Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Saday Budaqlı "Qoca" (Hekayə)


- Ay uşaq…

Çəliyə dirənib həyətin ortasında dayanmışdı. Sulanmış gözlərilə key-key bağın başına baxırdı.

Elə bil uzandığı yerdə niyə durub həyətə düşdüyünü, nə eləyəcəyini kəsdirə bilmirdi. Toyuq hininin söykəndiyi hasar çox yerindən ovulmuşdu, daşlar qopub düşmüşdü.

Toyuqlar bir az da dimdiklərinə güc versə, günlərin bir günü hasar uçub elə toyuqların özünü birtəhər eləyəcəkdi.

- Ay uşaq…

Əvvəl bu daş hasarların yerində çəpər idi. Qonşu qonşunu görürdü, hələ iki çəpər o yanda küçə də görünürdü. Külək bu tikanlı çəpərlərin arasından, üstündən asanca keçirdi, həyət belə xəfə, havasız olmurdu.

- Nədi e, nədi, yenə nə istəyirsiniz!

Uşaq üzünü evə tərəf tutmuşdu, sözü anasına deyirdi, ancaq səsindəki hirs-hikkə babası üçündü: bəlkə insafa gələydi, onu oyunundan ayırmayaydı.

Anası heç mətbəxdən çıxmadı:

- Gör baban nə deyir.

Uşaq tərin içindəydi. Nəfəsini zorla dərirdi.

- Günün istisində özünü niyə öldürürsən.

Fağır-fağır mızıldadı:

- Futbol oynayırıq da, məhlə-məhləyə.

- Qazancın nə olacaq?

- Nə qazanc, oynayırıq da.

- Gəl bura, futbol qaçmır, gəl toyuqlara bir az ot yol.

Uşaq könülsüz-könülsüz babasının arxasınca gedir.

- Sonra qoyacaqsan eşiyə?

- Mənnən indidən şərt kəsmə.

Toyuqlar mürgünü atıb ota girişdilər. Özündənrazı xoruz arada bir-iki dimdik də yan-yörəsindəki toyuqlara vururdu.

- Bunların yumurtasını sən yeyirsən də, mən ha yemirəm.

Uşaq ot yoluşdura-yoluşdura çımxırır:

- Elə yeyirsən, heç qoymursan yerə düşə.

Özünü saxlaya bilməyib gülümsəyir.

- Ay özün köpəsən ha, yumurtanı da mənə çox görürsən?!

- Yox e, heç olmasa, demə da.

- Yaxşı, yaxşı, az danış, işini gör.

Başında kütlük var. Bilmir çox yatmaqdandı, az yatmaqdandı, hərəkətsizlikdəndi, yeməkdəndi, ya elə zəhrimara qalmış qocalıqdan. Başını tez-tez qonşu Sadığa ülgüclə tər-təmiz qırxdırırdı. İndi bu da kömək eləmir.

- Baba, gedim?..

Bəlkə taxtı bura gətizdirə, ağacların kölgəsndə, təmiz havada uzana? Ancaq taxt gətirt, döşək gətirt – uzun haqq-hesabdı.

- Baxırsan əncirə? Gör nə dəyib. Niyə dərib yemirsən, oynamaqdan çöpə dönübsən.

- İstəmirəm, səhər-səhər yemişəm.

- Qab gətir, dər.

- İstəmirəm, sonra yeyərəm.

- Mənə dər, mən istəyirəm.

Uşaq hirsindən ayağını yerə döyür.

- Denən, özümə istəyirəm da. Səhərdən başlayıbsan: əncir ye, quruyubsan, qaxet olubsan. – Hirslənməkdən bir iş çıxmayacağını görüb qılığına girir. – Qoy gedim da, baba, uşaqlar məni gözləyir, gələndə dərərəm, yaxşı? Nə desən eləyərəm.

- Yaltaqlanma.

- Yeməyəcəksən axı. Acıqnan eləyirsən ki, oynamağa getməyim. Həmişə beləsən.


- Az danışdır məni. Get, dediyimi elə.


Əvvəl guya qab tapa bilmirdi, donquldana-donquldana hər yeri bir-birinə vurdu. Donquldana-donquldana da əncirə dırmaşdı. Budaq-budaq tanıdığı ağacıydı, ancaq az keçmiş qab qarışıq gəldi yerə.

- Zorla adama iş gördürəndə belə olur da. Dedim, sonra dərərəm. Yox, elə bu saat, bu saat. – Gah qolunu tuturdu, gah üst-başına baxırdı.

- Nədi, tasa-pasan çıxdı?

