Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:51

«Eynulla içəridə, biz çöldə cəzamızı çəkirik»


Emin Fətullayev
Emin Fətullayev
Haqqında daha bir - üçüncü məhkəmə hökmü çıxarılan jurnalist Eynulla Fətullayevin yaxınları ilə söhbətə, əhvallarını öyrənməyə çalışdıq. Əvvəlcə anası Gülşən xanımla müsahibəyə cəhd etdik. Amma anası bir qədər əvvəl verdiyi qərardan bircə addım da qırağa atmadı. «Mən müsahibə vermirəm» dedi, ardınca da əlavə etdi ki, bu yazılanların bir faydası yoxdur onsuz da…

Jurnalistin atası Emin Fətullayevsə oğlu ilə görüşdəydi. Günün sonunda nəhayət atası Eynulla ilə görüşdən çıxdı.

- Bu gün bir neçə saat Eynulla ilə görüşmüsüz. Necədir vəziyyəti?

- Görüşdüm, lap yaxşıdır. Vəziyyəti, bu məhkəməni müzakirə etdik. Yaxşıdır. İndi… (qısa pauzadan sonra) Necə ola bilər ki?...

- Siz özünüz necə qiymətləndirirsiz bu hökmü?

- Əlbəttə, bu ədalətsiz hökm idi.

«BİZ ÖYRƏNCƏLİYİK»

- Ümidlər vardı ki, oğlunuz Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra azadlığa buraxıla bilər. Və ya mətbuatın 135 illiyi ilə bağlı əfv gözlənir. Bu qərar zəif də olsa yaranmış ümidlərin üstündən xətt çəkir yoxsa?

- Biz artıq öyrəncəliyik. Əvvəlcə ona iki il yarım iş verildi. Sonra iki ay yarım Bayıl təcridxanasında saxlanıldı. Ondan sonra yeni iş açıldı, doqquz ay MTN təcridxanasında saxlanıldı. İki il cəzaçəkmə müəssisində qaldı. Bilirsiz, artıq biz öyrəncəliyik. İstər Eynulla, istər mən. Ona görə şərh də verə bilmirəm. Heç istəmirəm də. Qanunsuz hökmləri ard-arda sıralayırlar. Nə vaxt kəsiləcək bu hökmlər, məlum da deyil. Heç mən…

«EYNULLA İÇƏRİDƏ, BİZ BAYIRDA CƏZAMIZI ÇƏKİRİK»

- Yəni yaxın vaxtlarda azadlığa buraxılmasına ümidiniz qalmayıb?

- Yox, yox, ümidim yoxdur. Heç bir ümidim yoxdur. Saysız-hesabsız məhkəmələr olub. Sayını da itirmişəm. Hər məhkəmədən sonra məndə ümid olurdu ki, nəhayət bu dəfə respublika rəhbərliyi məsələyə bir nöqtə qoyar. Amma…Yəni absurd-absurd məhkəmələr qurulub. Bu da Azərbaycan xalqını, Azərbaycan dövlətini bütün dünyada biabır edir. İndi qaldı ki…Oturmuşuq da. Eynulla içəridə, biz bayırda cəzamızı çəkirik.

- Siz də valideyn kimi cəza çəkirsiz?

- Mən ondan çox əziyyət çəkirəm.

- Sizin cəzanız nədir?

- On bir ildir nə mən, nə anası işləyir. İkimizi də işdən azad elədilər. Eynula idi evi saxlayan. Üç il üç aydır belə yaşayırıq…Bizim dostlar-tanışlar hamısı qaçdı getdi. Elə bil «NKV» dövrüdür. Mənə ancaq xarici təşkilatlar yardım edir. Çətindir, əlbəttə çətindir. Camaatı elə qorxudublar, bizə yaxın duran da yoxdur. Ona görə əlbəttə çox çətindir. Ancaq üç il üç ay dözmüşük, yerdə qalanına da dözərik, Allah qoysa.

- Anası necədir?

- Belə də… Fikir çəkir…Yaxşıdır, demək olar ki, yaxşıdır.

- Onunla danışanda mənə elə gəldi ki, bu məhkəmə hökmü onu daha çox sarsıdıb, ümidləri qırılıb.

- Yox sarsılmayıb. Adətkərdə olmuşuq, buna da dözərik. Anası xəstədir, təzyiqi, şəkəri var. Dözürük də, birtəhər dözürük.

«MƏNƏ TƏƏCCÜBLÜ GÖRÜNDÜ Kİ…»

- Kinorejissor Rüstəm İbrahimbəyov ziyalılar adından dövlət başçısına müraciət edib ki, həbsdəki jurnalist və bloqçuları buraxsınlar.

- Xəbərim var. Mən ziyalıların hamısına, başda Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və Eldar Namazova təşəkkür edirəm. İlyarım qabaq Çingiz Abdullayevin, Kamal Abdullanın yanında oldum ki, kömək etsinlər. Onda Çingiz Abdullayevdən səs çıxmadı. İndi mənə təəccüblüdür ki, ziyalılar birdən-birə belə qərar veriblər.

«BUNDAN DA PİSİ OLA BİLƏRDİ?»

- Gözləntiləriniz nədir yaxın vaxta?

- Eynulla iki il yarımını da çəkib sağ-salamat evə qayıdacaq. Hələlik budur gözlənti…

- Bundan pisinə hazırlamısız özünüzü?

- Bundan da betəri olsun deyirsiz?...(Bu suala gülür əvvəlcə, sonra da ciddiləşir) Daha bundan pis nə ola bilərdi ki?! Amma düz deyirsiz nə desən olar…Jurnalistə üst-üstə on bir il iş kəsiblər. Bizim ölkəmiz belədir də. Başqa ölkəmiz yoxdur ki, çıxıb gedək.

«ATASI KİMİ DALINCA GEDƏCƏM»

- Həmişə demişəm Eynulla düz yoldadır, haqq yoldadır. Nədən çəkindirim mən onu. Nədən çəkindirim? Ona görə…(dərin ah çəkir və bir neçə saniyə sonra əlavə edir) Mən onu dəstəkləyirəm, atası kimi hara getsə dalınca gedəcəm.
XS
SM
MD
LG