Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:48

Piter Semnebi: «Mən spekulyasiya etmək istəmirəm»


İyunun 29-da Bakıya rəsmi səfərə gələn Avropa Birliyinin Cənubi Qafqaz üzrə məruzəçisi Piter Semnebi deyir ki, səfərinin əsas məqsədi parlament seçkiləri, Azərbaycan-Avropa Birliyi münasibətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsiylə bağlı müzakirələr aparmaqdır.

Piter Semnebi iyulun 1-də keçirdiyi brifinqdə jurnalistlərin suallarına cavabında bildirib ki, o, rəsmilərlə seçkiqabağı mühitin ədalətli olması, məsələn, elektron KİV-ə çıxış imkanlarının yaradılması, aksiyaların keçirilməsi, namizədlərin qeydiyyat məsələsini müzakirə edib.

- Bəs jurnalist Eynulla Fətullayevlə, bloqçular Adnan Hacızadə və Emin Milliylə bağlı müzakirələr apardızmı? Avropa Məhkəməsinin Fətullayevi dərhal azadlığa buraxılması qərarının yerinə yetirilməməsi səbəbini soruşdunuzmu?

- Bu məsələləri müzakirə etdik, əlbəttə, konstruktiv söhbət oldu.

ADNAN HACIZADƏ İLƏ ONUN SAXLANDIĞI YERDƏ GÖRÜŞDÜK

- Nəticə…

- Gözləyirik. Bu gün səhər Adnan Hacızadə ilə onun saxlandığı yerdə görüşdük. Yeri gəlmişkən, bu görüşün alınmasına yardım göstərən hökumət nümayəndələrinə təşəkkür edirəm.

- Pozitiv nəticə gözləyirsizmi?

- Mən spekulyasiya etmək istəmirəm, bu, nə vaxt olacaq, nə olacaq.

- Avropa Şurasının məruzəçisi Tomas Hammarberqin insan haqları və demokratiya hesabatı açıqlanıb. O cümlədən, «Freedom House» təşkilatı Azərbaycanın demokratiya və insan haqları sahəsində gerilədiyini açıqlayıb. Azərbaycan «Şərq Tərəfdaşlığı» proqramına qoşulanda bu prinsiplər üzrə öhdəlik götürmüşdü. Necə qiymətləndirirsiz vəziyyəti?

- Firkirləşirəm ki, bu suala cavab seçkinin necə keçirilməsindən asılı olacaq. Bu kimi sualları biz müzakirə elədik. Mən indi qiymət vermək istəmirəm, tezliklə, demokratiya sahəsində irəli addım atılıb-atılmadığını göstərən tədbir olacaq. Parlament seçkisini nəzərdə tuturam. Bu seçki Avropa Birliyi ilə münasibətlərdə vacib rol oynayacaq.

- Siz dediniz ki, seçki vacib rol oynayacaq. Ancaq hələ də sərbəst toplaşma azadlığı problemi qalır, seçki kampaniyasının müddəti azaldıldı.

- Səfərdə olduğum müddətdə siyasi partiyaların bir yerə yığışması, aksiyalar keçirməsi məsələsini görüşdüyüm rəsmilərlə müzakirə eləmişəm.

- Nəticəsi…

MİTİNQ İSTƏNİLƏN SEÇKİNİN ƏSAS HİSSƏSİDİR

- Çətindir demək. Nəticəni vaxt göstərəcək. Bu ciddi məsələdi. Çünki mitinq istənilən seçkinin əsas hissəsidir və ümumiyyətlə, siyasi qüvvələr hər zaman vətəndaşlara bilavasitə müraciət etmək imkanlarına malik olmalıdır.

- Avropa Birliyinin Azərbaycanın demokratiya sahəsində irəliləməsi üçün ona qarşı təsir rıçaqları varmı, yoxsa enerji məsələləri sizi bu sahədə daha yumşaq davranmağa yönləndirir?

- Mən təsir rıçaqlarını xüsusi vurğulamaq istəmirəm. Bu suallara özlüyündə prinsipcə ayrıca baxılmalıdır. Çünki çox əhəmiyyətli suallardı. Onlar çox mühüm demokratik prinsiplərlə bağlıdır. Bizim də tövsiyəmiz budur.

- AzadlıqRadiosu belə bir məlumat əldə etmişdi ki, Avropa Birliyinin xarici siyasət idarəsində bəzi regionlar, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəliklərin ləğvi təklif olunub. Bu barədə nə deyə bilərsiz?

- Xüsusi nümayəndəlik strukturunun yeniləşməsiylə bağlı müzakirə aparılır, amma hələ ki, qərar yoxdur. Ona görə də bunu şərh etmək istəmirəm.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə Avropa Birliyinin töhfəsinə toxunan Piter Semnebinin fikrincə, Birlik nə vaxtsa regional münaqişələrin nizamlanmasında aktiv rol oynaya bilər:

BİZDƏN GÖZLƏNTİLƏR ÇOX OLACAQ

- Amma Avropa Birliyi ATƏT-in Minsk Qrupunu əvəzləyə bilməz, bu instituta yalnız dəstək verə bilər. Hesab edirəm ki, hər iki tərəfdə qarşılıqlı inam yaratmaq üçün işlər görmək lazımdır, bəlkə bu məsələdə bizim faydamız oldu. Nizamlanmaya yaxınlaşanda isə bizdən gözləntilər çox olacaq və biz də onları araşdıracağıq.

Semnebi Ermənistan və Azərbaycan prezidentlərinin Cankt-Peterburq görüşünə toxunaraq, tərəflər arasında əlaqələrin yüksək səviyyədə bərpasını ümidverici adlandırıb. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Kanadada verdikləri bəyanat da danışıqlar prosesinə təkan verə bilər.

Cənab Semnebi Azərbaycan-Ermənistan arasında son vaxtlar baş verən döyüşlərdə öldürülən Azərbaycan hərbçisinin meyidinin verilməməsiylə bağlı sualın cavabında bildirdi ki, bu məsələylə Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur. Amma bu təşkilatın məşğul olmadığı məsələlərlə onlar maraqlana bilərlər.

Piter Semnebi onu da bildirdi ki, Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması ilə bağlı danışıqların birinci raundu bu ayın ortasında Bakıda keçiriləcək. Onun fikrincə, bu sənəd Azərbaycanla siyasi, iqtisadi, sosial sahələrdə müxtəlif yaxınlaşmalara səbəb olacaq.
XS
SM
MD
LG