- Qoyursan ki…

- Hoqqabazsan. Öz bildiyini eləmək üçün hər oyundan çıxırsan. Mən sənnən də tərsəm. İndi ağzın var ordan tərpən. Əncir başına dəysin, dur elə orda, heç nə lazım deyil.

- Durmayacam.

- Mən sözümü dedim. Ağzın var, durma.

- Durmayacam.

- Bax da, bax.

Uşaq ayağını sürüyə-sürüyə durduğu yerdən aralanır. Bir gözü də babasındadı ki, görsün nə eləyir. Çəliyin çatmayacağı məsafədən fırlanıb, götürülür çölə.

- Tfu, - hirsindən qaba bir təpik ilişdirir. “Böyüyü sayırmı ki, kiçiyi də saya”, - bunu bərkdən deyir. Neyləyəsən, nə asılacaqları var ondan. Qazanmır, gətirmir, götürmür. Belə olacaq da. İndi gedə maşının altına düşə.

Ya yıxılıb qolunu-qıçını sındıra. Görə böyük sözünə baxmamaq necə olur. Gözündən gildir-gildir tökə, deyə qələt eləmişəm, qanmamışam, başa düşməmişəm. Guya bunun pisliyini istəyirlər. Küçədi, yoldu, maşının biri gəlir, biri gedir.

Günün altı, asfalt. Nə ölürsən, otur həyətində, kölgədə, dincəl. Oynamağın da təhəri var. Qoy indi canı çıxsın. Nə olsa, haqq olacaq.

Ona nə, vaxtında sözünü dedi. Bir şey olsa, heç vecinə də gəlməz, “uf” da deməz.

Çığırtısı hələ küçədən eşidilirdi. Elə bil ətini kəsirdilər.

Ancaq heç nə yoxuydu, heç nə olmamışdı. Gəlin darta-darta gətirirdi. İntəhası, belə dartmağın, belə sürüyə-sürüyə gətirməyin axırı döyülmək olasıydı.

Eləcə çəkib evə saldı, qapını da örtdü ki, qışqırığı eşidilməsin. Di gəl eşidilirdi.

Uşağın səsini eşitməmək üçün həyətdən uzaqlaşıb, bağın başına getdi. Bir az orda dayandı. Sonra həyətə qayıtdı. Uşağın hələ də qışqırtısı gəlirdi.

- Nə olub orda, o nə səsdi? – Gözlədi görsün, səs kəsirmi. – Karsınızmı, siznən deyiləmmi, nə olub orda?

Uşaq evdən yel kimi çıxdı. Anasının dalınca gəlmədiyini görüb, içini çəkə-çəkə pilləkənin ayağında dayandı.

- Elə bil faşistdilər. Belə də uşaq döyərlər. – Talvarın altında oturub, ordan uşağa göz qoydu. – Bura gəl görüm.

Uşaq köntöy-köntöy baxdı, ancaq gəlib qarşısında dayandı.

- Otur. – Uşağın bayaqkı hirsi-hikkəsi, şeşələnməsi, indi isə içini çəkə-çəkə böyründə sıpıxıb oturması onun dodağını qaçırtdı. – Bəs sözə baxmayanda belə olur da, adamı belə döyürlər.

Himə bəndmiş kimi uşaq təzədən hönkürdü.

- Di yaxşı, yaxşı, sakit ol. – Başını sinəsinə sıxdı. – Gör heç mən səni döyürəmmi. Mən səni çox istəyirəm. Hamıdan çox istəyirəm.

Pencəyinin cibindən pul çıxarıb, ehmalca uşağın cibinə basır.

- Sən də məni çox istəyirsən?

Başı ilə “hə” dedi.

- Onda babanı öp görüm.

Uşaq onun üzündən öpür.

- Di get oyna. Babanın da sözünə qulaq as.

Uşaq heç nə olmamış kimi götürülüb həyətdən çıxır.

Çənəsini çəliyə söykəyib bir xeyli nəyəsə gülümsəyir. Sonra, deyəsən, mürgü aparmışdı. Bir an keçmişdi, bir saat keçmişdi – bilmirdi. Əlini sifətinə çəkdi. Üz-gözü tərləmişdi.

- Ay uşaq…

Hasarların üstündən, ağacların arasından bir meh keçib onu tapdı, üz-gözünü sığalladı. Hər şey tanışıydı, bu meh də, bu sərinlik də, yarpaqların halsız titrəyişi də. Heç nə dəyişməmişdi, vur-tut ömür keçib getmişdi.

- Ay uşaq…

"Mediaforum"
XS
SM
MD
LG