Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

«Klintonun Azərbaycana səfərində həddən artıq ehtiyatlılıq hiss olunurdu»


Eldar Namazov
«Hillari Klinton regiona «hazır reseptlə» gəlməmişdi. Hər halda, Bakıda keçirilən danışıqlarda ciddi strateji təşəbbüslər, proqramlar hiss olunmadı. Hətta Klintonun səfərinin ertəsi jurnalist Eynulla Fətullayevə daha 2 il 6 ay həbs cəzası verildi. Bu jurnalist barəsində Dövlət katibi də bir neçə dəfə danışmışdı. Bu səfər hansısa münasibətlərin qurulmasına hazırlıq xarakteri daşıya bilərdi».

Bunu «Qafqaz Qovşağı» verilişində «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyib.

Politoloqun fikrincə, Azərbaycan-ABŞ münasibətlərinin yenidən köklənməsinə ehtiyac var:

«Son illər iki ölkə arasında münasibətlər soyuyurdu. Hər şey insan haqlarından, jurnalistlərin həbsindən başlamışdı. Amerika radiostansiyalarının bağlanması,
Aleksandr İskandaryan
İlham Əliyevin İstanbula Barak Obama ilə görüşə getməməsi, cavabında Amerikanın Azərbaycanı Vaşinqton sammitinə dəvət etməməsi göstərirdi ki, münasibətlərin soyuması artmaqdadır. Kulminasiya nöqtəsi isə Barak Obamanın İlham Əliyevə məktubu oldu. Obama məktubda etiraf edirdi ki, ikitərəfli münasibətlərdə ciddi problemlər var. Bu fon Gürcüstan, Ermənistanda yoxdur... Bu şəraitdə xanım Klintonun Azərbaycana səfərində həddən artıq ehtiyatlılıq hiss olunurdu. Dövlət katibi müxalifətlə və ya vətəndaş cəmiyyəti liderləri ilə görüşmədi, yalnız gənclər təşkilatları ilə görüşdü...».

Verilişə Ermənistandan qoşulan Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan isə bildirib ki, Cənubi Qafqaz uğrunda Amerika və Rusiya arasında rəqabətin getdiyi hiss olunur:

Levan Tsutskiridze
«Hillari Klintonun səfəri bu iki ölkə arasında razılaşmanın olduğunu göstərir. Bu, Dövlət katibinin verdiyi müsahibələrdə də hiss olunurdu».

Gürcüstan Beynəlxalq Əlaqələr Assosiasiyasının rəhbəri Levan Tsutskiridze isə hesab edir ki, ABŞ rəsmisinin səfəri ölkəsi üçün çox mühüm hadisədir:

«Hillari Klintonun insan haqları, demokratiyanın inkişafı, azad seçkilərə diqqəti çox vacibdir. Çünki Gürcüstanın təhlükəsizliyi demokratikləşmədən keçir. Bu mənada səfər vacib idi. Onun qadın təşkilatları, QHT və bəzi müxalifət partiyaları ilə görüşü təsdiq etdi ki, ABŞ Gürcüstanın yalnız bir siyasi qüvvədən asılı olmasını istəmir»…

XS
SM
MD
LG