Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:58

Sel bölgəsinin sakini: «İnsanlar acdır, içməli su tapılmır»


Rəsmilər dəfələrlə suyun çəkilməsi üçün kəndlərə motorların gətirilməsi vədini versələr də, hələ ki ortalıqda bir iş yoxdur
Rəsmilər dəfələrlə suyun çəkilməsi üçün kəndlərə motorların gətirilməsi vədini versələr də, hələ ki ortalıqda bir iş yoxdur
«İnsanlar acdır, yeməkləri yoxdur, kompensasiya yoxdur. Kənddə hətta içməli su da tapılmır. İnsanlar məhv olur. 70 gün ərzində cəmi 2 dəfə hər adama yarım kilo un və peçenye veriblər. Soğan-kartof da veriblər, o da çürük olub. Başqa heç nə verilməyib. Vəziyyət çox gərgindir».

Kürün daşıb ətraf kəndləri su altında qoymasından təxminən iki ay vaxt keçir, amma Sabirabadın Mürsəlli kənd sakini Fərəc Kərimlinin dili ilə desək, sakinlərin əzabları günü-gündən artır.

Fərəc Kərimli deyir ki, indi Sabirabadın ziyan çəkmiş əksər kəndlərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində də görülən işlər demək olar ki, dayandırılıb. Heç gəlib sakinlərə baş çəkən də yoxdur.

Sabirabadın hələ də su altında olan Qasımbəyli kənd sakini Fətulla Fətullayev də deyir ki, rəsmilər dəfələrlə suyun çəkilməsi üçün kəndlərə motorların gətirilməsi vədini versələr də, hələ ki ortalıqda bir iş yoxdur. İndi Qasımbəyli ilə yanaşı bir neçə kəndin əhalisi məktəb, bağça binalarına sığınıblar, bir qarnı ac, bir qarnı tox gün keçirirlər.

Fətulla Fətullayev deyir ki, fəlakət baş verən gündən bu yana cəmi 3 dəfə ərzaq yardımı alıblar, bəziləri heç istifadəyə də yararlı olmayıb. Kompensasiya məsələsinə gəlincə isə nəinki əməl edən, heç qəti bir söz deyən də yoxdur.

«İndi gəlib-gedən, maraqlanan yoxdur»
«Qəti heç nə deyilmir. Bir tərəfdən deyirlər ki, dəyən ziyan üçün gedib evləri yoxlamayacağıq, hamıya bərabər miqdarda kompensasiya verəcəyik. Əgər bərabər miqdarda veriləcəksə, onda nəyə görə gözləyirlər ki, su çəkilsin gedib kəndlərə baxsınlar. Buna ehtiyac qalmır axı. Bunu da yubadırlar».

RƏSMİLƏR YOXA ÇIXIB?

Qasımbəyli kənd sakinləri də daxil olmaqla bir neçə kəndin əhalisi iyunun 24-də sel sularının təcili axıdılması tələbi ilə etiraz aksiyası keçiriblər – Bakı-Horadiz yolunu da bağlayıblar. Rəsmilər isə onların tələblərinə baxılacağı vədini veriblər. Bundan savayı sakinlər prezidentə də müraciət ünvanlayıblar.

Müraciətdə Qasımbəyli, Axtaşı, Əsgərbəyli kəndlərinin başqa yerə köçürülməsi qərarının ləğv edilməsi, bu kəndlərin sel sularından təmizlənməsi, yardım paylanışına nəzarətin gücləndirilməsi və ərzaq yardımının artırılması istənilib. Amma Fətulla Fətullayev deyir ki, nəinki prezidentə müraciətlərinə bir cavab gəlib, hətta indi rayonda onlarla maraqlanacaq bir rəsmi də gözə dəymir.

«İndi gəlib-gedən, maraqlanan yoxdur. Bu yaxınlarda prezident aparatından kurator gəlmişdi. Onunla da görüşə bilmədik, onu tapa bilmədik. İcra hakimiyyətindən də ancaq biləndə ki, etiraz etmək istəyirik onda gəlirlər. Əgər belə soraq yoxdursa heç gəlmirlər».

Sabirabad Rayon İcra Hakimiyyətindən bizim də zənglərimizə cavab verən tapılmadı. Sakinlər isə artıq bu cür biganəliyə tab gətirə bilmədiklərini, belə gedərsə Bakıya gəlib etiraz aksiyası keçirəcəklərini deyirlər.

«VƏZİYYƏT AĞIRDIR»

Mehman Əliyev
İyulun 3-də Sabirabadda olmuş «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev də deyir ki, sözü gedən bölgədə vəziyyət olduqca ağırdır.

«Təəssüflər olsun ki, heç bir iş görülmür, insanlar çox pis vəziyyətdədir, bərpa işləri aparılmır, yardım kifayət qədər azdır, insanlara çatmır, mən belə başa düşürəm ki, yardım oğurlanır. Çünki söz vermişdilər ki, hər ailəyə 50 kq un veriləcək, amma cəmi 2 kq verilib. Çox acınacaqlı vəziyyətdir, sanki bu ölkədə hökumət yoxdur, sanki bu insanların heç bir rəhbəri yoxdur, qalıblar başdı-başına».

Mehman Əliyev deyir ki, Sabirabadda olduqları müddətdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İlham Əsgərovla görüşə biliblər, o isə iddia edib ki, hökumət zərərçəkənlərin sosial-məişət məsələsinin həlli üçün lazım olan bütün tədbirləri görür, sakinlər müntəzəm olaraq ərzaq və zəruri mallarla təmin olunurlar.

Mehman Əliyevə görə, hazırda zərərçəkmiş bölgələrdə ən təcili görülməli olan işlər insanlara kompensasiyaların verilməsi və uçmuş evlərin bərpasına başlanmasıdır. Bununla yanaşı təhlükəsizlik tədbirləri də gücləndirilməlidir, məsələn, Kürün deltasının təmizlənməsi kimi.

ELƏ VƏD VERİLİR...

Amma rəsmilər isə həm sakinlərin, həm də Mehman Əliyevin dediyinə görə, hələ ki, yalnız vədlər verir. Sabirabad rayon İcra hakimiyyətindən bildiriblər ki, bərpa işlərini həyata keçirmək üçün artıq komissiya yaradılıb və yaxın vaxtlarda iş başlanacaq. Kompensasiyaya gəlincə isə onun nə vaxt, hansı formada və miqdarda veriləcəyi barədə heç bir məlumat verilmir.

Rəsmi məlumata əsasən, Kür-Araz maydan başlayan daşqınlar 34 kəndə ziyan vurub, 70 min insan zərər çəkib, 50 min hektar əkin sahəsi və otlaq sahəni su basıb.
XS
SM
MD
LG