlsin. Məni xeyli çırpışdırandan sonra «tok»a verdilər. Məcbur edirdilər yazım ki, silahı Qoridən almışıq. İşgəncələrdən al-qana qərq olmuşdum.
Məni belə vəziyyətdə Orxan adlı müstəntiqin yanına gətirdilər. Həmin müstəntiq məni görəndə qorxdu, dedi bunu nə günə qoymusunuz. Soruşdu ki, silah hansı tarixdə alınıb? Ona dedilər ki, noyabrın 16-da. Pasportuma nəzər gəzdirdi, dedi, həmin vaxt bu adam Bakıda olub, niyə saxlamısınız bunu? Aparın 15 sutka verin, sonra da buraxın getsin. 15 sutka bitsə də, məni buraxmadılar. Oranın rəisindən soruşdum ki, məni niyə azad etmirsiniz? Dedi, başa düşmürəm bu Fəxrəddin nə iş qarışdırır, «yükləyəcək» səni».

SÜLEYMANOV QUMAŞYANI TANIYIRMIŞ

Nəcəf Süleymanov ona verilən işgəncələrdən danışandan sonra prokurorun suallarını cavablandırdı. Prokuror bu işi sifariş verdiyi bildirilən Gürcüstanda yaşayan erməni Mardun Qumaşyanla bağlı suallar da verdi:

Prokuror: - Mardun Qumaşyanı tanıyırsınız?

Nəcəf Süleymanov: - Bəli.

Prokuror: - Necə tanıyırsınız?

Nəcəf Süleymanov: - Əvvəl alüminium alqı-satqısı ilə məşğul olub, sonra çörək bişirirdi. Uşaq vaxtı həyətində odun doğramışam.

Prokuror: - Deyirsiz ki, Fərda qapalı adam idi, belə olan halda Bakıda olarkən sizə zəng edib görüşmək istəməsini necə izah edə bilərsiniz?

Nəcəf Süleymanov: - Bilmirəm. Ola bilsin şəhəri yaxşı tanımırdı. İndisə fikirləşirəm ki, dayım Seyidqasımı öldürmək istəyibsə, ola bilsin məni də vurmaq istəyib.

«OTAQ YOLDAŞIM ZƏNG ELƏDİ Kİ, ŞƏHƏRDƏ ATIŞMADIR»

Prokuror: - «Azərcel»dən alınan məlumatlardan aydın olur ki, Fərda sənə aprelin 5-dən 27-dək 56 dəfə zəng edib. Bunu necə izah edirsən?

Nəcəf Süleymanov: - Mən o nömrəni demək olar ki, işlətmirəm. Ona görə də Fərdanın zənglərindən xəbərim olmayıb.

Prokuror: - Hadisə günü hardaydınız?

Nəcəf Süleymanov: - Evdə yatırdım. Həmin gün qazandığım 400 dolları götürüb kəndə qayıtmalı idim. Otaq yoldaşım zəng elədi ki, şəhərdə atışmadı, televizoru açanda eşitdim ki, Nadir Əliyevin adı çəkilir. Dönərxanada işləyərkən onun da öldüyünü eşitdim. Daştəpədən olan uşaqlar dedilər ki, gedək Nadirin işlədiyi yerə, kənddə deməsinlər ki, eloğlularının meyitlərini ortalıqda qoydular. Nadirin iş yerinə çatanda dedilər ki, Nadir icazə alıb harasa gedib.

«NADİRİN «BANDOTDEL»DƏKİ BAĞIRTILARI HƏLƏ DƏ QULAĞIMDADIR»


Prokuror: - Nadir Əliyevlə neçə dəfə üzləşdirilmisən?

Nəcəf Süleymanov: - İki dəfə. Müstəntiq bizi otaqda tək qoyub gedəndən sonra mən Nadirə dedim ki, niyə olmayan şeyləri danışırsan, yalandan üzümə durursan? Dedi ki, Fərdanın sizinlə prinsipi vardı, öldürəcəkdi sizi.

Bu yerdə digər təqsirləndirilənlərdən ayrıca barmaqlıq arasında saxlanılan Nadir Əliyev müdaxilə etmək istədi. Nəcəf Süleymanov onun üstünə qışqırdı:

- Sən səsini kəs. Görürsən ki, mən danışıram.

Prokuror: - Nadir Əliyev niyə ifadə verirdi, üzünüzə niyə dururdu ki?

Nəcəf Süleymanov: - Nadirin «Bandotdel»dəki bağırtıları hələ də qulaqlarımdadır. İşgəncələrə dözməyib üzümə durmuşdu.

Prokuror: - Kürdəxanıda ki, ona dəyib-dolaşan yox idi. Onda niyə üzünə dururdu? (Kürdəxanıdakı Bakı İstintaq Təcridxanası nəzərdə tutulur).

Nəcəf Süleymanov: - Fəxrəddin Pənahov aldatmışdı onu ki, bunların üzünə dur, səni buraxacağam.

Prokuror: - Səni aldada bilmədi?

Nəcəf Süleymanov: - Mənim Nadir kimi yüz sifətim yoxdur. Özünü qurtarmaq üçün Arizin, mənim, Cavidanın üzünə durdu yalandan.

Sonra Nəcəf Süleymanovun vəkili Səyyarə Əliyeva Nadir Əliyev sual verdi:

Vəkil: - Sizin Nəcəf Süleymanovla bağlı ibtidai istintaqa dedikləriniz doğrudur?

Nadir Əliyev: - Xeyr.

Nadir Əliyev dedi ki, ibtidai istintaqda nə deyibsə, hamısını işgəncə altında deyib və dediklərini təsdiqləmir.

İşgəncələrin yoxlanılması ilə bağlı ekspertiza təyin olunduğundan məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salındı.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
XS
SM
MD
LG