Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Əbdürrəhim bəy Haqverdiyev “Mütrüb dəftəri” (Hekayə)


“Qasım əmi, dur qapını cəftələ;
Qorxuram adın yazıla dəftərə”.


Qasım əmi kənddə birinci şəxs idi.

Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur.

O səbəbə möhrünü və zəncirini alıblar.

O da öz haqqında bu zülmü görüb, acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb.

İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır.

O kağızları alanlar onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədən-filandan yazırlar... Mətləbdən uzaq düşdük.

Bəli, Qasım əminin kənddə artıq ehtiramı var.

Ondan məsləhətsiz kənddə heç bir iş görülməz.

Bu dəfə kənd camaatı Qasım əmini əhatə etmişdilər.

Bildim ki, bir mühüm məsələ müzakirə olunur.

Yaxına gəldim; gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir:

“Camaat! Biz indiyədək dövlətin heç bir əmrindən boyun qaçırtmamışıq: qızıl pulu, tüstü pulu, dinmə-ver pulu... hamısını öz vaxtında vermişik; biyara buyurublar, getmişik...

Amma indi bir dəftər gətirib veriblər mollaya.

Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın.

Dəftərin də adına “mütrüb” dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi?

Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın!

Canım rusun biri niyə mənim arvadımın adını bilsin?

Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik.

Buna araba ilə dovşan tutan rus deyirlər.

Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq.

Biz, dübarə deyirəm, mütrüb dəftərini qəbul eləməyəcəyik!”

Mən qabağa yeriyib dedim:

- Qasım əmi! Bu qayda hər dövlətdə var, uşaqların adlarını metrik dəftərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun.

Elə bil Qasım əmiyə bir güllə dəydi; ayağa qalxıb hirslə əlini döşünə çırpıb dedi:

- Mən özüm mütrüb dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiz, məndən soruşun!

Bax bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub.

Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub.

Bu uşaq pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub.

Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub.

Daha kimi soruşursunuz deyim. Mütrüb dəftəri niyə lazımdır?

- Qasım əmi! Sən özün hansı ildə anadan olmuşsan?

- Xaşal Qurbanı sel aparan ili.
XS
SM
MD
LG